DİN-in Su Nəqliyyatında Polis İdarəsi vəzifələrini əzmlə yerinə yetirir
Bir əsrlik tarixi yola imza atan Azərbaycan polisi ötən müddətdə cinayətkarlığa qarşı fəal mübarizə aparmaqla yanaşı, öz vəzifəsini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq, bütün şəxslərin hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qoruyub və bu gün də işini şərəf və ləyaqətlə yerinə yetirir. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev deyirdi: “İndi bizim demokratik idealların olduğu və möhkəmləndiyi müstəqil dövlətimiz, bütün xalq tərəfindən qəbul edilmiş konstitusiyamız, onların keşiyində duran mətinləşmiş, o cümlədən dövlətin əsas sütunlarından olan mübariz polisimiz var”.
Zaman və şərait dəyişsə də, polisin əsas vəzifəsi dəyişməz olaraq qalır: cinayətkarlıqla mübarizə, əhalinin əmin-amanlığının, asayişin qorunması və qanunun aliliyinin təminidir. Azərbaycan polisinin vacib struktur hissəsi olan Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsi cinayətkarlıqla mübarizədə ümumi vəzifələri yerinə yetirsə də, onun fəaliyyəti spesifik xarakter daşıyır.
Rakus.az xəbər verir ki, hazırda Su Nəqliyyatında Polis İdarəsinin strukturunda 1 xətt polis şöbəsi, 3 xətt polis bölməsi, brakonyerlərə qarşı mübarizə aparan 6 xətt polis məntəqəsi və digər məntəqələr fəaliyyət göstərir. Ümumilikdə Su Nəqliyyatında Polis İdarəsi ölkənin bütün ərazilərini əhatə etsə də, onun da xidməti ərazisinin sərhədləri var və bu idarənin əməkdaşları fəaliyyətini bu sərhədlər daxilində aparırlar. Onlar Azərbaycan ərazisində su səthində baş verə bilən hər hansı təxribatın, cinayət hadisəsinin, qanunsuz balıq ovunun, su sahəsinin çirklənməsinin, qanunsuz ov aparılmasının qarşısının alınmasında sayıqlıqlarını bir an da olsun itirmirlər.
Nəqliyyat polisinin tarixi 1918-ci ildən – müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi vaxtdan başlayır. Həyat əhəmiyyətli bu nəqliyyat-kommunikasiya sistemi vətəndaşların ən çox hərəkət etdikləri, cəmləşdikləri yerdir və əhaliyə genişmiqyaslı xidmətin göstərildiyi böyük kompleksdir. Su, hava və dəmir yollarından milyonlarla insan istifadə edir və burada qiymətli, strateji yüklər daşınır. Bundan başqa, Azərbaycanın mühüm coğrafi mövqeyi, tarixi “İpək yolu”nun bərpası, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi və s. də bu sistemin əhəmiyyətini xeyli dərəcədə artırır.
Ən çətin məqamda xilaskarlıq missiyasını yerinə yetirənlər
Demək olar ki, hər gün internet saytlarında peşəsinə sadiqliyi ilə seçilən, işinin məsuliyyətini anlayan, dövlətə və dövlətçiliyinə xidmət edən, insanlara kömək göstərən, cinayətkarlara qarşı amansız mübarizə aparan polislərimiz haqqında müxtəlif yazılara rast gəlirik. Bu sırada su polisinin də öz payı var. Əgər belə olmasaydı “Su polisi əməkdaşları uğurlu əməliyyat keçiriblər”, “Su polisi balıqçının həyatını xilas etdi”, “İntihar etmək istəyən şəxsin həyatı su polisi əməkdaşları tərəfindən xilas olunub”, “Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs su polisi tərəfindən xilas edilib” və bu kimi digər sərlövhəli xəbərlərə rast gəlməzdik.
Su Nəqliyyatında Polis İdarəsinin gördüyü işlərdən bir neçəsini xatırlatmaq kifayət edər ki, dediklərimizin həqiqət olduğuna şübhə qalmasın. İdarə əməkdaşlarının peşəkarlığı və ictimai asayişin keşiyində ayıq-sayıq dayanması insan ölümü ilə nəticələnə biləcək neçə-neçə faciənin qarşısının vaxtında alınmasını təmin edib. Elə bu günlərdə Bakı Dəniz Vağzalında naməlum şəxsin özünü şübhəli aparması və qeyri-adekvat hərəkətləri ərazidə xidmətdə olan su polislərinin diqqətini cəlb edib. Həmin şəxs intihar etmək məqsədilə özünü dənizə atmaq istəyən zaman onun bu cəhdinin qarşısı alınıb. Polis əməkdaşları intihara cəhd edən şəxslə profilaktiki söhbətlər apararaq onu bu fikrindən daşındıra biliblər. Daha bir misal: DİN-in 102 – Zəng Mərkəzi Xidmətinə Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində dənizdə güclü küləyin əsməsi nəticəsində qayığın aşması və 2 balıqçının adada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Müraciətlə əlaqədar təxirəsalınmaz tədbirlərlə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları hadisə yerinə gələrək S.Hənifəzadəni və H.Hüseynovu xilas edərək sahilə çıxarıblar. Təbii ki, bu faktlar su polisinin fəaliyyətinə dair bir neçə epizodla bağlıdır. Amma onların işi təkcə bununla bitmir…
Cinayətkarlara qarşı hər zaman amansız olanlar
Gücləndirilmiş iş rejimində çalışan Su Nəqliyyatında Polis İdarəsi, həmçinin dənizdə qanunsuz fəaliyyət, çirkli suların axıdılması və icazəsiz körpü salınması hallarına qarşı qətiyyətlə mübarizə aparır, bu məqsədlə reydləri fasiləsiz davam etdirir. Bununla da balıqları antisanitariya şəraitində hisə verərək insanların sağlamlığını təhlükə altında qoyan, əhalini zəhərləyən, həmçinin orqanizmdə ciddi fəsadların yaranmasına səbəb olan elektrik avadanlığı ilə tutulan balıqları və adı “Qırmızı kitab”a düşmüş quşları ovlayan şəxslər müəyyən edilərək qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılır. İdarənin əməkdaşları bu əməlləri törədən şəxslərlə profilaktiki və maarifləndirici söhbətlər apararaq belə halların yolverilməz olduğunu izah edirlər.
Eyni amanda, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları hər zaman balıq mövsümünün başlanması ilə əlaqədar Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olanlara qarşı reydlər keçirirlər. Təkcə bir faktı qeyd etməklə onların gördüyü işin miqyasını və məsuliyyətini anlamaq kifayətdir. Bu günlərdə idarənin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yerli sakin Elmar Abdullayev Sütəmurdov çayının Xəzərə dənizinə tökülən hissəsində, sahildə saxlanılıb. Baxış zamanı ondan 4 kiloqram 260 qram narkotik vasitə hesab edilən tiryək aşkar edilərək götürülüb. Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır. İdarə əməkdaşlarının belə uğurlu əməliyyatları çoxdur və onların hər biri haqqında geniş yazılar təqdim etmək olar. Bütün bunlar bir daha göstərir ki, idarə əməkdaşları onlara tapşırılan işin öhdəsindən əsl peşəkarlıqla gəlir və cinayətkarlığa qarşı hər zaman amansız mövqe sərgiləyirlər.
Beynəlxalq festival və yarışlar zamanı təhlükəsizliyin
təmin olunmasında yüksək peşəkarlıq
Su polisi əməkdaşları ölkəmizdə keçirilən beynəlxalq festival və mötəbər yarışlar zamanı təhlükəsizliyin təmin olunmasında yüksək peşəkarlıq və fədakarlıq göstərirlər. Belə turnirlərdən biri bu günlərdə Xəzər dənizinin sahilindəki ən gözəl istirahət mərkəzlərinin birində – “Sea Breeze Resort”da keçirilən “Jara 2019” Dördüncü Beynəlxalq Musiqi Festivalı oldu. Qeyd edək ki, bu il festivalda dörd gün ərzində 200-dən çox ifaçı çıxış edib. Hər bir tədbirdə olduğu kimi, “Jara”da da festival iştirakçılarının və qonaqlarının təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılıb. Bu işə cavabdeh qurumlardan biri də Su Nəqliyyatında Polis İdarəsi olub. Festival Xəzər sahilindəki istirahət mərkəzindən birində təşkil edildiyindən idarənin əməkdaşlarının üzərinə daha böyük məsuliyyət düşüb. Buraya gələn məşhur incəsənət xadimləri, eləcə də onların çoxsaylı pərəstişkarları təkcə işlərini oxumaq və dinləməklə bitmiş hesab etməyiblər. Eyni zamanda, onlar isti yay günlərinin dadını çıxarmaq üçün dənizə də üz tutublar. Məhz burada onların istirahətinə cavabdeh qurum Su Nəqliyyatında Polis İdarəsi olub. İdarənin 10-dan çox əməkdaşı növbəli iş rejimi əsasında əraziyə tam nəzarət edib və bu iş yüksək səviyyədə həyata keçirilib.
Növbəti mühüm tədbirə cavabdehlik isə cari il aprelin 26-28-də Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi günlərində olub. Yarış günlərində Bakı Dəniz Vağzalının ərazisində yaradılmış yanacaq anbarının mühafizəyə götürülməsi Su Nəqliyyatında Polis İdarəsi tərəfindən təmin edilib. Yarışlar zamanı idarənin xidməti ərazisində ictimai qaydanın qorunması, cinayətlərin qarşısının alınması, ərazinin mühafizəsi tədbirlərinin təmini üzrə xidmətə cəlb olunacaq qüvvələrin plan-hesabı hazırlanıb, “Yaxt Klub”, “Baku Crystal Hall” və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı istiqamətində su hövzəsində təhlükəsizliyin təmini üçün qayıqlar vasitəsilə iki növbəli patrul xidməti təşkil edilib, Bakı buxtasında gəzinti gəmisinin müşayiəti, “Yaxt Klub”un giriş qapısı üçün əməkdaşların ayrılması təmin olunub. Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşması ilə əlaqədar Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ictimai asayişin mühafizəsi təşkil edilib. Yüksək səviyyədə keçirilmiş tədbirlərin nəticəsində Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən idarənin bir qrup əməkdaşı mükafatlandırılıb.
Bu ilin birinci yarısında qazanılan uğurlar:
Cinayətlərin açılması 100 faiz təmin edilib
Su Nəqliyyatında Polis İdarəsinin cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində gördüyü işləri gözdən keçirərkən bu qurumun nə qədər böyük və vacib işlər gördüyünün bir daha şahidi oluruq. Belə ki, qurum cari ilin altı ayında 100 fakt qeydə alıb və cinayətlərin açılması 100 faiz təmin edilib. Bu dövrdə silah və döyüş sursatlarının aşkar edilməsi ilə bağlı 6 fakt qeydə alınıb. Cinayət və inzibati xəta törədən şəxslərdən 8 ov silahı, onlara aid 287 patron, 6 soyuq silah götürülüb.
İdarə üzrə son illərdə Xəzər dənizində itkin düşmüş 62 nəfər barəsində tanınma kartları tərtib olunub, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində (BƏSİİ) uçota qoyulub. Onlardan 30 nəfəri müəyyən edilərək sahiblərinə təhvil verilib. 2015-ci il dekabrın 4-də Xəzər dənizində itkin düşmüş 30 nəfərdən 7-si ilk günlərdə tapılaraq yaxınlarına təhvil verilib, “Neft daşları” NQÇİ-nin 3 əməkdaşının və “Günəşli” platformasında baş vermiş yanğın nəticəsində Xəzər dənizində itkin düşmüş 23 nəfərin doğmalarından DNT nümunələri götürülüb, məlumat bankına əlavə edilməsi üçün DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilib. Sonrakı günlərdə itkin düşmüş neftçilərdən daha 7 nəfəri tapılaraq, şəxsiyyəti məhz həmin DNT analizlərinin köməyi ilə müəyyən edilərək yaxınlarına təhvil verilib. İtkin düşmüş 13 balıqçının və 19 neftçinin barəsində də tanınma kartları tərtib edilərək DİN BƏSİİ-də qeydiyyata alınıb.
Hesabat dövründə istintaqdan yayınan və axtarışda olan bir nəfər yaxalanaraq istintaq orqanına, ərazi polis orqanları tərəfindən axtarılan beş nəfər sərhəd-keçid məntəqəsində saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu ilin altı ayında Qazaxıstan və Türkmənistan respublikalarından Dübəndi terminalına 22, Bakı (Azpetrol) terminalına 6, Səngəçal terminalına 215 olmaqla, cəmi 243 tanker vasitəsilə 2 milyon 270 min 38 ton neft və neft məhsulları, 1560 gəmi (bərə) vasitəsilə 1 milyon 994 min 880 ton müxtəlif yüklər və 19 min 318 sərnişin daşınarkən, yüklərin və sərnişinlərin təhlükəsizliyi, ictimai asayişin qorunması polis əməkdaşları tərəfindən təmin edilib.
İctimai təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən Xəzər dənizi akvatoriyasında ixrac neft və qaz boru kəmərlərinə və onların infrastruktur obyektlərinə qarşı yönəlmiş terror və təxribat aktlarının qarşısını almaq məqsədilə bir sıra profilaktik tədbirlər həyata keçirilib. Belə ki, ixrac neft və qaz boru kəmərlərinin keçdiyi ərazilər müəyyən edilib, kəmərləri zədələməmək üçün həmin əraziyə balıqçı gəmilərinin girməməsi barədə gəmi kapitanları və ekipaj üzvləri təlimatlandırılıb.
İdarə rəhbərliyi tərəfindən şəxsi heyətlə aparılmış məqsədyönlü təşkilati, profilaktiki, intizam və nəzarət tədbirləri nəticəsində heç bir qanun pozuntusuna yol verilməyib, sağlam mənəvi-psixoloji mühitin yaradılması və qorunub saxlanması təmin olunub.
Beləliklə, əminliklə deyə bilərik ki, bütün sınaqlardan alnıaçıq və üzüağ çıxmış, yüksəkixtisaslı və peşəkar şəxsi heyətə malik Su Nəqliyyatında Polis İdarəsi müasir dövrün tələblərini və tapşırılmış sahənin məsuliyyətini dərk edərək bundan sonra da xidməti vəzifələrini əzmlə yerinə yetirəcək, cinayətkarlıqla mübarizədə daha böyük nailiyyətlər qazanacaq, bu mühüm strukturun tarixi və şərəfli ənənələrini davam etdirəcək, onu yeni uğurlar, peşəkarlıq və qəhrəmanlıq nümunələri ilə zənginləşdirəcək. (AZƏRTAC)