Şahin Mustafayev Oreşkinlə görüşdü
Sankt-Peterburqda keçirilən XXIII Beynəlxalq İqtisadi Forum çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, İqtisadiyyat naziri Şahin Mustafayev Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin ilə görüşüb.
Rakus.az xəbər verir ki, M.Oreşkin Ş.Mustafayevi Sankt-Peterburqda görməkdən, forumda Azərbaycanın iştirakından məmnunluğunu ifadə edib. O, builki forumun Azərbaycan üçün məhsuldar olacağına əminliyini ifadə edib. Rusiyalı nazir iki ölkə arasında təkcə ticarət sahəsində deyil, digər sahələrdə də birgə layihələrin uğurla reallaşdırıldığını vurğulayıb.
Ş.Mustafayev bildirib ki, Azərbaycanla Rusiya arasında iqtisadi münasibətlər sürətlə inkişaf edir. Keçən il ticarət dövriyyəsində təxminən 19 faiz, bu ilin birinci rübündə isə 23 faiz artım müşahidə olunub. Nazir rusiyalı həmkarı ilə görüşün iki ölkənin həyata keçirdiyi layihələrin daha da təkmilləşdirilməsi baxımında çox önəmli olacağına əminliyini ifadə edib.
Sankt-Peterburq forumunda Azərbaycan geniş tərkibdə təmsil olunduğunu deyən Ş.Mustafayev əlavə edib ki, forum çərçivəsində bir necə müqavilə imzalanıb, müxtəlif istiqamətlərdə əməkdaşlığa dair danışıqlar aparılıb, razılıq əldə edilib. Nazir Leninqrad vilayəti ilə əməkdaşlıq sazişinin imzalanmasının əhəmiyyətini vurğulayıb.