Bu gün Ümumdünya Poçt Günüdür
9 oktyabr dünyanın hər yerində Ümumdünya Poçt Günü kimi qeyd edilir.
Rakus.az xəbər verir ki, bu il Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranmasının 145 illiyi tamam olur.
İttifaq 1874-cü ilin 9 oktyabr tarixində İsveçrənin Bern şəhərində yaradılıb. İyirmidən çox ölkə nümayəndələrinin iştirakı ilə keçmiş konqresdə ÜPİ-nin ümumi prinsiplərini, üzvlərinin hüquq və öhdəliklərini müəyyənləşdirən əsas sənəd – Ümumdünya Poçt Konvensiyası qəbul edilib. Hazırda bu qurumda 192 ölkə təmsil olunur. Ölkəmiz 1993-cü ildə ÜPİ-yə üzvlüyə qəbul edilib və həmin tarixdən ölkəmizdə də Ümumdünya Poçt Günü geniş qeyd olunur.
Son 15 ildə Azərbaycan ÜPİ-nin əksər tədbirlərində, ali qanunverici orqanlarının işində fəal iştirak edib və bu istiqamətdə fəaliyyətini davam etdirir. Ölkəmiz bu təşkilatın ali orqanlarına – Administrativ Şuraya (2004 və 2008-ci illər) və Poçt Əməliyyatları Şurasına (2008-ci il və 2016-cı illər) seçilib, onların müxtəlif layihə və işçi qruplarında təmsil olunub. Hazırda ÜPİ ilə əməkdaşlıq əlaqələri daha da genişlənməkdədir.
BMT-nin ixtisaslaşmış təşkilatlarından olan ÜPİ son illərdə Azərbaycan Poçtuna inkişaf proqramı çərçivəsində xeyli texniki yardımlar göstərib.
Bununla yanaşı, Azərbaycan Poçtu da müəyyən ölkələrdə təbii fəlakətlər və müharibə nəticəsində zərərçəkmiş poçt infrastrukturunun bərpası üçün ÜPİ-nin çağırışlarına cavab olaraq öz köməyini əsirgəmir.
Azərbaycan Poçtu dünyanın qabaqcıl poçt administrasiyalarından birinə çevrilib. Dünya ölkələri arasında ilk dəfə olaraq Azərbaycan Poçtunda Dünya Bankı tərəfindən ayrılmış kredit hesabına 2005-ci ildən “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin tətbiqinə başlanılıb. Layihə 2010-cu ildə uğurla sona çatdırılıb. Bu layihənin tətbiqi nəticəsində Azərbaycan Poçtu poçt-maliyyə xidmətlərinin göstərilməsində rəqabətədavamlı qurumlardan biridir.
Hazırda vətəndaşların telekommunikasiya, poçt və digər xidmətlərlə daha keyfiyyətli təmin olunması məqsədilə “Şəbəkə” xidmət mərkəzləri fəaliyyət göstərir. “Şəbəkə” mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir. Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, zərf, marka və açıqcaların satışı, pul köçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir.
Bu gün Azərbaycan Poçtu beynəlxalq tranzit poçt mərkəzi kimi də fəaliyyət göstərir. Müvafiq layihə çərçivəsində Çindən sifariş olunan elektron ticarət məhsulları Azərbaycana gətirilir və “Azərpoçt” tərəfindən tranzit poçt kimi emal olunaraq, dünyanın 20-dək ölkəsinə çatdırılır. Poçtdaşımaları “Silk Way” və “Azal” aviaşirkətləri vasitəsilə həyata keçirilir.
Həyata keçirilən məqsədyönlü işlərin nəticəsidir ki, Azərbaycan poçt sahəsində dəfələrlə beynəlxalq səviyyədə qiymətləndirilib. Ölkəmiz sürətli poçt xidmətlərinin (EMS) göstərilməsi üzrə müxtəlif illərdə ÜPİ tərəfindən Gümüş və Qızıl səviyyəli sertifikatlarla təltif olunub.