Ən yaşlı və gənc hakimlərimiz onlardı – SİYAHI
Azərbaycanın ən yaşlı və gənc hakimləri müəyyənləşib.
Rakus.az xəbər verir ki, Ali Məhkəmədə işləyən Əli Rüstəmov Azərbaycan məhkəmələrinin ən yaşlı hakimidir.
1949-cü il təvəllüdlü Ə.Rüstəmov hakimlik fəaliyyətinə 1981-ci ildə Salyan Rayon Məhkəməsində başlayıb. Daha sonra o, həmin məhkəmənin (1982-1987) sədri, 1987-2000-ci illərdə isə Ali Məhkəmənin üzvü olub.
70 yaşlı Ə.Rüstəmov 2000-ci ildən Ali Məhkəmənin mülki kollegiyasının hakimi kimi fəaliyyət göstərir.
Ə.Rüstəmovdan sonra Azərbaycan məhkəmələrinin ən yaşlı hakimlərinin 69 yaşı var. Onlar 1950-ci il təvəllüdlü – Etibar Nəbiyev (Bakı Apellyasiya Məhkəməsi), Səriyyə Seyidova (Bakı Apellyasiya Məhkəməsi), Ramella Allahverdiyeva (Bakı Ağır Cinayətlər Məhkəməsi) və Gülzar Rzayevadır (Ali Məhkəmə).
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliövsət Abasovun 68 və Sabunçu Rayon Məhkəməsinin sədri İlqar Abbasovla Ali Məhkəmənin hakimi Şəlalə Məmmədovanın isə 67 yaşı var.
Ümumiyyətlə, Azərbaycanda 65 yaşa qədər olan 26 hakim fəaliyyət göstərir.
Bu hakimlərin əksəriyyəti yuxarı instansiya məhkəmələrində hakim vəzifəsində çalışır.
Xatırladaq ki, Azərbaycan məhkəmələrinin ən gənc hakimi 31 yaşında hakim adını qazanıb. Gənc hakimlərinin hamısı birinci instansiya məhkəmələrində fəaliyyət göstərirlər. Azərbaycanda 35 yaşa qədər olan 59 hakim fəaliyyət göstərir. (E-huquq.az)