Qurban bayramında bu problem olmayacaq
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramında çadır tipli heyvan kəsimi məntəqələri istifadəyə verəcək.
Rakus.az xəbər verir ki, Agentliyin məlumatına əsasən, Qurban bayramı günlərində heyvanların kəsimi və satışı adi günlərlə müqayisədə kütləvi şəkildə həyata keçirilir:
“Bu proses bəzi hallarda kəsim üçün nəzərdə tutulan yerlərdən kənarda baş verir ki, bu da təhlükəli xəstəliklərin qarşısının alınmasına, qanunvericiliklə müəyyən edilmiş qaydada ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizasının aparılmasına, eyni zamanda, nəqliyyatın və əhalinin rahat hərəkətinə maneələr yaradır”.
Bütün bunları nəzərə alaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bayram günlərində ölkə ərazisində qurbanlıq heyvanların kəsiminin baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadır tipli heyvan kəsimi məntəqələrində aparılması həyata keçiriləcək.
Bu məqsədlə bayram günlərində 44 stasionar heyvan kəsimi məntəqəsi və 30 çadır tipli kəsim yeri lazımi avadanlıqlarla təmin edilərək vətəndaşların ixtiyarına veriləcək.
Xatırladaq ki, avqustun 12-13-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq.