“Güllələnmiş məzarlar” təqdim edildi
Oktyabrın 4-də Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən hazırlanmış “Güllələnmiş məzarlar” sosial filminin təqdimatı keçirilib.
Rakus.az xəbər verir ki, Fonddan verilən məlumata görə, Azərbaycan və ingilis dillərində hazırlanan film, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin, kənd məzarlığının erməni hərbi birləşmələri tərəfindən viran edilməsi, dağıdılması timsalında işğal altındakı yaşayış məskənlərimizdə məhv edilmiş bütöv bir sivilizasiya haqda məlumatları dünyaya çatdırmaq məqsədi daşıyır.
Tədbirdə çıxış edən BAMF-ın prezidenti Umud Mirzəyev layihə haqda məlumat verib. O, işğal altındakı ərazilərimizdəki vəziyyəti dünyaya çatdırmağın vacibliyindən danışıb. Bu məqsədlə çəkilən filmlərin önəmli olduğunu qeyd edib. U.Mirzəyev işğal faktının dünyaya yayılması istiqamətində hər bir vətəndaşımızın maarifləndirmə aparmasının zəruri olduğunu bildirib. O deyib: “Son 10 ildə Amerika və Avropa ölkələri, xüsusilə Fransa, Macarıstan, Latviya, Litva, Türkiyə, Misir, İsrail, Özbəkistan, Rusiya, Qətər, Pakistan, Vyetnam, və s. ölkələri təmsil edən 100-lərlə media nümayəndəsini, vətəndaş cəmiyyəti təmsilçilərini işğal olunmuş ərazilərlə həmsərhəd bölgələrimizə və bir hissəsi işğaldan azad edilmiş kəndimizə apardım. Qısa müddət ərzində işğal altında qalan kəndimizdə törədilən vəhşiliklər, güllələnmiş məzarlıq, dağıdılmış qədim bulaq, kəhriz və digər vandalizm aktları onların xatirəsində dərin iz buraxdı. Bu gün Qarabağın 900-dən çox yaşayış massivi Aşağı Əbdürrəhmanlının üzləşdiyi acı taleyi yaşayır. Bu kəndlərdə, oblardakı evlərin yalnız izləri qalmaqdadır”.
Umud Mirzəyev son aylar BAMF-ın işğal altındakı ərazilərimizdəki vəziyyətlə bağlı bəyanatının BMT-nin İnsan Haqları Şurasında 5 dildə dərc edildiyini bildirib. O, “Güllələnmiş məzarlar” sosial filminin Cenevrədə İnsan Haqları Şurasının müxtəlif sessiyalarında, ayrı-ayrı müzakirələr zamanı nümayiş olunduğunu qeyd edib. Nobel Sülh Mükafatını qazanmış Beynəlxalq Sülh Bürosunun sentyabr ayında Berlində keçirilən “Avrasiyada Təhlükəsizlik” adlı toplantısı zamanı BAMF təmsilçisi Anastasiya Lavrina tərəfindən “Güllələnmiş məzarlar” filminin təqdim edildiyini vurğulayan BAMF prezidenti qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarında yaşamasına dair hüquqlarının təmin edilməsi, işğal olunmuş ərazilərimizdəki vəziyyətə dair beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının vacibliyini söyləyib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov bildirib ki, ermənilər Azərbaycan ərazilərini işğal edərkən orada olan maddi-mədəni abidələri vandalcasına dağıdıblar və bu abidələrin əksəriyyətinin onlara məxsus olması haqqında beynəlxalq aləmdə fikir yaratmağa çalışırlar. Təəssüf doğuran haldır ki, ermənilər Azərbaycanın işğal altındakı tarixi ərazilərində beynəlxalq ekspertləri cəlb edərək qazıntı işləri aparırlar. Çox zaman bunu öz mətbuatlarında yayımlayırlar. Orada hər hansı tarixi tapıntı əldə edəndə onun özlərinə məxsus olduqlarını bildirirlər. İşğal altında olan muzeylərimizdəki tarixi eksponatları dünyada öz tarixləri kimi təqdim edirlər. Sirr deyil ki, silahlı münaqişələr zamanı onlar işğal olunmuş ərazilərdə tarixi abidələrimizə odlu silahla atəş açmışdılar. Bizim torpaqlarımız müvəqqəti işğal altındadır. Biz fəaliyyətimiz zamanı onların bu vəhşiliklərini xarici dillərə tərcümə edib, beynəlxalq kitabxanalara göndəririk. Bizlər bu cür təbliğatla ermənilərin tarixi saxtalaşdırmaq məqsədlərinin qarşısını ala bilərik.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, bu film bir daha sübut edir ki, bizim mübarizə əzmimiz davam edir. Qarabağın hər guşəsində, hər qarışında bu cür dağıdılmış evlər, məzarlıqlar, tarixi yerlər var. Ermənilərin mədəniyyəti göz önündədir. Onlar terror, insanları qətlə yetirmək, tarixi abidələri məhv etməklə nədən ibarət olduqlarını nümayiş etdirirlər. Təəssüf ki, bizim belə qonşumuz var.
Milli Məclisin deputatı Qənirə Paşayeva qeyd edib ki, biz bu filmdə bir milyondan çox insanın acısını görə bilirik. Bu acıları paylaşırıq. Orada dağıdılan evlər bizim evlərimizdir, dağıdılan məzarlıqlar bizim məzarlığımızdır, tarixi abidələr bizim tariximizdir. Harada doğulub, yaşamasından asılı olmayaraq işğal olunmuş ərazilər bizim hamımızın torpağıdır, Vətənidir. Qəbirstanlıqlar, məzarlıqlar sadəcə əzizlərimizin uyuduqları yer deyil. Ermənilər bunu planlı şəkildə dağıdırlar. Ora bizim tarixi yaddaşımızdır. Orada neçə yüz illiklərin tarixi uyuyur. Filmin ingilis dilinə tərcümə olunması, beynəlxalq təşkilatlarda, auditoriyada nümayiş olunması bizim haqq səsimizin dünyaya çatdırılması deməkdir.
Digər çıxış edənlər bildiriblər ki, filmdə biz illərlə ermənilərin Azərbaycan mədəniyyətinə qarşı göstərdiyi vəhşi münasibəti görürük. Bu gün təkcə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi belə deyil. Bu gün ermənilər Qarabağın hər yerində bu cür vəhşiliklər ediblər. Bu cür filmlərin çəkilməsi Azərbaycanın haqq səsinin dünyaya çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.