Dahilər ölmürlər – Tələbə yazır
Yadıma gəlir, birinci kursda oxuyanda bir məsələ ilə bağlı fakültəmizin Mətbuat tarixi və ideoloji iş metodları kafedrasına getmişdim. O vaxt hələ tanımadığım bir müəlliməmiz (red: dosent Aygün xanım) tələbələrə Üzeyir Hacıbəyov haqqında danışırdı: “Üzeyir bəy təkcə musiqişünas deyil, o, həm də böyük publisit, qüdrətli jurnalist olub…”.
Sonrakı kurslarda Üzeyir bəyin yaradıcılığı, bədii-publistik fəaliyyəti ilə qismən də olsa tanış oldum. Onun biri-birindən maraqlı, kəsərli felyetonları, məqalələri günümüzlə tam uzlaşır. Sanki böyük şəxsiyyət, az qala, yüz ildən bu günümüzü görürmüş. Üzeyir bəyin yaradıcılıq irsi olduqca zəngindir. Siz bir onun “Bir qədər qəzetəcilik dərsi” məqaləsini oxusanız, görərsiniz ki, indiki jurnalistlərimizin (bəlkə, bu söz “dırnaq” işarəsi ilə yazılmalıdır) bir çoxunun əməl etmədiyi, ya da bacarmadığı peşəkarlıq xüsusiyyətlərindən o, necə ustalıqla söz açır, əsl mətbuat nümayəndəsinin necə olması gərəkdiyini məharətlə izah edirdi. Özü haqqında “Mən jurnalistəm” deyən şəxs Üzeyir bəyin yaradıcılığından nümunə götürməli və xüsusilə onun adını çəkdiyim məqaləsini diqqətlə oxumalıdır.
Bu gün Üzeyir bəyin doğum günüdür. Dahilər ölmürlər. Yeni yaşın mübarək, ustad!
Kənan Novruzov,
BDU-nun jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi