Müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti mərhələsi başlanır
Müəllimlərin işə qəbulu müsabiqəsinin vakant yerlərin seçilməsi mərhələsi avqustun 7-də başlanacaq.
Rakus.az xəbər verir ki, bu mərhələdə minimum keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.
Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə ümum təhsil müəssisələrində ilkin olaraq təxminən 7000 vakant iş yerinin çıxarılması planlaşdırılır.
Müsabiqənin test imtahanı mərhələsində minimum keçid balını toplayan şəxslər vakant yerlərin seçimi mərhələsində iştirak edə bilərlər.
Xatırladaq ki, iyulun 8-dən 24-dək müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində 41 min 288 namizəd iştirak edib. Bu mərhələnin ilkin nəticələrinə əsasən, imtahanda iştirak etmiş namizədlərdən 18 min 881-i (46 faiz) uğur qazanaraq müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıb.
Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir.