Milli mətbəxə hörmət qoyulmur – Tahir Əmiraslanov
“Əhalinin 90 faizi müsəlman olan ölkəmizdə halal restoranların olmaması mənfi haldır”
Rakus.az Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) prezidenti Tahir Əmiraslanovun müsahibəsini təqdim edir.
– Tahir bəy, bu günlərdə Bakıda möhtəşəm Dünya İslam Kulinariya Konqresi keçirildi. Konqres çərçivəsində çempionatlar, yarışmalar da baş tutdu. Nəticələr barədə qısa məlumat verərdiniz.
– Ümumiyyətlə, ölkəmizdə bu cür tədbirlərin keçirilməsi həm mühümdür, həm də əhəmiyyətli. Bu konqresə gəldikdə, tədbirin gələcək perspektivləri çox böyükdür. Konqresi Bakıda keçirməyimizdə əsas məqsəd o idi ki, Dünya İslam Kulinariya Birliyinin ofisini daimi olaraq Azərbaycana köçürək. Tədbirdə 25 ölkə iştirak etdi. Konqres çərçivəsində “Halal qida sərgisi”, “Qənnadçıların İslam mətbəxi” yarışları, yüksək kateqoriyalı münsif kursları da keçirildi. Həmçinin bütün bunlarla paralel Tovuz mətbəxi də təqdim olundu. Beləliklə, konqres başa çatdı və biz bundan sonra görüləcək işlərlə məşğuluq.
– Qeyd etmişdiniz ki, hotellər “Azərbaycanda səhər yeməyi” sinfində yarışacaq. Bu yarışın nəticəsi necə oldu?
– Dünyanın inkişaf etmiş ölkələrində lokal və kontinental səhər yeməyi süfrələri verilir. Amma Azərbaycanda bu brend ola-ola hotellərinin çoxunda səhər yeməyi verilmir. Halbuki bir neçə il bundan əvvəl Mədəniyyət Nazirliyi ilə birlikdə “Azərbaycanda səhər yeməyi” brendini yaratdıq. Lakin bu günə qədər bunun tətbiq olunmasına rast gəlməmişik. Bunun üçün bütün hotellərə məktub göndərərək, bu yarışa dəvət etdik. Amma heç bir hotel yarışda iştirak etmədi. Çünki səhər Azərbaycan yeməyi verilmir. Bununla da öz millətinə, mətbəxinə hörmət qoymurlar. Niyə səhər yeməyimizi təbliğ etmirik?
Ümumiyyətlə, keçirilən yarışlar hər kəsin üzünə açıq idi. Gənclər daha az pul ödəyərək yarışa qatılmışdılar. Hətta imkanı olmayan gənclərə şərait yaratdıq ki, onlar da pulsuz olaraq bu imkandan istifadə edə bilsinlər. Bəzən deyirlər ki, gənclərə imkan yaratmırıq və yaxud qarşısını kəsirik. Amma qeyd etdiyim kimi, biz bu şəraiti yaratdıq, lakin yararlanmaq istəyən az oldu.
– “Halal Star”ın Azərbaycandan başladığını açıqladınIz. Nədir “Halal Star”?
– Bununla biz Azərbaycanda halal hərəkatına start verdik. Bildiyiniz kimi, son illər İslam ölkələrindən Azərbaycana çoxsaylı turistlər axın etdi. Lakin artıq onların sayının azaldığını hiss edirik. Buna səbəb olan amillərdən biri də restorana ailəvi gələn turistlərin burada halal yemək tapa bilməməsidir. Halal mətbəx yoxdur. Məsələn, baxırlar ki, Azərbaycanda günorta şərab satan restoranlar axşam iftar verir. Təbii ki, bu da inanclı insanları bir qədər uzaq salır. Əhalinin 90 faizdən çoxunun müsəlman olduğu ölkədə halal restoranların olmaması mənfi göstəricidir. Əlbəttə, bunu başa düşmək olar ki, şərab satılmayan restoranların gəliri çox aşağıdır. Buna görə də fikirləşirik ki, bu hərəkatı yaradandan sonra müvafiq dövlət orqanlarına müraciət edək və bu restoranlara dəstək verilsin. Bu restoranların bir müddət vergidən azad olunması o deməkdir ki, turistlərin sayı artacaq və bu, kompensasiya olunacaq.
Onu da qeyd edim ki, konqres çərçivəsində özünə güvənən şadlıq saraylarını bəy-gəlin və qonaq süfrəsi yarışına dəvət etdik. Bəziləri bu yarışda iştirak etdi. Restoranların bir çoxu bizi dəvət etdilər ki, qonaqlarla birlikdə onların mətbəxi ilə tanış olaq. Təbii ki, biz onların içərisindən ən yaxşılarını seçdik və qonaqlarla birlikdə gedib, təqdim etdikləri yeməklərlə tanış olduq. Biz Azərbaycan milli mətbəxini dünyaya təbliğ etməliyik.
– Qonaqlara xüsusi olaraq yay mövsümündə bişirilən, ya ümumi olaraq milli mətbəx yeməkləri təqdim olundu?
– Bizim mətbəximiz çox gözəldir. Ona görə də yeməklərimizi hər fəsildə yemək olar. Qonaqlara da mətbəximizin ən gözəl təamlarını təqdim etdik.
Xalidə GƏRAY,
“Yeni Müsavat”