QAZAX: Səməd Hacıyev bulağının açılışı oldu - FOTO
Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Qazaxda şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi təyin olunduğu gündən şəhidlərimizə verdiyi yüksək dəyəri özündə əks etdirən işlərdən biri onların adlarını daşıyan bulaqların tikilməsi, eyni zamanda da təmir olunmasıdır. Son 3 ildə rayonda Aprel şəhidləri kapitan Mühüd Orucovun, baş leytenant Elvin Namazovun, əsgər Orxan Əliyevin, şəhidlərin qız qardaşı adlandırdığımız Vəfa (Mansurova) Dəmirçioğlunun adlarına şəhərin mərkəzində yeni bulaqların tikilməsi, hərbi şəhərcikdə şəhidlərin xatirəsini əbədiləşdirən “Şəhidlər bulağı” adlanan bulağın tikilməsi, Milli Qəhrəmanlarımızdan Alı Mustafayevin, Mərfət Nəsibovun, Firuddin Şamoyevin, Şamoy Çobanovun, yenə də şəhidlərimizdən Şahvələd Abbasovun, Qoşqar Qurbanovun, Qaratel Hacımahmudovanın adlarını daşıyan bulaqların, həmçinin “Şəhid Polislərin xatirəsinə”, “1 gün 31 şəhidin xatirəsinə” olan bulaqların yenidən qurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.
Bu gün Qazaxın Orta Salahlı kəndində daha bir şəhidimizin – Hacıyev Səməd Məmməd oğlunun adını daşıyan bulağın yenidənqurmadan sonra açılışı olub. Şəhidin ailə üzvləri tərəfindən abadlıq işləri aparılan bulağın açılışında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov, “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, RİHB-nin kənd İƏD üzrə nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, şəhid ailələri, Orta Salahlı kənd sakinləri, şəhidin ailə üzvləri, yaxınları, doğmaları və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidin ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. Sonra bulaq kompleksinin açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb və tər qərənfillər düzülüb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində çıxış edərək tədbir iştirakçılarını salamlayıb və bulağın yenidən qurulmasında əməyi keçən insanlara minnətdarlığını çatdırıb. Rayon rəhbəri qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən çalışmışam ki, şəhid ailələrinə olan diqqət və qayğı hər zaman yüksək səviyyədə olsun. Şəhid ailələri dövlətin, eləcə də rayon rəhbərliyinin hər zaman onların yanında olduqlarını hiss etsinlər. Məhz ilk görüşüm də şəhid ailələri ilə oldu. Atdığım ilk addım şəhidlər qəbiristanlıqlarını və xiyabanlarını ziyarət etmək oldu. Rayonda aparılan abadlıq və quruculuq işlərinə də məhz həmin müqəddəs məkanlarda görülən işlərlə start verildi. Şəhidlərimizin uyuduğu qəbiristanlıqlar, onların xatirəsinə ucaldılmış abidələr, parklar, bulaqlar, xiyabanlar abadlaşdırıldı, yeniləndi, əsaslı şəkildə təmir edilərək şəhidlərimizin adına layiq hala gətirildi. Ən əsası isə şəhidlərimizə olan sonsuz ehtiramı bir daha nümayiş etdirərək şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını əsl xiyaban adını daşıyacaq görkəmə gətirdik. Xiyabanda aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması, 287 nəfər şəhidin cismani ruhunun bir məkanda toplanması şəhidlərimizə, onların ruhuna ən böyük töhfə oldu.
İcra başçısı qeyd edib ki, bu gün nəinki şəhid ailələri, rayon sakinləri, eləcə də Qazaxa ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə həmin müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar.
Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə və şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan danışıb. Qeyd edib ki, bu gün ölkəmizdə dövlət başçısı tərəfindən sistemli ordu quruculuğu ilə yanaşı, Vətənin bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə veteranlarına və əlillərinə böyük diqqət və qayğı göstərilir. Respublika Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin, müharibə veteranları və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həll olunması, ən əsası da hər cür qayğı ilə əhatə olunmaları təşkil edir. İcra başçısı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Respublika Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanını, həmin Fərmana əsasən şəhid ailələrinə birdəfəlik on bir min manat məbləğində maddi yardımın olunmasını göstərilən diqqət və qayğının əyani sübutu kimi qiymətləndirib.
Qüdrətli Azərbaycan Ordusunun Aprel zəfərindən söz açan icra başçısı həmin şanlı tarixin yazılmasında Qazax rayonunun 3 nəfər igid oğlunun – Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlunun, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlunun və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlunun da payı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Aprel döyüşləri bizi Qarabağda böyük qələbəmizə aparan şanlı yolun başlanğıcıdır. O yolu qət edən igid oğullarımızla bu gün başda Ali Baş Komandan olmaqla hər kəs fəxr edir və bundan sonra da edəcəkdir. Çünki Aprel döyüşü bir daha sübut etdi ki, Azərbaycanın igid və mərd oğulları həmişə olub və bundan sonra da olacaqdır.
İcra başçısı vurğulayıb ki, bu gün bizlər azad şəkildə müstəqil və suveren bir dövlətdə yaşayırıqsa, bu, şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlar sayəsindədir. Ona görə də hər bir azərbaycanlı şəhidlərin adını daim uca tutmalı, onların ailə üzvlərinə, doğmalarına hörmətlə yanaşmalıdır. Bu, hər bir insanın vətəndaşlıq borcu olmalıdır. “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov, Milli Qəhrəman Alı Mustafayevin qardaşı Mahmud Mustafayev, Orta Salahlı kənd sakini Səid Abdulkərimov və başqaları çıxış edərək ölkə başçısı və rayon rəhbərliyi tərəfindən şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına və əlillərinə, məcburi köçkün ailələrinə göstərilən diqqət və qayğıya görə qazaxlılar adından sonsuz minnətdarlıqlarını bildiriblər. Vətən uğrunda qanından keçən igid oğul və qızlarımızın xatirəsinin əziz tutulmasından, bulaqların qarşısından keçən minlərlə insanın bulağın tikilməsinə görə sonsuz minnətdarlıq hissi bildirməsindən, adını daşıyanlara isə Allahdan rəhmət diləmələrindən söz açıblar. Çıxış edənlər Azərbaycan Ordusunun bugünkü qüdrətindən, döyüş qabiliyyətindən və hər an Vətənin müdafiəsinə hazır olmasından da danışıblar. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad ediləcəyi və şəhidlərimizin qisasının alınacağı günün elə də uzaqda olmadığını bildiriblər.
Sonda şəhidin qardaşları Elnur və Ramin Hacıyevlər şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, rayon rəhbərliyinə ailələri adından minnətdarlıqlarını bildiriblər. Bugünkü tədbirin ərsəyə gəlməsində əməyi keçən insanlara təşəkkürlərini çatdırıblar.
Məlumat üçün qeyd edək ki, şəhid Hacıyev Səməd Məmməd oğlu 28 iyun 1972-ci ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuşdur. 1980-ci ildə Orta Salahlı kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1990-cı ildə həqiqi hərbi xidmətə getmişdir. Baş çavuş Səməd Hacıyev 13 aprel 1993-cü ildə Ağdam rayonunun Xocavənd kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 1994-cü il mart ayının 1-dən Orta Salahlı kənd tam orta məktəbi şəhid Səməd Hacıyevin adını daşıyır. 1996-cı ildə dostu Qınnayev Nazim Camal oğlu tərəfindən xatirəsini əbədiləşdirən bulaq tikilib. Bu ilin iyun ayından başlayaraq ailə üzvləri tərəfindən bulaqda yenidənqurma işləri aparılıb.