Qeyri-müəllimlərin də əməkhaqlarında artım olacaq – TN
Ölkədə minimum əməkhaqqının artması ilə əlaqədar məktəblərdə işləyən qeyri-müəllimlərin də maaşlarında artım olacaq.
Rakus.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov bildirib.
Onun sözlərinə görə, məktəblərdə müəllimlərlə yanaşı, 100 minə yaxın müəllim olmayan işçi işləyir:
“Həmin işçilərin də əməkhaqlarında artım olacaq. Ancaq onların hansı həcmdə əməkhaqqı alacağını demək mümkün deyil, çünki hökumət tərəfindən vahid tarif cədvəli təsdiq ediləcək və o, icra üçün göndəriləcək. Bundan sonra konkret şəkildə deyə biləcəyik ki, müəllim işləməyən digər işçilərin əməkhaqları nə qədər artacaq”.
F.Qədirov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin əməkhaqlarının artırılması ilə bağlı son sərəncamlarından əvvəl 18 illik təcrübəsi olan müəllimin 1 stavka dərs yükü, yəni vəzifə maaşı 495 manat idi. Bu artımdan sonra o, 594 manata yüksəlib, yəni təxminən 100 manat həcmində artım baş verib: “Əgər müəllim daha çox dərs deyirsə, onda maaş da buna müvafiq olaraq artır. Biz bilirik ki, müəllimlərin orta aylıq əməkhaqqı 600 manatı ötüb. Ancaq bu, o demək deyil ki, bütün müəllimlər 600 manat əməkhaqqı alır. Bizim sistemdə elə müəllimlər var ki, dərs yükünə, pedaqoji stajına görə 1000 manatdan da yüksək əməkhaqqı alır. Müəyyən qrup müəllimlər isə 900-1000 manat əməkhaqqı alır. Daha böyük olan digər qrup müəllim isə 700-800 və 900 manata yaxın əməkhaqqı alır. Bu, o deməkdir ki, onların vəzifə maaşları 20 faiz həcmində artıb. Hesab edirəm ki, bu artım müəllimlər üçün daha güclü stimuldur”.
F.Qədirov deyib ki, bu artım peşə məktəblərində diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərə də şamil edilib. Ümumilikdə bu sərəncam həm ümumtəhsil, həm də peşə məktəblərində 160 minə yaxın müəllimi əhatə edir.