Oqtay Rza 40 mərasimində anıldı - FOTO
Bu gün Salyan rayonunda şair Oqtay Rzanın (Oqtay Rzalı Məhəmməd oğlu) 40 mərasimi keçirilib.
Rakus.az xəbər verir ki, mərasimdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, təhsil işçiləri iştirak ediblər.
Əvvəlcə şairin qəbri ziyarət olunub, məzarı üstünə əklillər, gül dəstələri qoyulub.
Sonra rayon mərkəzində ehsan süfrəsi açılıb.
Xatırladaq ki, 1934-cü il noyabrın 2-də Salyan rayonunun Qalalı kəndində anadan olan Oqtay Rza bu il avqustun 18-də günorta saatlarında vəfat edib. O, 1951-1956-cı illərdə Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfıyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib geoloq ixtisası alman Oqtay Rza əmək fəaliyyətinə Bayıldakı Neft və Qazçıxarma İdarəsinin 5 saylı mədənində başlayıb, operator, baş operator, neftçıxarma ustası olub. Elmi-tədqiqat işi müdafıə edib geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi alıb. N.Tusi adına APİ-nin ümumi coğrafıya kafedrasında müəllim, baş müəllim (1966-1969), 1971-ci ildən isə dosent işləyib.
“Bir may” adlı ilk şerini yeddiillik məktəbdə oxuyarkən yazıb “Sosializm yolu” rayon qəzetində dərc etdiribr. Həmin vaxtdan poetik yaradıcılıqla müntəzəm məşğul olur, bədii tərcümələr də edir. Dünya xalqlarının ədəbiyyatından tərcümələri dövri mətbuatda müntəzəm çap olunur. Əsərləri xarici mətbuatda dərc edilib. “Kamennıy Svetilnik” şerlər toplusu 1987-ci ildə Moskvada kütləvi tirajla buraxılıb. “Torpağı dinləyirəm”, “Ürəyi oxuyun” və başqa kitabların müəllifidir.