SİYƏZƏN: İcra başçısının görüşü səhv göstərilir – FAKT
Respublika Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən rəhbər şəxslərin yerli sakinlərlə keçirdiyi görüşlərə xüsusi diqqətlə yanaşarıq. Çünki belə görüşlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bununla yanaşı təcrübəli icra hakimiyyəti başçılarının idarəetmə qabiliyyətinin təcrübə mübadiləsi olaraq yayımına da böyük önəm veririk.
Başqa rayonlarda olduğu kimi Siyəzən rayonunda da son illər görülən işlər barədə saytımızda mütəmadi məlumatlar verilir. Rayon icra hakimiyyətinin başçısı Novruz Novruzovu şəxsən tanımasaq da bir rəhbər kimi fəaliyyəti tərəfimizdən yüksək qiymətləndirilir. Çünki 1995-ci ildən başlayaraq Lerik, Goranboy, Şabran, bu gün isə Siyəzən rayonlarına rəhbərlik etdiyi müddət ərzində işi və fəaliyyəti ilə yerli sakinlərin böyük rəğbətini və ölkə rəhbərinin etimadını doğruldub. Bu səbəbdən də “Şöhrət” ordeni ilə təltif olunan icra hakimiyyəti başçılarındandır.
Novruz müəllimin səyyar qəbullarından biri sentyabr ayının 27-də, saat 12:00-da rayonun Siyəzən kəndində keçirilməli idi. Bu barədə rayon icra hakimiyyətinin rəsmi sytında da məlumat verilmişdi. Məqsədimiz Novruz müəllimin görüşdə sakinlərlə söhbətini, onları necə dinləməsini, qaldırılan məsələlərə münasibətini, problemlərin həlli ilə bağlı tapşırığını əyani görmək idi. Çünki bu sakinlərlə geniş formada keçirilən görüş idi. Lakin əvvəlcədən məlumat verməyimizə baxmayaraq həmin görüşdə iştirak edə bilmədik. Səbəbi isə çox sadə oldu. Belə ki, saytda görüşün saat 12:00-da keçirildiyini nəzərə alaraq, yerini dəqiqləşdirmək üçün, həmin gün 10:30-da icra hakimiyyətində olduq. Həmin gün növbətçi olan Həsən müəllimin görüşün saat 10:00 başladığını bildirdi. Vaxtın azlığını nəzərə alaraq təcili həmin kəndə getdik. Kənd sakinləri isə görüşün saat 9:30-da başlandığını və artıq qurtardığını bildirdilər. Yenidən icra hakimiyyətinin binasına qayıdaraq məlumat almaq üçün müvafiq şöbə ilə görüşmək istədiyimizi bildirdik. Bu vaxt isə Həsən müəllim icra hakimiyyətində guya heç kimi tanımadığını bildirməklə bizə köməklik etməkdən yayındı. Bu vəziyyətlə icra hakimiyyətinə gələn digər sakinlər də qarşılaşırdı.
Mikayıl Nərimanoğlu,
Əməkdar jurnalist
PS: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.