Braziliyada Amerika kubokuna start veriləcək
Şənbə gününə keçən gecə futbol üzrə Amerika kubokuna start veriləcək. 12 komandanın iştirak edəcəyi turnir Braziliya və Boliviya yığmaları arasında matçla başlanacaq. Cənubi Amerikanın bu əsas beynəlxalq turniri iyunun 15-dən iyulun 7-dək Braziliyanın Rio-de Janeyro, San-Paulu, Belu-Orizonti, Portu-Aleqri və Salvador şəhərlərində yerləşən 6 stadionda keçiriləcək.
Rakus.az xəbər verir ki, turnirin ilk oyunu “Morumbi” stadionunda təşkil olunacaq. 77.011 tamaşaçı tutan bu stadion “Marakana”dan (78.838 tamaşaçı tutur) sonra ikinci ən böyük stadiondur. Amerika kuboku matçlarının keçiriləcəyi digər 4 stadion bunlardır: “Arena-Korintians”, “Mineyrao”, “Arena-Qremio” və “Fonte-Nova”.
2015-ci və 2016-cı illərdə keçirilmiş əvvəlki iki turnirdə Çili yığması qalib gəlmişdi. Hər iki finalda bu komandanın rəqibi Argentina yığması olub və hər iki halda Çili yığması penaltilər hesabına qalib gəlib. Argentilıların ikinci məğlubiyyətindən sonra bu komandanın kapitanı Lionel Messi milli komandada karyerasını başa vurduğunu elan edib, lakin 7 həftədən sonra qərarını dəyişib.
Qarşıdakı Amerika kuboku İspaniyanın “Barselona” komandasının kapitanından ötrü yığma ilə birlikdə turnirin qalibi olmaq üçün son imkanlardan biridir. Amerika kuboku dövründə 32 yaşı tamam olacaq hücumçu üçün bu qələbə xüsusilə əhəmiyyətli ola bilər, çünki onun əsas media antaqonisti Kriştianu Ronaldu keçən həftə Portuqaliya yığmasına Millətlər Liqasının mükafatını qazanmaqda kömək edib. Həm də 2016-cı ilin Avropa çempionu olan portuqaliyalı hazırda milli komandanın heyətində qazanılmış titulların sayına görə liderdır.
2016-cı il Amerika kuboku Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) və bu turnirin ilk dəfə keçirilməsinin 100 illiyinə həsr edilmişdi. Həmin kubokda 16 yığma iştirak edirdi, qarşıdakı birincilikdə isə 12 komanda mübarizə aparacaq. O vaxt 10 komanda Cənubi Amerika regionunu, qalan 6 yığma (ABŞ, Meksika, Kosta-Rika, Yamayka, Panama və Haiti komandaları) isə Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələrinin Futbol Konfederasiyasını (KONKAKAF) təmsil edirdi. Budəfəki turnir 1993-cü ildən bəri meksikalıların iştirak etməyəcəyi ilk birincilik olacaq. Qarşıdakı turnirdə Cənubi Amerika yığmalarının rəqibləri 2019-cu il Asiya kubokunun finalçıları – Qətər və Yaponiya komandaları olacaq.
Braziliya yığmasının əsas ulduzu, Fransanın PSJ komandasının hücumçusu Neymar bu turnirdə oynamayacaq. Buna səbəb 27 yaşlı hücumçunun iyunun 5-də Qətər komandasına qarşı yoldaşlıq matçında aldığı zədədir: diz oynaqlarında yaranmış zədə onun meydana çıxmasına imkan verməyəcək. Qeyri-rəsmi məlumata görə, Neymarın müalicəsi təqribən altı həftə davam edəcək. Amerika kubokunda onu İngiltərənin “Çelsi” komandasının hücumçusu Villian əvəz edəcək. Xatırladaq ki, 2013-cü ildə Mahaçqalanın “Anji” komandasında çıxış edən Villian Rusiya çempionatının 17 matçında bir qol vurub və altı səmərəli ötürmə edib.
Bu turnirdə iştirak edəcək daha 5 futbolçu müxtəlif illərdə Rusiya klublarının heyətində oynayıb: braziliyalı müdafiəçi Tiaqo Silva (o, səhhətindəki problemlərlə əlaqədar Moskvanın “Dinamo” komandasının heyətində heç bir oyunda iştirak edə bilməyib), onun venesuelalı həmkarı Con Çanselyor (keçən il “Anji”nin heyətində keçirdiyi 13 matçda cəmi 1 top vurub), perulu Karlos Sambrano (2016/17-ci illə mövsümündə “Rubin” komandasının heyətində 24 görüş keçirib, bu oyunlarda bir səmərəli ötürmə edib), digər perulu Karlos Kueva (2018/19-cu illər mövsümünün birinci yarısında “Krasnodar”ın heyətində 15 matç keçirib və 1 səmərəli ötürmə edib) və argentinalı yarımmüdafiəçi Leandro Paredes (2017-ci ilin ortalarından 2018-ci ilin sonuna qədər “Zenit”in heyətində keçirdiyi 61 matçda 10 qol vurub və 15 səmərəli ötürmə edib).
Hazırda Rusiya Premyer-Liqasında (RPL) oynayan 3 futbolçu Amerika kubokunda iştirak edəcək: “Krasnodar”ın və Ekvador yığmasının kənar müdafiəçisi Kristina Ramires (75 oyun, 6 səmərəli ötürmə), “Zenit”in və Kolumbiya komandasının mərkəz yarımmüdafiəçisi Vilmar Barrios (14 oyun, 1 qol), “Lokomotiv”in və Peru yığmasının hücumçusu Cefferson Farfan (66 görüş, 24 qol və 12 səmərəli ötürmə).
Uruqvay yığması Amerika kuboku turnirində digər komandalardan daha çox qalib gəlib (15 dəfə, sonuncu titul 2011-ci ildə qazanılıb). Cənubi Amerikanın daxili arenada ən uğurlu komandalarının siyahısında ikinci yeri Argentina (14 dəfə, 1993), üçüncü yeri Braziliya yığması tutur (8 dəfə, 2007).
Turnirin bütün tarixi ərzində ən yaxşı bombardir adını argentinalı Norberto Mendes və braziliyalı Zizinyo bölüşdürür. Onların hərəsi 17 qol vurub. Ayrılıqda Amerika kubokunda heç bir futbolçu 9-dan çox qol vura bilməyib. 9 qol vuran 3 nəfər olub – braziliyalı Jair, argentinalı Umberto Maskio və uruqvaylı Xavyer Ambroys.