Sosial 02.07.2019 19:34

Müəllimə gecikmiş vida - FOTO

 

 

24 iyundur. Axşam saat 10-u çoxdan keçib. Əsas iş yerimdən çıxıb həmkarımla üzərində işlədiyimiz müştərək layihənin “verstkasına” gəlmişik. Səhifələyici dizayner təqribən iki saatdır çalışır, mənsə arabir gözlərim xumarlansa da onun işinə nəzarət və bəzən də müdaxilələr edirəm. Həmkarım android telefonunu “cırmaqlayır”. Birdən də kədər dolu səslə deyir:

– Şirməmməd müəllim öldü. Feysbukda paylaşırlar.

Mənim də boğazımdan onunkuna bənzər qəmli nida qopur. Nədənsə onu son dəfə aylar əvvəl evinin yaxınlığındakı parkda gördüyümü xatırlayıram. Arıqlamışdı, düz qarşısına baxıb fikrə getmişdi. Görəsən beynindən nələr gəlib keçirdi: şahidi olduğu təlatümlü çağlarmı, hələ görə bilmədiyi işlərmi? İncidərəm deyə, yaxınlaşıb ustada salam da verməmişdim. Eləcə kənardan ona tamaşa eləyib çıxıb getmişdim. Amma, yox, gərək yaxınlaşıb hal-əhval tutaydım. Bəlkə elədə bu qədər acı təəssüf hissi duymazdım. Doğrudanmı? Əmin deyiləm.

…Ertəsi gün təcili redaksiya tapşırıqları mafarımı alır. Üstəlik də sədri gözləməli, mütləq bu gün imzalanmalı olan məktubu yerinə çatdırmalıydım. Gözləyə-gözləyə, işləyə-işləyə internetdən müəllimimin son mənzilə yola salınmasını da izləyirəm. Budur, ömrü boyu çalışdığı Universitetin baş zalında nəşinin yanında fəxri qarovulda dayananlar bir-birini əvəzləyir. Kimliyindən asılı olmayaraq indi qarovulda duranların hər biri üçün o, ağsaqqal, müəllim olmağı bacarıb.

Sədr müavini mənə yaxınlaşıb qınayır: “Deyirsən, müəllimimdir, amma dəfnə getmirsən, burada oturub işləyirsən”.

Düz sözə nə deyəsən! Lakin çarə yoxdur. Bu saatca əlimdən yalnız onu son mənzilə virtual olaraq uğurlamaqdan başqa heç nə gəlmir. Özümə təskinlik verməyə çalışıram – Şirməmməd müəllim də olsaydı, yəqin ki, belə edərdi. Axı onun həyatı az qala büsbütün işdən-gücdən ibarət idi. Deyirlər, hətta toya-yasa da getmirmiş ki, vaxtını “boşa” xərcləməsin, tədqiqatlarını davam etdirsin, yazılarını yazsın.

Həmkarlar-dostlar da sağ olsunlar, ən çoxu bir saatdan bir məlumatları, şəkilləri yeniləyirlər. Və bu sayədə mənə elə gəlir ki, oradayam. Məzara qoyulan nəşin bir qırağından da özüm tutmuşam. Və bir də mənə elə gəlir ki, indi burada, II Fəxri xiyabanda doğma torpağa gömülən cəsəd İsmayıl bəy Qaspıralının, Həsən bəy Zərdabinin, Üzeyir Hacıbəylinindir. Axı həmin dəqiqələrdə bu sıralı-səliqəli fəxri məzarlığa yeni sakin olan bu mübarək zat da elə o kişilər çapında bir maarifçi-fədai, millət adamı, fikir və əməl babasıdır! Onun haqqında isti-isti deyilənləri xatırlamağa çalışıram. Nədənsə, yüz ilin bu başında söylənənlər yüz ilin o başında Əhməd bəy Ağayevin Həsən bəy Zərdabi, Məmməd Əmin Rəsulzadənin Haşım bəy Vəzirov, Nəriman Nərimanovun Hacı Zeynalabdin Tağıyev dünyasını dəyişərkən dedikləri sözlər qədər dərin və kəskin olmadı. Ancaq bəlkə də bunlar təzəcə söylənildiyi üçün belə görünür. Olsun ki, üstündən illər keçdikcə həmin fikirlər bizə indikindən daha dərin, daha sərrast və daha mükəmməl görünəcək, kim bilir?

…Şirməmməd müəllimin hamısını adbaad tanımayacaq qədər çox tələbəsi vardı. Onlardan biri də qiyabiçi-tələbə və müxbir olan məndim. 90-ların lap əvvəlləriydi. Redaktorumuz onun oğlu ilə dostluğundan istifadə edib qəzetimizə danışmaq üçün razılığını ala bilmişdi deyin, məni Şirməmməd müəllimdən müsahibə almağa yolladı. Sualları bəlirləmişdik və indi onun Mirzağa Əliyev küçəsindəki hazırda izi-tozu belə qalmayan sadə mənzilində oturub gözləyirəm. Nəhayət, gəldi və… müsahibəni diqtə eləməyə başladı. Bu çoxbilmiş şəkili balası cəsarətli qəzeti ilə ad çıxarmış redaktorun onu suallarla divara qısnamaq istədiyini gözəlcə başa düşmüşdü və indi müəllim, ustad səlahiyyətindən istifadə edib sualları da, cavabları da mənə sadəcə olaraq yazdırırdı. Arabir narazı-narazı mızıldanırdımsa da, “yaz, yaz!” deyə hökm edir və beləcə mən ondan “müsahibə” almış olurdum.

“Müsahibə” bitdikdən sonra Şirməmməd müəllim onun sözlərini dəyişə bilməyəcəyimizə işarə edib son “zərbəsini” də vurur.

– Mən televiziyaya şərh aparıram, götürürlər ki, kəssinlər, amma ha əlləşirlər, kəsə bilmirlər, çünki əvvəldən elə yazıram ki, toxuna bilməsinlər.

Borclu qalmaq istəmirəm, “diqtənin” acısını çıxarmaq üçün onu azca da olsa “sancmaq” qərarına gəlirəm:

– Biz belə müsahibə götürmürük, amma eybi yoxdur, Sizə olar. Barı bir sualıma şifahi cavab verin.

– Buyur.

– Adam özünü prezident seçdirmək üçün hər şeyi edir (söhbət respublikanın o vaxtkı rəhbəri Ayaz Mütəllibovdan gedir). Bəs siz niyə münasibət bildirmirsiz?

Cavab şəkivari oldu – bir az məzəli, xeyli də yolaverici:

– Bu qatar artıq yola düşüb, mənim onu dayandırmağa çalışmağım avantüra olar.

Bax belə! Həyatı boyu avantüralara baş qoşmayan fizik-riyaziyyatçı başlı bu jurnalist öz əsas işindən – tariximizin bəhrələnə biləcəyimiz gizli qatlarını aşkara çıxarmaq missiyasından sapmaq, ağrımayan başına dəsmal bağlamaq fikrində deyildi və heç vaxt da olmadı. Axı ömrünün sonlarına yaxın əbəs yerə demirdi ki, “Mən Cümhuriyyətin 100 illiyinə 50 ildir hazırlaşıram”. Bu, həqiqət idi! Dediyi missiya ilə o qədər cani-dildən məşğul olurdu ki, “Bura Şirməmməd müəllimin yeridir”, – deyə onun Axundov kitabxanasındakı masasına heç kəsi yaxın buraxmırdılar – hər an gələ və başdakı yerində kiminsə əyləşdiyini görüb dilxor ola bilər deyə…

Bu gün artıq qocaman insanlar olan tələbələrinin dilində onunla bağlı neçə-neçə lətifə gəzir. Onlardan biri belədir: Bir gün Şirməmməd müəllimi Mərkəzi Komitəyə çağırıb deyirlər: “Sizi fakültədə dekan görmək istəyirik, amma alınmır”.

– Niyə?

– Çünki subaysız, evlənməlisiz…

– Mənə ev verin, elənməyən köpəkoğludur!

Bu yumorlu, eyni zamanda da sərrast cavabın cavabı Mirzağa Əliyev küçəsindəki həmin o mənzil olur. Şirməmməd müəllim burada bir-birindən gözəl və istedadlı övladlar, fakültədə isə bacarıqlı, savadlı tələbələr yetişdirir…

Onun iti zəkasının, mollanəsrəddinvari baməzə müdrikliklə ən çətin vəziyyətlərdən belə qalib çıxa bilmək istedadının parlaq nümunələrindən birini dostu, xalq şairi Bəxtiyar Vahabzadə danışmışdı: “Bir gün onu bizə çağırdım və dedim ki, işlər yaxşı deyil. Çünki yuxarıda məni milli ruhlu şeirlərimə görə millətçilikdə günahlandırır, vəziyyətdən çıxmaq üçün Lenin haqqında poema yazmağımı istəyirlər. Heç bilmirəm nə edim. Şirməmməd müəllim məni sakitləşdirib dedi ki, narahat olma, sabah sənə Leninin əsərlərindən bəzi sitatlar gətirəcəyəm. Sabahısı günü axşam o yenə bizdə idi. Gətirdiyi vərəqlərdə Leninin demokratiya, ədalət, sosializmdə mövcudluğu vacib olan digər müsbət dəyərlərlə bağlı fikirləri yazılmışdı. “Bunlardan istifadə edib Leninlə söhbət şəklində poema yaz və indiki vəziyyətin onun ideyalarına uyğun olmadığını, ədalətsizliyin, rüşvətin, hərki-hərkiliyin necə çoxaldığını göstər. Bu da sənə vəziyyətdən çıxış yolu. Tənqidi bir poema qələmə almaqla bir daşla bir neçə quş vurmuş olacaqsan.” Elə də etdim və maraqlı bir əsər ərsəyə gəldi…”

Bax belə! Şirməmməd Hüseynov sovet hökuməti ilə bütün ömrü boyu bu cür “çilingağac” oynadı və qalib gəldi!

 

“Bayraq əskidir, amma hər əski bayraq deyil.”

 

Şirməmməd Hüseynov bu aforizmini səsləndirəndə məşhur KQB-nin qılıncının qəbzəsi də kəsirdi!

 

“Dünyada iki cür millər var: yaradıcı və müftəxor millətlər. Sən ikincilərdənsən!”

 

Onun hər eyhamdan, tənqidi fikirdən sonra işlətdiyi məşhur “Bildin nə deyirəm?” sualı ilə bitən bu sözləri auditoriyada səslənəndə isə artıq SSRİ-nin “Fatihə”si verilmişdi. O da tələbələrini milləti düz yola yönəltmək, onu qurub-yaratmağa, daha bacarıqlı olmağa sövq eləməyə kökləmək üçün çalışırdı.

Sovet illərində zaman-zaman sözünü desə də istədiklərini yaza bilməmişdi. Odur ki, hətta adına “hərəkat illəri” dediyimiz dönəmdə də çoxluğa qoşulmadı, qüvvəsini öz işinə-gücünə verdi. Buna görə onu qınayanlara da lazım gəldikcə qamçımisal cavablarını verdi. “Yıxıl, adın çıxsın” “fəlsəfəsi” onluq deyildi. Odur ki, kimsəyə uymadan tariximizdə yaşamış öncülləri yaşada-yaşada özü də yaşadı, onlarla yaxınlaşdı, tənləşdi. Heç vaxt da haramla işi olmadı, müəllim maaşı, müəllif qonorarı ilə dolandı, tədqiqatlarını apardı.

 

“Bu sosializm yarışını o qədər genişləndirəcəklər ki, axırda partlayacaq.”

 

Partladı da. Dekanlıqda, bufetdə gündəlik qəzetlərdə gördüyü artıq şiti-şoru çıxmış rubrika-devizə kinayəli münasibəti ifadə edən həmin məzəli-müdrik atmacadakı “partlayışdan” yubanmadan ən çox bəhrələnən də elə Şirməmməd müəllim oldu: arxivlərdəki, kitabxanalardakı çoxdan bəlirlədiyi mənbələri gün üzünə çıxarmaq üçün vaxtını, qüvvəsini, intellektini əsirgəmədən son nəfəsinədək davam edəcək çalışmalara başladı.

O, işə gəlirmiş kimi hər gün dərsdən sonra M.F.Axundov adına Milli kitabxanaya, dövlət arxivlərinə gəlir, buradakı ərəb əlifbasında olan köhnə qəzetləri vərəqləyir, tapdığı məqalələri, maraqlı məlumatları köçürür, kitabxananın qocaman işçisi mərhum Məmmədəli Müsəddiqin köməyi ilə transliterasiya edir, ertəsi günü də yuxarı mərtəbədəki Şərqşünaslıq fakültəsi müəllimlərinin qatqısı ilə buradakı söz və ifadələri dəqiqləşdirir, topladığı xəzinəmisal materialları çapa hazırlayırdı.

O, cümhuriyyət dövrünün mətbuatı, bu qızıl çağın görkəmli xadimlərinin həyatı və mübarizəsi ilə o qədər sıx məşğul olmuşdu ki, özü də o dövrün bir parçası olmuş, sanki cümhuriyyət qurucularının mənəvi səfirinə, varisinə çevrilmişdi. Ətrafdakılar da ona bu cür baxır, belə qəbul edirdilər. Adam başdan-ayağa cümhuriyyət tarixi, onun yaşarı ideyalarının daşıyıcısı, təbliğatçısı və qoruyucusu olmuşdu!

Araşdırdığı qiymətli məxəzlərdə rast gəldiyi örnək-misalları əsl müəllim kimi tələbələri ilə də bölüşür, onların da bu pak ideyaların daşıyıcıları olmalarından ötrü doğru bildiyi pedaqoji-psixoloji üsulları tətbiq edirdi.

 

 

Obyektivlik. O, obyektivliyi məslək səviyyəsinə yüksəltməyi bacarmışdı. Bu yerdə xatırlayıram: Günün birində evinə zəng vurub soruşdum ki, filankəs haqqında material toplamaq, elmi iş yazmaq istəyirəm, məsləhətdirmi? Həmişəki kimi düzənqulu cavabını ləngitmədi:”Toplayırsan topla. Amma bunu bil ki, o filankəs donosbazlığı ilə məşhur imiş. Buna görə də hamının ondan zəhləsi gedirmiş. Hətta bir dəfə müəllimlərin qurultayında kollektiv şəkil çəkilərkən o da gəlib dayanır. Bunu görüb hamı bir-bir kənara çəkilir və yalnız o gedəndən sonra şəkil çəkdirilir. Beləcə, indi hamının bildiyi məşhur foto meydana gəlir, ancaq onsuz…”

Məsələ məlum idi. Material toplamaq fikrindən vaz keçdim, elmi iş yazmaq arzumu da indilik beynimin bir köşəsində gömdüm.

Məqamında doğru bildiyini demək! Hələ gəncliyində, Moskvada aspiranturanı bitirib Bakıya döndüyü çağlarda elə həmin Moskvadan gəlib cümhuriyyət xadimlərinin federasiya, muxtariyyət arzularını “saf-çürük” edənlərin qarşısına cəsarətlə çıxıb azərbaycanca danışmağa başlayanda hamı təəccüblənmişdi: “Bu adam Moskvada aspirantura bitirib, amma bizim qarşımızda öz dilində danışır, görəsən niyə?” Onun dedikləri tərcümə olunanda hər şey aydınlaşmışdı: O dövr üçün bunca qorxulu sualları səsləndirən adam mütləq öz dilində danışacaq qədər milli və vətənpərvər olmalı idi! Onun ildırım kimi çaxan sualları isə bunlar idi: “Niyə biz cümhuriyyət xadimlərinin Azərbaycanın müstəqilliyi haqqında düşünə biləcəklərini nəzərə almırıq. Onlar öz vətənlərini müstəqil görməyi arzulaya bilməzdilərmi?”

…Çalışmaq və yenə çalışmaq. Bu fədakar insanın bütün həyatı çalışmalardan, işdən-gücdən, xalqa-insanlara xidmətdən ibarət oldu. Nə hansısa təntənələrdə əyləndi, nə də bədxahlarına çox vaxt ayırdı. Qısa, lakin uzun zaman göynədən cavabını verib də yenə getdi öz mübarək işinə-gücünə. Nəticəsi isə indi və həmişə xalqımızın tarixi yaddaşının qızıl fondunda layiqli yerini tutacaq ziqiymət kitablar oldu.

Yeriniz behişt, əməlləriniz diri olsun, ustad!

Şövkət Səlimov Budad

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO