Mətbuat 26.10.2019 23:15

Elə bir ailədənəm ki… – Tələbə yazır

… Mühafizə işçisinə tələbə biletimi göstərir və universitetin həyətinə daxil oluram. 5-6 addım atıram ki, qarşımda dekanımız Vüqar müəllimi görürəm. Harasa tələsdiyi hiss olunur. Səmimi görüşürük. Yarı zarafat, yarı ciddi deyir ki, sabaha hazırlaş, ilk səndən dərs soruşacam. O, bizə həm də PR (İctimaiyyətlə əlaqələr) fənnini tədris edir axı. Təbəssümlə “baş üstə” deyir, yoluma davam edirəm.
 Pilləkənləri iti sürətlə qalxır və fakültəmizə daxil oluram. Sağ tərəfə baxanda dekan müavinimiz, nəzəriyyəçi Könül xanımı görürəm. “Jurnalist” qəzetinin növbəti nömrəsini divara vurur. Yaxınlaşıb, əvvəlcə, salam verir, sonra da soruşuram: “Müəllimə, kömək lazımdır?”.  Təsdiq cavabı verir və qəzetin bir səhifəsini mənə uzadır. Xatırlayıram ki, keçən il Könül xanımın tədris etdiyi “Qəzetdə praktik iş” seçmə fənni çərçivəsində necə həyəcanla materiallar üzərində işləyir, sevinclə qəzetimizi divara vururduq. İndi əlimdə tutduğum səhifədə isə tamam başqa imzalar var… Müəllimə keçirdiyim hissləri sanki hiss edir və bildirir ki, nə vaxt istəsək növbəti nömrəni bizim qrupla da çıxarmağa hazırdır… Bir neçə dəqiqəyə işi bitiririk. Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasına tərəf gedirəm. Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının dosenti Aygün Əzimova auditoriyaların birindən çıxır. Məni görər- görməz tapşırır ki, mərhum professor Şirməmməd Hüseynov haqqında bir yazı hazırlayım. Sağ olsun, çoxları kimi o da mənə həmişə etimad göstərir.
 …Qapını döyür, içəri girirəm. Kafedranın müəllimlərindən Esmira xanımla salamlaşırıq. Həmişəki kimi üzündə təbəssüm var. Tələbələrdən birinə korrespondensiya janrını izah edir və bununla daim onlara (bizə) kömək etməyə hazır olduğunu göstərir. Məlum olur ki, kafedra müdiri professor Cahangir Məmmədli tədbirdədi. Məsləhət görür ki, bir azdan yenə gəlim.
  Telefonumdakı elektron saata baxıram, dərsin başlanmasına iki dəqiqə qalıb. Auditoriyaya tələsirəm. İlk dərs KİV-in dili və ədəbi redəktədir. Çox keçmir ki, dekan müavini Sevinc xanım otağa daxil olur və ləngimədən tapşırıqları yoxlayır. Hamının qarşısında bir qəzet var. Norma pozuntularını düzəltmişik. Bir-bir tribunaya çıxır, düzəlişlərimizi oxuyuruq. Müəllimə də öz fikrini deyir. 90 dəqiqə həmişəki kimi müzakirələrlə dolu olur. Tənəffüsdə yenə kafedraya gedirəm. Cahangir müəllim artıq gəlib. Səmimi formada görüşür və artıq fakültəmizin təcrübə laboratoriyalarından birinə çevrilən “525-ci qəzet” in son nömrəsindəki materialları müzakirə edirik. Mənə elə gəlir ki, bu cür söhbətlərin özü də auditoriyadakı mühazirələrə bərabərdir. Çünki uzun illərin təcrübəsinə malik Cahangir müəllim hər dəfə bizə tövsiyə və məsləhətlərini verəndə həm də elmi əsaslara, konkrət faktlara istinad edir. Fakültəmizin hörmətli müəllimlərindən Osman Gündüz də buradadır. Telefondan nə isə oxuyur. Bəlkə də, son informasiyalarla tanış olur. Yeni media, onlayn media sahələri üzrə mütəxəssis olan Osman müəllim həmişə yeniliyə meyilli olması ilə seçilib. Onu görəndə qəfil yadıma düşür ki, ikinci kursdan bəri mənə “10” bal borcludur (ilk mühazirəsində sualına düzgün cavab verdiyimə görə demişdi ki, yadıma sal, sənə seminarda “10” yazım. Ancaq sonradan məlum olmuşdu ki, seminarları başqa müəllim aparır). Bu düşüncələrlə kafedradan çıxanda dəhlizdə fakültəmizin qocaman müəllimlərindən- ilk kursdan tanıdığım, neçə- neçə jurnalist nəsli yetişdirmiş  professor  Akif Rüstəmov və dosent Mahmud Mahmudovla qarşılaşıram. Nəyisə müzakirə edirlər. İkisi ilə də əl tuturam. Mahmud müəllim haqqımda xoş sözlər deyir və ardınca adəti üzrə əlavə edir: “Tərifdən yanlış nəticə çıxarma”.
    Dekan müavini Aytəkin xanım dəhlizdə tələbələrlə söhbət edir, tövsiyələrini verir. Özünün səmimiliyi və mehribanlığı ilə çoxlarının rəğbətini qazanan bu müəllimə, az qala, yetirmələrinin bütün qayğıları ilə maraqlandır, diqqət və qayğısını onlardan əsirgəmir.
   İkinci saat radio televiziya jurnalistikası kafedrasının müdiri professor Allahverdi müəllimin dərsinə təsadüf edir. Auditoriyanın yanında dayanıb müəllimimizi gözləyəndə professorun kafedradan çıxıb şux qaməti ilə bizə tərəf gəldiyini görür və otağa keçərək yerimi tuturam. Allahverdi müəllim o pedaqoqlardandır ki, təkcə fənnini tədris etmir, həm də ümumi dünyagörüşümüzün artmasına çalışır. 90 dəqiqəlik mühazirə boyu dayanmadan danışır, daha çox informasiya verməyə çalışır. Tənəffüsdə  həyətə çıxıb bir az gəzirəm. Tədris binamızın qarşında dosent Zaur müəllimlə rastlaşıram. Zarafatla “Hə, dərslərdən yoruldun?” deyə soruşur. Çoxları bilir ki, Zaur müəllimin bu qədər sevilməyinin səbəbi həm də onun güclü yumor hissidir. Hiss edirəm ki, Çap texnikası və qəzet istehsalı fənninin mühazirələri üçün darıxmışam. Kaş yenə birinci kurs olaydıq və müəllimimiz hər həftənin cümə günü bizə qəzetlərin formalarından, maketləşmədən danışaydı.
   Bir neçə dəqiqəyə yenidən fakültəyə qalxır, dərsin növbəti hissəsində iştirak edirəm. Həqiqətən, tələbə maraqlı mühazirələrdə vaxtın necə keçdiyini bilmir. İfadə azadlığından, diğər qanunlardan danışa- danışa bir də baxırıq ki, zəng vurulur. Allahverdi müəllim fikirlərini yekunlaşdırır, səliqə ilə portfelini yığır. Əvvəlcə, o, sonra isə biz auditoriyadan çıxırıq.
   Yadıma düşür ki, laboratoriyadan qəzet götürməliyəm. Laboratoriya müdiri özünün sadəliyi ilə fərqlənən Afaq xanım xahişimi yerə salmır, masasının üzərindəki qəzetlərdən bir nüsxəni mənə verir. Gülnarə xanım da buradadır. İndiyə kimi  mənə dərs keçməyib, lakin tələbələrinin dediklərindən belə qənaətə gəlmişəm ki, o, tələbkar olmaqla yanaşı, həm də müəllim və nəzəriyyəçi kimi kifayət qədər peşəkardır.
    Növbəti dərsin nə olduğunu bilmək üçün cədvələ baxıram. Mirakif müəllimin tədris etdiyi Multimedia jurnalistikası seçmə fənnidir. İkinci mərtəbədəki 221-ci otağa düşürük. Müəllim artıq burdadır, proyektoru qoşur. Ümumiyyətlə, o, həmişə dərslərini texnikanın köməyi ilə keçir ki, bu da mühazirəni daha yaxşı mənimsəməyimizdə mühüm rol oynayır. Həmişəki kimi, ilk növbədə jurnalı yoxlayır, sonra isə dərsə başlayır. Mirakif müəllim əvvəlki semestrlərdə bizə KİV-də menecment və reklamın, fotojurnalisikanın sirlərini öyrədib, yeni medianın seminarlarını soruşub. Hər üç fəndən imtahandan alnıaçıq, üzüağ çıxmışıq. Arzu edirik ki, bu dəfə də elə olsun. Çünki Mirakif Babayev öz işini bilən əsl mütəxəssislərdəndir. Birinci 45 dəqiqənin bitdiyini bildirən zəngdən sonra üçüncü mərtəbəyə qalxıram. Auditoriyaların çoxu boşdur. Təkcə 300- cü auditoriyadan başqa. Bir də baxıram ki, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının sevilən müəllimlərindən Ellada xanım- Ellada İbadova həmin otaqdan çıxır.  İngilis bölməsində oxuyanlara jurnalistikanın müxtəlif sahələrinin sirlərini öyrədən, amma mənə dərs keçməmiş bu adamı da öz müəllimlərindən biri hesab edirəm. Çünki həmişə doğru yolu göstərməyə çalışır, tövsiyə və məsləhətlərini, təcrübəsini əsirgəmir. Salamlaşırıq. Niyə hələ evə getmədiyimlə maraqlanır. Cavab verirəm ki, dərsim var. Təbəssüm edir və kafedraya doğru addımlayır…
    … Mirakif müəllim fotoların redaktə olunmasından danışır. Üçüncü dərs saat olduğuna görə hiss olunur ki, o da bizim kimi yorğundur. Ancaq buna məhəl qoymadan çalışır ki, mühazirəsi mümkün qədər səmərəli və maraqlı olsun. Əslində bacarır da. Əksərimiz mövzunu elə dərsdə öyrənirik…
     Budur, telefonumdakı  saat 18:50-ni göstərir. Növbəti və günün sonuncu zəng səsi eşidilir. Bir-bir, iki-iki otaqdan çıxırıq . Jurnalları dekanlıqdakı rəfə qoymaq üçün üçüncü mərtəbəyə çıxıram. Könül xanım hələ də buradadır. Çünki dekan müavini fakültəmizi sonuncu tərk edir.  Ellada xanım isə tələbələri ilə danışa-danışa pilləkənləra sarı yeriyir.
     … İşıqlı fakültəmin səssiz dəhlizindəykən dərk edirəm: Jurnalistika fakültəsinin müəllim-tələbə heyəti bir ailədir. Əvvəl səni müşahidə edir, sınayırlar. Elə ki, gözləri tutdu sıralarına qəbul edir, bir dost, övlad, həmkar kimi yanaşırlar. Tez bir zamanda bu mühitə öyrəşirsən və  yolunun illərdir qocaman Bakı Dövlət Universitetinin iki saylı tədris binasının üçüncü mərtəbəsində dərs keçən, ömürlərini buraya bağlayan insanlarla kəsişdiyinə görə Tanrıya şükür edirsən. Məni bu ailə hələ tələbəykən jurnalist elədi.
     … Sabah həmin müəllimlərlə yenə görüşəcəm. Hələlik isə öyrətdiklərini təcrübədə tətbiq etmək üçün redaksiyaya gətməliyəm…
     P.S: Məzun olmaq ərəfəsindəykən fakültəmizin 50 illik yubileyinə həsr etdiyim bu yazıda bir çox müəllimlərim, o cümlədən  professor Qulu Məhərrəmli, Nəsiman Yaqublu, Sabir Məmmədli, dosentlər Qərənfil Dünyəminqızı, Məhəmmədismayıl Mehdiyev, baş müəllim Əli Hacıyev, müəllimlər Güney Firidunbəyli, Anzulə Cəfərova, Samir Xalidoğlu, studiya müdirimiz Ramin Rzayev ve digərləri haqqında heç nə deyə bilmədim. Çünki yuxarıdakı qeydlər fakültədəki bir günümün xülaləsi idi. Buna baxmayaraq, nə vaxtsa bir kitab yazacağıma və məni jurnalist kimi yetişdirən bütün müəllimlərim haqqında xatirələrimi bölüşəcəyimə söz verirəm. Hələlik isə dörd il ərzində tanıdığım müəllimlərin hər birinə dərin minnətdarlıq  hissi ilə qeydlərimi bitirirəm.
Kənan Novruzov,
BDU-nun Jurnalistika fakültəsinin dördüncü kurs tələbəsi

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO