SƏBAİL: Abadlıq-quruculuq işləri genişlənib - FOTO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq son 5 ildə Səbail rayonununda aparılan abadlıq-quruculuq işləri və infrastrukturun, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan inqilabi dəyişikliklər nəticəsində rayonun siması tamamilə dəyişilib.
Ölkə başçısının və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırıq və tövsiyyələrinə uyğun olaraq rayonun qədimiliyinin qorunması şərtilə bu yenidənqurma işləri bu gün də yüksək dinamika ilə davam edir.
Rakus.az xəbər verir ki, bu gün, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və Səbail rayonu seçki dairəsi üzrə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev rayonun Badamdar və 20-ci yaşayış sahəsi ərazisində olublar və küçələrdə, parklarda, qəsəbələrdə aparılan abadlıq-quruculuq işləri çərçivəsində həyata keçirilən tədbirlərin icra vəziyyəti ilə tanış olublar.
İlk öncə Badamdarda təşkil olunmuş meyvə-tərəvəz yarmarkasını gəzən rayon rəhbərliyi daha sonra IDEA İctimai Birliyinin təşkilatçılığı və Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Abad Məhəllə” layihəsi çərçivəsində Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi 4 ünvanında yerləşən həyətdə aparılan abadlıq və yaşıllaşdırma işlərinin gedişi ilə tanış olublar, aparılan işlərin sürətləndirilməsi ilə bağlı müvafiq strukturların rəhbərlərinə lazımi göstərişlər veriblər. Ömürboyu Badamdarda yaşayan, 50 ildən çox müddətdə kitabxanada çalışmış qocaman mədəniyyət işçisi Suriya xanımı evində ziyarət ediblər və 90 illik yubileyi münasibətilə onu təbrik ediblər.
Badamdar rayon sakinləri ilə səyyar görüş keçirilib, əhalinin problemləri dinlənilib və problemlərin həlli istiqamətində yerindəcə müvafiq göstərişlər verilib.
Daha sonra 20-ci yaşayış sahəsində küçələrdə, dalanlarda və yenidən bərpa olunaraq tamamilə yenidən qurulan “Fəhlə əlləri” parkında aparılan abadlıq işlərinin gedişi ilə tanış olublar. Yolboyu sakinlər rayon rəhbərliyinə yaxınlaşaraq problemləri, arzu və istəklərini bildiriblər, sakinlər tək-tək dinlənilib və problemlərin həlli istiqamətində tapşırıqlar verilib.
Xatırladaq ki, rayon rəhbərliyi ərazidə aparılan yenidənqurma və abadlıq işləri ilə yerindəcə mütəmadi tanış olur və sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində qarşıyaqoyulmuş vəzifələrin icra vəziyyəti ilə maraqlanır. Rayonun küçələri, hətta dalanları, evləri müasir tələblərə uyğun təmir olunur, illərlə asfalt çəkilməyən küçələrə asfalt çəkilir və kanalizasiya sistemi yenilənir.
Gəzinti boyunca rayon sakinləri görülən işlər və əhaliyə göstərilən diqqət və qayğı ilə bağlı ölkə başçısına minnətdarlıqlarını dilə gətiriblər