ƏƏSN Nazirliyi bu həftə canlı yayıma başlayır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ictimaiyyətə daha açıq olmaq və vətəndaşların suallarını operativ şəkildə cavablandırmaq üçün bu həftədən etibarən rəsmi Facebook səhifəsində canlı yayıma start verir.
Rakus.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə sosial sahədə aparılan islahatlarla əlaqədar vətəndaşları maraqlandıran bütün suallara canlı yayımda efirə gedən “Sosial saat”da aydınlıq gətiriləcək.
Açıq nazirlik statusunu öz fəaliyyətində tətbiq edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər həftə sosial sahə üzrə yeni mövzu və qonaqlarla rəsmi Facebook səhifəsi izləyicilərinin qarşısına çıxacaq.
Beləliklə, Facebook izləyiciləri sosial sahə ilə əlaqədar onları maraqlandıran suallarını birbaşa canlı yayımda ünvanlaya biləcəklər.
Hər dəfə növbəti canlı yayımın mövzusu və qonaq barədə izləyicilərə əvvəlcədən məlumat veriləcək.
“Sosial saat” hər həftənin cümə axşamı saat 11-də efirə çıxacaq.