Kamil insan obrazı Həzrət Əlidir – ALİM
“Halbuki Nəsimi şeirlərində əksər yerdə “şəha” deyərkən Həzrət Əlini nəzərdə tutur. “Şəha” şahım deməkdir, müraciət formasıdır. Nəsiminin şeirlərindəki kamil insan obrazı Həzrət Əlidir”.
Rakus.az xəbər verir ki, bunu Nəsimişünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisi Vüsal Hətəmov bildirib.
– Vüsal müəllim, istərdik ki, Nəsimi haqqındakı bu müsahibəmizi standart, şablon cümlə və frazalardan fərqli edək. Gəlin, bir qədər dərinə baş vuraq. Nəsiminin dünyagörüşü ilə bağlı niyə bu qədər mübahisə yaranır?
– Bu, çox aktual mövzudur. Nəsiminin fikirlərinin təəccüb doğuran, yaxşı mənada qəribəliyi barədə sizə bir fakt deyim. Bir dəfə “Nəsimi” filmini ərsəyə gətirənlər telekanallardan birində bu filmdən danışırdılar. Dedilər ki, “Nəsimi” filminin ssenarisi hazırlanarkən senzuradan keçmək üçün Moskvaya göndərilib. Moskvada ssenari ilə tanış olarkən “Doğrudanmı, bu şeirləri insan yazıb?” deyə fikir səsləndiriblər.
Nəsiminin fikirləri öz zamanı və indiki dövr üçün də insanların dərrakəsinin fövqündə olub. Nəsimi üç dildə – ərəb, fars və Azərbaycan dillərində şeirlər yazıb.
Dövrünün bütün elmlərini bilirdi, bu, onun öz şeirlərində də əksini tapıb. Bu da Nəsiminin kamil səviyyədə elm sahibi olmasına dəlalət edir. Nəsimi “Quran” hafizi olub, Şərq, antik yunan fəlsəfəsini, bütün dinlər, təriqət və məzhəblərin mahiyyətini dərindən bilib. Həmin dövrdə insanların heç birindən olmamaq, eyni zamanda, onlarla bir cəmiyyətdə yaşamaq, lakin insanları özünə cəlb edə bilmək Nəsiminin böyüklüyü demək idi.
Nəsiminin əlyazmaları bütün ölkələrdə var, çünki onu çox seviblər. Nəsimidən sonra ortaya nə qədər “Nəsimi”lər çıxdı.
– “Nəsimi” filmi tarixi mənbələrlə nə qədər uyğunlaşır və filmdə nələr təhrif olunub?
– “Nəsimi” filmi bədii-üslub cəhətdən çox uğurlu filmdir. Ssenarisi çox gözəldir. Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı ən uğurlu filmimiz “Nəsimi”dir. Bu da yenə Nəsiminin şeirlərinin və Rasim Balayevin hesabınadır. Ancaq filmdə Nəsiminin əsas fikirlərini kənara qoyub, onu maddi gözəllik aşiqi kimi təbliğ ediblər. Bu, onu göstərir ki, həmin filmdə Nəsimi və onun fəlsəfəsi tam açılmayıb. Çünki Nəsimi göylər adamı olub. Nəsimini maddi, eşq tərənnümçüsü kimi tanısaq, bu zaman o, Nəsimi olmaz.
“Nəsimi” filmində Nəsimini şücaətli, qəhrəman kimi göstərirlər. Ancaq Nəsiminin daha dərin fəlsəfəsi, ideyası var idi.
– Daha dərin fəlsəfə və ideya deyərkən konkret nəyi nəzərdə tutursunuz?
– Bu ideya insanlığın mərkəzə gətirilməsidir. Çoxları isə bunu demir, filmdə də bunun üzərindən çox ötəri keçiblər. Həmin dövrdə elmli, bilikli adamları Avropada da edam edirdilər, Şərqdə də. O zamanın hökmdarları Nəsimi və onun kimilərindən qorxurdular. Ona görə də Qərbdə və Şərqdə insanlığın əzilməsi dövründə Nəsimi ortaya çıxdı. Hökmdarlar isə ruhanilərin əli ilə fərqli fikir sahiblərini təqib edirdilər. Çünki Nəsiminin tərəfdarları çoxalırdı. Çox heyf ki, “Nəsimi” filmində Nəsiminin kamil insan fəlsəfəsi açıla bilməyib.
– Nəsiminin kamil insan fəlsəfəsi dinə qarşı idimi?
– Nəsimi kamil insan obrazında öz seçəcəyi şəxsi şeirlərində dəfələrlə bildirib. Nəsimi şeirlərində “şəha” deyir. Bəzən bu sözün Fəzlullah Nəimiyə işarə edildiyi fikrini səsləndirirlər.
Halbuki Nəsimi şeirlərində əksər yerdə “şəha” deyərkən Həzrət Əlini nəzərdə tutur. “Şəha” şahım deməkdir, müraciət formasıdır. Nəsiminin şeirlərindəki kamil insan obrazı Həzrət Əlidir.
– Haradan bu qənaətə gəlirsiniz ki, Həzrət Əlini nəzərdə tutub?
– Nəsimi şeirlərində özünü “Əhli-beyt” aşiqi kimi göstərir. “Eşq əlindən yandı canım, ya Əli, səndən mədəd” adlı bir şeiri var. Nəsiminin şeirlərində “Fəzli İlah” ifadəsi keçir, təqdiqatçılar isə deyir ki, burada Fəzlullah Nəimi nəzərdə tutulur. Düşünürəm ki, o ifadə “Allahın fəzli” mənasını verir.
Bəzən sovet tədqiqatçıları Nəsimini elə göstərirlər ki, guya o, Nəimini kamil insan bilib və onu imam Mehdi hesab edib. Halbuki Nəsimi bütün dinlərdə, təriqət və məzhəblərdə mövcud olan “Mehdi” konsepsiyasını çox gözəl dərk edib. Dəqiq başa düşürdü ki, Mehdi heç zaman edam edilə və asıla bilməz.
Fəzlullah Nəimini edam edib bir neçə yerə parçalayırlarsa, təbii ki, Nəsimi heç vaxt Nəimini Mehdi kimi tanıya bilməzdi.
Ərəb dilində “mehdi” sözü həm leksik, həm də terminoloji, yəni həm hidayətedici, həm də dinlərdə nəzərdə tutulan xilaskar mənasında işlədilir. Nəsimi Nəimini hidayətedici kimi təbliğ edirdi. Çünki Nəimi o dövrün insanlarını haqq yoluna çəkirdi.
Həzrət Əliyə gəlincə, Nəsiminin bir neçə şeirində Həzrət Əli ilə bağlı məqamlar var. Məsələn, “Qibləgahımdır Məhəmməd, səcdəgahımdır Əli” və ya “Çu şahi-cümleyi-mərdan Əlidir, İnsü həmdəmi-rəhman Əlidir” qafiyəli şeirləri də var.
Bundan başqa, bir şeirində “Əlidən gözəl cavan, Əlinin qılıncından iti qılınc görmədim” deyir. Bu, bir hədisdir. Nəsimi hədisi şeirə çevirib. Hətta Nəsimi bir neçə şeirində hürufilik fəlsəfəsini Həzrət Əliyə bağlayır.
– Yəni Nəsimidəki hürufilik ideyaları imam Əlidən qaynaqlanır?
– Öncə onu deyim ki, Nəsimidə sufilik elementləri azdır. Daha çox hürufilik elementləri var. Məhəmməd Peyğəmbərdən Nəsimiyə qədər olan dövrdə kamil insanlar barədə deyilən bəzi terminlər aradan götürüldü: “mömin”, “müqərrəb”, “müslim” kəlməsi kimi. Bunların yerinə irfani terminlər ortaya çıxdı. Bunlardan da biri sufi idi, mənası isə qoyun dərisi geyinmiş və ya saflıq deməkdir. Nəsimi isə sufiləri kəskin tənqid edirdi.
Eyni zamanda, Nəsimi kimilərinin də sufi adlanması təbii idi. Çünki sufi anlayışını İslam dünyasında yeni termin kimi işlədirdilər. Halbuki sufilik Nəsimindən 500-600 il əvvəl yaranmışdı. Amma Nəsiminin dövründə şəxslərə sufi deyilməsi də artıq bariz idi.
Bilirik ki, sufilikdə üç məqam var: zahidlik, abidlik və ariflik. Zahidlik çəkinmə, abidlik ibadət deməkdir. Yəni mən ibadət edirəm ki, Allah məni cəhənnəmə salmasın və ya cənnəti qazanım. Arif isə mərifət əhli, bilən deməkdir. Yəni mən arif olmaq istəyirəm ki, Allahı tanıyım.
Məqsəd Allahı tanımaq idi. Nəsimi sufiləri ona görə tənqid edirdi ki, onlar abidlik məqamında dolaşıb qalıblar, ən yüksək məqama çata bilməyiblər.
İmam Əlinin belə bir hədisi var: “Quran” kitabı “Fatihə” surəsi ilə başlayır. “Fatihə”nin ilk kəlməsi bismillahdır. Bismillahın isə ilk hərfi b hərfidir”.
Nəsimi isə yazırdı: “Nöqteyi-ba gəlmiş şəninə”. Yəni o deməkdir ki, Əli ərəbcə b hərfinin nöqtəsidir. Biz bilirik ki, hürufilikdə əsas rəmzlər hərflərdir. Nəsimi bu hərflərlə həzrət Əliyə də işarə edir. Maraqlıdır ki, həmin dövrdə əhli-beyt mövzusunu qabartmaq çətin idi.
– Dediklərinizdən bu nəticəni çıxarmaq olarmı ki, Nəsimi Nəimidən çox, imam Əlidən öyrənib?
– Nəsiminin yaradıcılığını üç dövrə bölmək olar. Nəimiyə qədər, Nəimi dövrü və Nəimidən sonrakı dövr. Nəsimi bir sıra şeirlərində Nəimiyə çox böyük ehtiram bəslədiyini göstərir. Nəsiminin bir şeiri var, mənə həmişə maraqlı gəlirdi ki, o misralar nə məna verir.
“İbtidadır, ibtidadır, ibtida,
İbtidadan hasil oldu intəha”.
İbtida başlamaq, intəha isə son deməkdir. Yəni deyir:
“Başlanğıcdır, başlanğıcdır, başlanğıc,
Başlanğıcdan hasil oldu sonluq”.
Bu beytləri bəzi tədqiqatçılar Nəsimiyə aid etmir. Amma mən Nəsiminin əlyazmalarının olduğu kimi köçürüldüyü mətnlərdə görmüşəm ki, bu beyt Nəsimiyə məxsusdur.
2004-cü ildə çap olumuş Həmid Araslının kitabında da bu şeirin Nəsimiyə məxsus olması yazılıb. İranda Darülfünun mərkəzində, yəni orada olan əlyazmasında da bu şeir Nəsimiyə aid edilib.
Nəsimi bu şeirində sufiləri, zahidləri tənqid edirdi. Deyirdi ki, onlar özlərini arıya oxşatsalar da, milçəkdirlər. Eyni zamanda, yazırdı ki, sufilər özlərini bar verən ağaca bənzətsələr də, onlar meyvəsiz ağac kimidirlər.
Mən Fəzlullah Nəiminin “Cavidannamə” əsəri ilə bağlı araşdırma aparırdım. “Cavidannamə”də altı dəfə ibtida kəlməsi ilə başlayır. Bölüm isə imam Əli ilə bağlı məqamlarla bitir.
Nəsimi “İbtidadır” şeiri ilə “Cavidannamə”yə işarə edir. Hürufilik barədə yaxşı məlumat almaq üçün mütləq Nəsiminin “İbtidadır” şeirini diqqətlə oxumaq lazımdır.
“Cavidannamə” də başdan-ayağa “Quran” və hədislərin təfsirindən ibarətdir. Halbuki Nəimiyə də allahsız deyirdilər.
Bu cəhətdən bildirirəm ki, Nəsimi Nəimiyə işarə etməklə yenə də imam Əliyə qayıdır.
Ümumiyyətlə, Nəsimi və Nəimini birləşdirən məqam əhli-beyt idi. Maraqlıdır ki, sovet tədqiqatlarında bu şeirlər verilmirdi. Həm də kamil insan mövzusunda Nəsiminin üz tutduğu şəxsiyyətin kim olması məsələsində boşluq qoyublar.
– Bayaq “Nəsimi” filmindən danışdınız. Bu dəfə də filmlə bağlı başqa bir sual yarandı. Filmdə bizə çoxlarının sezə bilmədiyi hansı tarixi mesajlar verilir?
– Maraqlı sualdır. Filmdə belə bir epizod var – Əmir Teymur ruhanilərə deyir ki, varidatımın yarısını sizə xərclədim, amma insanlar Nəsimi ideyalarının ardınca gedir.
Bütün ruhanilər başını aşağı salır. Bu zaman Teymur ehtiramla bir nəfərə üz tutur. “Şeyx Əli, sən bu barədə nə deyə bilərsən?” deyə sual edir. Şeyx Əli də deyir ki, Nəsimi haqdan, Allahdan yazır.
Əslində, sovet senzurasına görə, Şeyx Əli obrazı o sözü deməməli idi. Lakin rejissor və ssenaristlər göstərirdilər ki, Nəsimi Allahdan yazmaqla haqqa səsləyib. Şeyx Əli obrazı ssenaristlərin təxəyyülünün məhsulu deyil. Şeyx Əli tarixi şəxsiyyətdir. Fərman Kərimzadə “Çaldıran döyüşü” romanında da Şeyx Əlidən bəhs edir. Amma həmin şəxsin kimliyi tam açılmır.
Teymurləng İldırım Bəyazidi əsir götürdükdən sonra Ərdəbilə gəlir və səfəvi təriqətinin nümayəndələri ilə görüşür. Şeyx Əli də onların içərisində olur. Şeyx Əli Şah İsmayıl Xətainin ulu babası idi.
Şeyx Əli Teymurun verdiyi suallara cəsarətlə və elmli şəkildə cavab verir. Teymur “nə istəyirsən məndən” deyir. Şeyx Əli də cavabında deyir ki, əsirləri azad etsin. Teymur sünni əsirləri azad edir. İndi də Ərdəbildə rumlular məhəlləsi var. Orada sünnilər əsrlərdir şiələrlə birgə yaşayırlar. Şeyx Əli tarixi, yaxşı keyfiyyətlərə malik şəxsiyyət olub.
– Nəsiminin “Ağrımaz” qəzəli var. Bildirilir ki, guya həmin qəzəli edam zamanı səsləndirib. İnsan dərisi soyula-soyula necə qəzəl deyə bilər? Əgər Nəsimi bu qəzəli deyibsə, onu kim qələmə alıb?
– Keçən əsrdə yaşamış Azərbaycan əsilli türkiyəli alim Əbdülbaqi Gölpınarlının məqaləsində bu barədə yazılır. Düzdür, mərhum akademik Ziya Bünyadov ərəb müəlliflərindən İbn Həcər Əsqəlani, Şəmsəddin Səxavi və İbn əl-İmdad əl-Hənbəlinin əsərlərindən nümunə gətirsə də, bu məsələyə şübhə ilə yanaşır və deyir ki, həmin müəlliflərin əsərlərində Nəsimi deyil, Nəsiməddin Təbrizi yazılır, Nəsiminin vətəni isə Şamaxı deyil, Təbriz göstərilir.
Qeyd edək ki, sözügedən əsərlərdə Nəsiməddinin əvvəlcə başının kəsilməsi, sonra isə dərisinin soyulması qeyd edilir. Bəzi tədqiqatçılara görə, Nəsimi soyulub, sonra edam edilib. Bəzi şərqşünaslar isə deyir ki, edam olunandan sonra soyulub. Əslində Ziya Bünyadov da ikinci versiyanın tərəfdarı idi. Tədqiqatçılar bu qənaətə gəlirlər ki, Nəsimi soyulmadan sonra edam olunub. Çünki edam olunandan sonra soyulmağın nə mənası var idi?
Gəlin, başqa maraqlı bir məqama diqqət yetirək. Ərəb tarixçiləri Nəsiməddin Təbrizi adlı bir nəfərin soyulmasını deyir. Çox güman ki, Nəsiməddin Təbrizi elə Nəsiminin özüdür. Çünki tarixdə ikinci bir Nəsiminin soyulması faktı yoxdur. Orta əsr ərəb tarixçiləri, Hənbəli, Səxavi deyir ki, Nəsiməddin Təbrizi adlı bir nəfər küfr danışırdı və Məmlüklər onu həbsxanaya atdılar. Dövrün ruhaniləri fitva verdilər ki, bu adam edam olunmalıdır.
Nəsimi şeirlərində qeyd edir:
“Şul pusitimi (yəni bu dərimi) soydu Yezid-Mərvanilər,
Mən ol zaman Mənsur ilə bir dar idim”.
Nəsimi bununla da Mənsur Həllacı öz edam dövrünə gətirib çıxarır. Siz dediyiniz kimi, təbii ki, kimsə dərisi soyula-soyula soyulmaq prosedurunu elə dəqiqliklə qəzəl vasitəsilə deyə bilməzdi.
Ona görə də bir versiya budur ki, “Ağrımaz” qəzəlini əvvəlcədən yazıb. Çünki soyulacağını bilirdi.
Digər versiya da budur ki, Nəsimidən sonra onun tərəfdarları “Ağrımaz” qəzəlini yazıblar. Həqiqət isə budur ki, Nəsimi soyulub, edam olunub.
– “Məndə sığar ikən cahan”, “Məndə sığar iki cahan”. Sizə elə gəlmir ki, “ikən” və ya “iki” məsələsi mənasız mübahisəyə çevrilib? Belə düşünmək olmazmı ki, bu qəzəldə “iki” də, “ikən” də eyni mənanı verir? “İki” olanda da, “ikən” olanda da o biri dünya ilə bu dünya nəzərdə tutula bilməzmi? Cahan geniş anlayışdır, Nəsimi eyni zamanda cənnət və cəhənnəmi də bura sığdırırdımı?
– Məntiqinizlə mənə bir ipucu verdiniz ki, gələcək tədqiqatlarımda bu məsələni daha da diqqətlə araşdırım. Doğrudan da, cahan, yəni aləm deyərkən o biri dünya da, bu dünya da nəzərdə tutula bilər.
Əslində, “iki” və ya “ikən” olması köklü şəkildə fərq etmir. Ancaq biz Nəsiminin digər şeirlərinə də baxsaq, görərik ki, 300 dəfə “iki cahan” kəlməsi işlənir. Bu da praktiki cəhətdən onu göstərir ki, “iki cahan” versiyası daha düzgündür.
“İkən” sözü mərhum şairimiz Bəxtiyar Vahabzadədən gələn fikirdir. Ola bilsin ki, Bəxtiyar Vahabzadənin qarşısına şərt qoymuşdular ki, “ikən” deyilsin. Bəxtiyar Vahabzadədən başqa heç kim “ikən” deməyib. Çünki sovet dönəmində o dünyanı da, bu dünyanı da mərkəzə gətirmək olmazdı. Bəxtiyar Vahabzadə də yəqin, məcbur idi ki, “ikən” sözünü önə çəksin.
– Nəsimi ibadət edibmi?
– Nəsimi şeirində cümə namazı qıldığını göstərir.
“Camedə cüməyi uş hər gün qılan mənəm bil,
Quran imamım oldu, daim yönüm həqadır”.
Nəsimi şeirlərində yazır ki, kim ki namaz davamçısı deyil, düzgün yolda deyil. Nəsimi qeyd edir ki, “Fatihə” deyilməsə, qılınan səlat batildir.
– Nəsiminin hansısa hökmdarla görüşü olubmu?
– Hürufilərin türk tayfaları olan zülqədərlərlə, hətta Ağqoyunlu Osman Qara Yuluqla əlaqəsindən danışılır. Ola bilsin ki, bu, ərəb dünyasını qorxudurdu. Amma Nəsiminin hansısa sultan və ya başqa hökmdarla görüşü barədə məlumata malik deyiləm. Bu, tarixçilərin tədqiqat obyektidir. Bir məsələ də var ki, Nəsimi soyulduqdan sonra onun parçalarını türk tayfa başçılarına göndəriblər. Bu isə Nəsiminin türk kimliyinin göstəricisidir.
– Bayaq dediniz ki, tarixçilər Nəsiməddin Təbrizidən bəhs ediblər, bu isə elə Nəsimidir. Bəs niyə şamaxılı ola-ola təbrizli adlandırıblar?
– Bu, yəqin ki, Nəsiminin bir müddət Təbrizdə qalması ilə əlaqəlidir. Mübahisəli mövzudur. Amma düşünürəm ki, Nəsimi Şamaxıda doğulub. Bunu çar dövrü araşdırmaçıları, sovet dönəmi tarixçiləri, müasir dövr Azərbaycan tədqiqatçıları da deyir. Hətta bəzi iranlı nəsimişünasların araşdırmalarında da Nəsiminin Şamaxıda doğulması ilə bağlı yazılara rast gəlmişəm.
Aqşin Kərimov
(Oxu.az)