Mən Yandım, Sən Tükəndin – Sərdar Əliyev
Bu müdrik bir deyimdir: Şair bir misrasından belə tanınmalıdır. Bu fikri şair Sərdar Əliyevin yeni çapdan çıxmış “Mən Yandım, Sən Tükəndin” kitabını vərəqləməyə başlayarkən bir daha hiss etdim.
Əcəlimlə görüşməyə
Ümidlər yubatdı məni…
Son dərəcə lokanik, fəlsəfi və poetik deyilən bu fikir şairin mənəvi dünyasının zənginliyinin əyani göstəricisidir.
Kitabda şeirləri, bayatıları, qəzəlləri, hikmətli sətirləri və qısa misraları, müdrik sözləri və deyimləri, esseləri, duaları, ədəbi düşüncələri və nəsihətləri toplanan şair yaşamaq fəlsəfəsinin düsturunu açıqlayır. Oxucularına yol göstərir, nəsihət verir, öyrədir, başa salır, dərddən-kədərdən uzaqlaşmağın yollarını açıqlayır:
Çəkmə bu dünyada qəm, qüssə, fikir,
Əlindən yerə sal, onları itir.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab müdrik sözlərlə və hikmətli sətirlərlə zəngindir. Onu oxumaq, öyrənmək, mənimsəmək, dərk etmək hər bir vətən övladının müqəddəs borcu olmalıdır. Çünki yaşamağın yollarını açıqlayan fikirlərlə zəngin olan kitab mənəviyyat boğcamızı xatırladır.
Şairin özü isə kitab haqqında belə yazıb:
” Əzizlərim! Anamın ruhu xatirinə ərsəyə gəldi bu kitab. Qəlbimin qapılarını sizlərin üstünə açdım. Məndən nişanə qala biləcək düşüncələrimi, duyğularımı, ruhumu vəsf edən sözlər yaşayır bu kitabda.
Yazılarımdakı qəmli, kədərli notlara görə məni qınağa çəkməyin. Məgər həyat gecənin, gündüzün, məhəbbətin, nifrətin, sevincin, kədərin, olumun, ölümün ahəngindən ibarət deyilmi?..
Nə vaxtsa, məni xatırlamaq istəsəniz açın, bir sətir də olsa oxuyun bu kitabdan…”
PS: Kitab haqında daha geniş və dolğun məlumatla yaxın günlərdə tanış ola biləcəksiniz.