“Qəbələ”nin UEFA GL-dakı rəqibi bəlli oldu
UEFA Gənclər Liqasının Çempionlar yolunun püşkatma mərasimi keçirilib.
Rakus.az xəbər verir ki, 32 ölkənin çempionunun mübarizə aparacağı yarışın ilk iki mərhələsinin cütləri müəyyənləşib.
Azərbaycanın U-19 Liqasının qalibi olan “Qəbələ”nin də rəqibləri bəlli olub. “Qırmızı-qaralar” I mərhələdə Kipr APOEL-i ilə qarşılaşacaq.
Qəbələ təmsilçisi ilk qarşılaşmasına oktyabrın 2-də evdə, cavab matçına ayın 23-də isə səfərdə çıxacaq.
Cütün qalibinin II mərhələdəki rəqibi də bəlli olub. “Qəbələ” mərhələ adlasa, “Saraqosa” (İspaniya) – “Korona” (Polşa) cütünün qalibi ilə görüşəcək. Bu mərhələnin matçları noyabrın 6-da və 27-də baş tutacaq. “Qəbələ” – APOEL matçının qalibi birinci matçını səfərdə keçirəcək.
Xatırladaq ki, “Qəbələ” tarixində 3-cü dəfə Gənclər Liqasında mübarizə aparacaq. 2016/17 mövsümündə ilk mərhələdə yarışla vidalaşan “qırmızı-qaralar” ötən il bu turnirdə mərhələ keçən ilk Azərbaycan klubu olub. Qəbələ təmsilçisi mübarizəni II raundda dayandırıb.