İkinci kənd təsərrüfatı forumu Oklahomada keçiriləcək
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu noyabrın 6-8-də Oklahoma şəhərində keçiriləcək.
Rakus.az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, forum ən yaxşı təcrübələri bölüşmək və hər iki tərəfin iqtisadiyyat sektorunda tərəfdaşlıq və investisiya imkanlarını araşdırmaq üçün özəl sektordan olan mütəxəssis/nümayəndələr, kənd təsərrüfatı məhsulları istehsalçıları, habelə Oklahoma və Azərbaycanın dövlət sektorundan kənd təsərrüfatı sahəsində çalışan məsul şəxsləri bir araya gətirəcək.
Bu, ABŞ və Azərbaycandan siyasətçiləri və kənd təsərrüfatı istehsalçılarını bir araya gətirən ikinci belə forumdur. İlk belə forum aprel ayında Çikaqoda keçirilib. Çikaqo forumu Azərbaycanın kənd təsərrüfatı sektoru və ABŞ-ın İllinoys ştatının fermer, aqrobiznes və istehsalçıları ilə əlaqələr yaradıb.
Oklahoma-Azərbaycan Forumu heyvandarlıq/maldarlığa xüsusi diqqət yetirərək, təsərrüfatın idarə olunması, nizamlanması və geniş çeşidli taxıl və məhsulların təbliğini əhatə edəcək.
ABŞ-da çovdar üzrə birinci, mal əti üzrə isə ikinci ən böyük istehsalçı olan Oklahomanın kənd təsərrüfatı dövlətin illik iqtisadiyyatının 7,1 milyard dollarını təşkil edir və kənd təsərrüfatı məhsullarının ixracı dövlətə ildə 1,9 milyard dollar gəlir gətirir. Oklahoma ştatı və Azərbaycan Respublikası 2003-cü ildən etibarən ABŞ-ın Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir. Oklahoma Milli Qvardiyası və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında uğurlu əməkdaşlıq kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı üçün möhkəm zəmin yaradıb.
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu Oklahoma Kənd Təsərrüfatı, Qida və Meşə Təsərrüfatı Departamenti, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, ABŞ-ın Azərbaycandakı səfirliyi, Azərbaycan Respublikasının Birləşmiş Ştatlardakı səfirliyi və Amerikanın Azərbaycandakı Ticarət Palatası ilə tərəfdaşlıq çərçivəsində Birləşmiş Ştatlar-Azərbaycan Ticarət Palatası (USACC), Oklahoma Ticarət Departamenti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası ilə birgə təşkil olunur.