HƏYƏCAN: Azərbaycanın su ehtiyatları azalır
Azərbaycan su ilə nisbətən az təchiz olunmuş ölkələrdəndir. Bizim su ehtiyatlarımız regiondakı su ehtiyatının 15 faizini təşkil edir.
Rakus.az xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi nəticəsində su ehtiyatları azalır və bu tendensiya davam edəcək:
“Ölkədə il ərzində su mənbələrindən təxminən 12 milyard m3 su götürülür ki, bunun da böyük bir hissəsi nəql zamanı itir. Əsas su itkiləri torpaq məcrada tikilmiş suvarma kanalları və təsərrüfatdaxili suvarma şəbəkələrində baş verir.
Beynəlxalq praktikada suyun mənbədən bölüşdürülməsi, istifadəsi, təmizlənməsi, təkrar istifadəsi və ətraf mühitə qaytarılması kimi bütöv su dövriyyəsini özündə əks etdirən qabaqcıl yanaşmalar mövcuddur”.
R.Səttarzadə qeyd edib ki, gələcəkdə su qıtlığı problemi ilə üzləşməmək üçün su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısı alınmalıdır:
“Sudan səmərəli istifadəni və bu məqsədlə qənaətli suvarma sistemlərindən istifadəni təşviq etmək üçün düzgün uçot və istehlak olunan suyun miqdarından asılı olaraq fərqli tariflərin tətbiq olunması vacibdir.
Bununla bağlı ETSN tərəfindən ictimaiyyətin məlumatlandırılması, maarifləndirmə və təbliğat işləri aparılır, respublikanın müxtəlif bölgələrində həyata keçirdiyi yaşıllaşdırma layihələrində damcılı suvarma sistemləri tətbiq olunur.
Bu işlərin davamı olaraq BMT-nin İnkişaf Proqramı və Qlobal Ekologiya Fondunun dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Meliorasiya və Su Təsərrüfatı ASC-nin təşkilatçılığı ilə dünən Saatlı rayonunun Cəfərxanlı kəndində damcılı suvarma sisteminin tətbiqi üzrə pilot layihə reallaşdırılıb”.