Fikrət Məmmədov hakimlərdən narazıları dinlədi
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir. Dövlət başçısının tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq oktyabrın 8-də Ədliyyə naziri Fikrət Məmmədov Füzuli rayonu Horadiz şəhərində Füzuli, Beyləqan və İmişli rayonlarda yaşayan və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Rakus.az xəbər verir ki, qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Horadiz şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Qəbul zamanı ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Səfər çərçivəsində nazir yerli ədliyyə orqanlarının və məhkəmələrin işi, habelə hazırda Füzulidə vətəndaşlara ədliyyə və digər sahələrdə xidmətlər göstərən Səyyar ASAN avtobusun fəaliyyəti ilə tanış olub.
Həmçinin, ədliyyə işçiləri və hakimlər ilə müşavirə keçirilərək ədliyyə və məhkəmə fəaliyyətinin dövlət başçısının tapşırıqlarına uyğun təkmilləşdirilməsi ilə bağlı görülən işlərə toxunulub, ölkə Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 2019-cu il 3 aprel tarixli Fərmanının müstəsna əhəmiyyəti vurğulanıb, qarşıda duran vəzifələr müzakirə olunub, məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin edilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyanın yolverilməzliyi ilə bağlı tövsiyə və tapşırıqlar verilib.