Mayın 3-də II Avropa Oyunlarının məşəli yandırılacaq - FOTO
“Əbədi” şəhərdə mayın 3-də Minskdə keçiriləcək II Avropa Oyunları məşəlinin yandırılması üçün təntənəli mərasim keçiriləcək. Məşəl Avropa Olimpiya Komitələrinin (EOC) mənzil-qərargahının yerləşdiyi İtaliyanın paytaxtı Romadakı “Ara Pacis” muzey kompleksində 7 nəfər tərəfindən yandırılacaq.
Rakus.az xəbər verir ki, bu barədə Təşkilat Komitəsinin mərasimlər üzrə idarəsinin rəisi Sergey Xomiç Oyunların rəsmi saytına açıqlamasında deyib.
“Minsk-2019” II Avropa Oyunlarının məşəli ilk dəfə qitənin bir neçə ölkəsinin ərazisini dolaşacaq. Təntənəli mərasim zamanı aksiyanın simvolu olan və EOC üçün hazırlanmış zeytun ağacı da təqdim olunacaq.
Belarus bayker klubunun üzvləri Sloveniya, Avstriya, Macarıstan, Slovakiya, Çexiya, Polşa ərazilərindən keçəcək məşəli müşayiət edəcəklər. Belarusa mayın 12-də daxil olacaq məşəl ölkə ərazisini dolaşdıqdan sonra iyunun 17-də Minskə gətiriləcək. Məşəl paytaxt ərazisində 5 gün dövrə vuracaq və iyunun 21-də “Dinamo” Milli Olimpiya Stadionundakı açılış mərasiminə gətiriləcək. Belarus ərazisindəki estafetə idmançı, mütəxəssis, elm, mədəniyyət və incəsənət xadimlərindən ibarət 450 nəfər qatılacaq.
II Avropa Oyunları iyunun 30-dək davam edəcək. 15 növ üzrə 199 dəst medal uğrunda yarışlara 50 ölkənin idmançıları qatılacaq. 8 növ üzrə mübarizə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq.