Qəbələyə Qahirədən 63 turist gəldi - FOTO
Misirli turistlərin ölkəmizə gəlişini daha da asanlaşdırmaq məqsədi ilə “Zakher Travel” turizm şirkəti tərəfindən bu ilin avqustundan etibarən Misir Ərəb Respublikasının paytaxtı Qahirədən Qəbələ və Bakı istiqamətlərində birbaşa çarter reyslərinin həyata keçirilməsinə başlanılıb.
Rakus.az xəbər verir ki, ilk çarter reysi avqustun 7-də Qəbələ Beynəlxalq Hava Limanına reallaşıb. Təyyarədən enən 63 misirli turisti şirkətin nümayəndələri səmimiyyətlə qarşılayıblar. Turistlər üç gün Qəbələdə qaldıqdan sonra Bakıya yola düşəcəklər.
Misirli turistlərin Azərbaycana səfəri bu ölkənin “Abosamra Travel” şirkəti ilə bağlanmış müqavilə əsasında həyata keçirilir. Çarter reysləri sentyabrın 7-dək davam edəcək. Bir ay ərzində 7 uçuşun həyata keçirilməsi nəzərdə tutulur. Turistlər üç gün Qəbələdə, dörd gün isə Bakıda 4 və 5 ulduzlu otellərdə yerləşəcəklər.
Turizm şirkətinin rəhbərinin sözlərinə görə, ilk çarter reysinin Qəbələyə reallaşması heç də təsadüfi deyil. Son illər Qəbələdə müasir standartlara uyğun turizm infrastrukturunun yaradılması istiqamətində çox böyük işlər görülüb. “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ilin bütün fəsillərində yerli və xarici turistlərin diqqətini özünə cəlb edir.
Bundan sonrakı uçuşlar Bakı şəhərinə olacaq. Sonuncu reyslə Bakıya gələn misirli turistlər öz ölkələrinə Qəbələ Beynəlxalq Hava Limanından qayıdacaqlar. Ümumiyyətlə, çarter reysləri vasitəsilə Azərbaycana 600-dək misirli turistin gələcəyi gözlənilir.