Məhkəmələrdə “açıq qapı”lar keçiriləcək
Avropa Şurası və Avropa Komissiyasının təşəbbüsü ilə 2003-cü ildən etibarən 25 oktyabr – Avropa Ədliyyə Günü qeyd olunur.
Rakus.az xəbər verir ki, bu günün keçirilməsində məqsəd vətəndaşların hüquqları və bu hüquqların həyata keçirilməsini təmin edən məhkəmələrin fəaliyyəti barədə məlumatlılığını artırmaq, ədalət mühakiməsinin əlçatanlığını təmin etmək, eləcə də Avropa Şurasının və Avropa Komissiyasının ədliyyə sahəsində işini təşviq etməkdən ibarətdir.
Üzv-ölkələr tərəfindən “Avropa Ədliyyə Günü” münasibətilə məhkəmələrdə ictimaiyyət üçün “açıq qapı”lar keçirilir. Azərbaycanın bütün məhkəmələrdə təşkil olunan tədbirlərdə vətəndaşların ədalət mühakiməsinin həyata keçirilməsi sistemi ilə yaxından tanışlığı, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, vətəndaşların müraciət imkanlarının genişləndirilməsi, məhkəmə infrastrukturunun müasirləşdirilməsi, müasir informasiya kommunikasiya texnologiyalarının və elektron sistemlərin tətbiqi və digər yeniliklər barədə məlumatlandırılması, onlara hüquqlarının müdafiəsi mexanizmləri və s. barədə izahlar verilməsi nəzərdə tutulur. Ötən il Avropa Şurası tərəfindən ölkəmizin “Avropa Ədliyyə Günü”nü ən fəal keçirən 4 dövlətdən biri olduğu təqdirəlayiq hal kimi dəyərləndirilib və belə tədbirlərin keçirilməsi üzv dövlətlərə tövsiyə edilib. “Avropa Ədliyyə Günü” ərəfəsində ənənəvi olaraq Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilir. Bu il Hollandiya, İspaniya, Lüksemburq və Sloveniyanın təqdim etdikləri layihələr həmin mükafatın qalibləri olub. Bununla əlaqədar CEPEJ prezidentinin sədrliyi ilə 25 oktyabr tarixində Norveçin Oslo şəhərində təqdimetmə mərasimi keçiriləcəkdir.
2017-ci ildə Azərbaycan bu müsabiqədə Məhkəmə-Hüquq Şurasının təqdim etdiyi “Məhkəmənin Nəbzi – İdarəetmədə İnqilab” layihəsi ilə iştirak edib və həmin layihə məhkəmə sistemində elektron idarəetmənin tətbiqi baxımından ən mütərəqqi layihə kimi qiymətləndirilərək qalib gəlmiş 4 layihə sırasına daxil edilib və ölkəmiz Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” mükafatına layiq bilinərək təntənəli surətdə Azərbaycan tərəfinə təqdim olunub.
Eyni zamanda, məhkəmə islahatları sahəsində mütərəqqi nailiyyətlərimiz, habelə ölkəmizin 50-dən çox dövlətin məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə köməklik edən və ədliyyə fəaliyyətinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verən Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) işində fəal iştirakı, səmərəli təmsilçiliyi və verdiyi dəyərli töhfələrin nəticəsi olaraq, 2018-ci ildə Azərbaycanın nümayəndəsi Ramin Qurbanov CEPEJ-in prezidenti seçilib.