Əfqanıstan sindromu: “Amerikaya ölüm, Trampa ölüm” sədaları yüksəlir – TƏHLİL - FOTO
Əfqanıstanda prezidentliyə aparıcı namizədlərdən biri ABŞ Prezidenti Donald Trampı Amerikanın qüdrətini “məzlum” əfqanlar deyil, Rusiya qarşısında sınamağa çağırıb.
Rakus.az xəbər verir ki, siyasi fiqurlar və ictimaiyyət D.Trampın, əgər icra olunarsa, 10 gün ərzində Əfqanıstanda müharibəni uda biləcəyi haqda bəyanatına qəzəbli reaksiya verməkdə davam edirlər.
Tramp Ağ evdə müxbirlərə demişdi ki, 10 günün içərisində 10 milyon adamın məhv olması və Əfqanıstanın “yer üzündən silinməsi” bahasına müharibəni udmaq olar, lakin o, bu yolu getmək istəmir.
Sabiq səhra komandiri və prezidentliyə ümidli Gülbəddin Hikmətyar Kabildə minlərlə tərəfdarı qarşısında söylədiyi nitqdə Trampın dediklərini tənqid edib.
Təqribən 10 minə yaxın adam “Amerikaya ölüm, Trampa ölüm” şüarları səsləndiriblər.
“Biz cənab Trampdan xahiş edirik ki, əgər sənin cəsarətin və gücün varsa, və öz hərbi qüdrətinə inanırsansa, onda onu Putinə qarşı sına, məzlum əfqanlara qarşı yox,” – G.Hikmətyar bildirib.
O, Vladimir Putinin Amerika seçkilərinə müdaxilə edərək Trampa prezident olmaqda yardımçı olduğunu eyham vurub.
O, habelə Prezident Əşrəf Qani hökumətini Trampın bəyanatını pisləmək əvəzinə Vaşinqtondan aydınlaşma istədiyinə görə tənqid edib.
Hikmətyar və onun tərəfdarları iki il öncəyədək “Taliban”la çiyin-çiyinə ABŞ və NATO qüvvələrinə qarşı vuruşublar.
Sonradan o, ABŞ-ın dəstəklədiyi əfqan hökuməti ilə barışıq imzalayıb.