İlin sonunadək birgə yük vaqonları istehsal edəcəyik – Nazir
“Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttində istifadə ediləcək yük vaqonları ilə bağlı Azərbaycanda istehsal müəssisəsinin yaradılması planlaşdırılır. Yük vaqonları istehsal olunacaq müəssisənin avadanlıqları Türkiyə tərəfdən təmin olunacaq”.
Rakus.az xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan deyib.
Nazir bildirib ki, hazırda bu istiqamətdə müvafiq işlər aparılır: “Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin tabeliyində olan “Türkiye Demiryolu Makinaları Sanayi A.Ş.”nin (TÜDEMSAŞ) istehsalı olan 150 ədəd yeni və milli yük vaqonu BTQ-nin yükdaşımalarında istifadə olunur. Xüsusilə Türkiyə-Azərbaycan arasında istifadə oluna biləcək vaqonların TÜDEMSAŞ tərəfindən istehsalı məqsədilə işlərə başlanıb. Buna görə azərbaycanlı həmkarlarımızdan bir ədəd EA (tökmə yüklərdə istifadə olunan, yandan və üstdən yüklənən, kənarları yüksək, üstüaçıq vaqonlar – red.) tipli vaqon alınaraq Türkiyəyə gətirilib və TÜDEMSAŞ tərəfindən yeni vaqon layihələndirilib. İlin sonundək iki ədəd yeni sınaq vaqonlar istehsal ediləcək”.