Hava Dolev Azərbaycan dilində ilk klipini çəkdirdi - FOTO
Üç il əvvəl İsraildən Bakıya köçən populyar ifaçı Hava Dolev burada sözləri Həsən Babayevə, musiqisi isə Fəridə Kərimliyə məxsus olan “Bir söz var” adlı Azərbaycan dilində ilk klipini çəkib.
Rakus.az xəbər verir ki, klipin rejissoru Nail Naiboğlu, operatoru Fahir Səmədoğlu, montajçısı Rahid Bayramlıdır, işıq korreksiyası isə Aleks Anişenkoya məxsusdur.
Hava Dolev bildirib: “Bu mənim Azərbaycanda ilk klipimdir və mən çox həyəcanlıyam, çünki istəyirəm ki, bu işimi bütün azərbaycanlılar bəyənsin. Hər şey böyük sevgi, böyük gözlənti və böyük həyəcanla görülüb. Layihənin həyata keçirilməsinə görə yaradıcı kollektivə təşəkkür edirəm. Azərbaycanı səmimi qəlbdən sevirəm. Bu sevgi erkən yaşlardan başlayıb. Uşaqlıqdan bizim evdə Azərbaycan mahnıları – muğam, klassik və estrada mahnıları çalınıb. Həmin vaxt məndə Azərbaycan mədəniyyətinə və musiqisinə qeyri-adi sevgi yaranıb. Babam dahi Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasını dağ yəhudilərinin dilinə tərcümə edən ilk adamdır, Zülfüqar Hacıbəyovun əsəri üzrə “Aşıq Qərib” tamaşasını və Azərbaycan nağılı “Pəri xanım”ı səhnələşdirib. Mən əfsanəvi müğənni Rəşid Behbudov və Şövkət Ələkbərovanın heyrətamiz səsləri fonunda yuxudan oyanırdım. Həmişə demişəm ki, günlərin birində Azərbaycana yaşamağa gedəcəyəm. Bu torpaq Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Arif Məlikov kimi dahilər yetişdirib. Buna görə də mən bu mübarək torpaqda yaşamaq və yaratmağa görə xoşbəxtəm”.
Xatırladaq ki, H.Dolev Dərbənddə anadan olub. Müğənninin babası Abram Avdalimov Dağıstanın Xalq artisti olub, atası Şamay (Papik) Avdalimov və əmisi Binyamin Avdalimov tanınmış qarmon ifaçılarıdır. Hava 17 yaşında ailəsi ilə birlikdə İsrailə köçüb. O, orada 20 il ərzində uğurlu ifaçı kimi fəaliyyət göstərib. Havanı İsralin “Qızıl səsi” adlandırıblar. İvrit, rus, Azərbaycan dillərində olan kompozisiyalardan ibarət zəngin repertuara malikdir. Avropa, Türkiyə, Fransa, İtaliya və ərəb estradasının hit mahnılarını ifa edir. Lakin Azərbaycan musiqisi onun yaradıcılığında xüsusi yer tutur. O, İsraildə Azərbaycan musiqi sənətini fəal təbliğ edib, layihələrdən birini əfsanəvi Şövkət Ələkbərovanın xatirəsinə həsr edib, Xalq artisti Aygün Səmədzadə, ifaçılar Ayaz Qasımov və Nazim Pişyari və başqaları ilə layihələr həyata keçirib.