“Hərbiyyə” düşərgəsinin ikinci günü - FOTO
“Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin ikinci günündə iştirakçılar taktiki hazırlıq təlimləri çərçivəsində çay keçidi üzərindən yaralıların təxliyəsi, şəxsi heyətlə dolu 2 avtomobil ilə pusqu atılması, kəşfiyyat cığırında qrupun hərəkəti, düşmən qərargahına basqın əməliyyatları ilə tanış olublar.
Rakus.az xəbər verir ki, həmçinin silah və hərbi avadanlıqların sərgisi ilə tanışlıq təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, iştirakçılara peşəkar hərbçilər tərəfindən atıcı silahların, Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan silahların sökülüb-yığılması və təhlükəsizlik qaydaları haqqında məlumat verilib. Düşərgə çərçivəsində normativlərin qəbulu keçirilib və AK-74 silahlarında döyüş güllələrindən istifadə edilərək praktiki atış icra olunub.
Təlimlər zamanı fərqlənən bir qrup iştirakçı üçün “İsgəndər qalası”na ekskursiya təşkil edilib.
Sonda Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun şəhid olduğu Motudərə yaxınlığındakı zirvədə anım mərasimi keçirilib.
“Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi “ASAN xidmət”, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, “ASAN Könüllüləri” Təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti və “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir.