Təlimlərə Türkiyə istehsalı olan helikopterlər qatıldı – “TurAz Qartalı”
“TurAz Qartalı – 2019” birgə taktiki-uçuş təlimlərinin gedişi və şərti hərbi tapşırıqların icrasını müsbət dəyərləndirirəm.
Rakus.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hərbi Hava Qüvvələrinin baş şturmanı polkovnik Faiq Əliyev bildirib. Onun sözlərinə görə, sentyabrın 2-dən etibarən Azərbaycan və Türkiyə Respublikalarının Hərbi Hava, Quru Qoşunları və Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə başlayan təlimlər bu günədək yaxşı nəticələri verib: “Bu gün Yevlax hava limanından uçuş edən F-16 təyyarələri Azərbaycan Respublikasının hava məkanında bəlli bir nöqtədə digər mövqelərdən havalanmış MiQ-29 və Su-35 təyyarələri ilə görüşərək taktiki döyüş təlimlərini uğurla yerinə yetirib. F-16-lar Azərbaycan hava məkanında artıq 3-cü ildir ki təlim keçir. Təlimlər zamanı hər hansı sıxıntı yaşanmayıb”.
F.Əliyev həmçinin qeyd edib ki, təlimlərə Türkiyə istehsalı olan döyüş helikopterləri də qatılıb: “Növbəti TurAZ Qartalı” təlimləri qardaş ölkədə keçiriləcək.”
Qeyd edək ki, birgə taktiki-uçuş təlimləri sentyabrın 16-da başa çatacaq.