Şəhriyar yurd sevgisinin həsrətini çəkirdi
Şəhriyar təxəllüsü ilə tanınan Seyid Məhəmmədhüseyn Behcət Təbrizi 1906-cı ildə Təbrizdə anadan olub. Onun uşaqlıq illəri Məşrutiyyə inqilabının başladığı dövrə təsadüf edir. Hələ qundaqda olarkən Məşrutə inqilabının lideri Səttərxan onların evinin divarını dəlib, anası Kövkəb xanımın razılığı ilə evlərini səngərə çevirirlər. Bu səbəblə atasının doğma yurdu Xoşginab kəndinə köçürlər. Bütün uşaqlığı “Heydərbabaya salam” poemasında da adını çəkdiyi Xoşginabda, Heydərbaba dağının ətəyində keçir.
Təbriz əfsanəvi şəhər idi onsuz. Şəhriyar Təbrizdən yazdıqca o daha da gözəlləşirdi sanki. Şəhriyar sevgisi çox böyük sevgi idi. Sevdiyi hər şeyi bir başqa gözəl edirdi. Şəhriyar sənəti hər şeyi daha füsunkar canlandırırdı bizim xəyalımızda. Hər kəsin uca bildiyi “Heydərbaba dağı” əslində kiçik bir təpədi. Şəhriyar sevgisi idi təpəni dağ edən. Bu misal da sanki Şəhriyar üçün deyilmişdi. Şəhriyar sehirli bir şair idi məncə. Bir şeir yazıb hər şeyi daha gözəl edə bilirdi. “Heydər babaya salam” poeması da bunlardan biri idi. Sadə el dilində, anası Kövkəb xanımın ricası ilə yazmış olduğu bu poema onu daha çox şöhrətləndirmişdir. Bundan əvvəl fars və fransız dillərində əsərlər yazmışdır.
Heydər Baba, sənin gönlün şad olsun,
Dünya varkən ağzın dolu dad olsun,
Səndən keçən tanış olsun, yad olsun,
Deynə, mənim şair oğlum Şəhriyar,
Bir ömürdür qəm üstünə qəm qalar
Şəhriyar orta təhsilini Təbrizdə bitirdikdən sonra Tehrana yollanır. Tehran Universitetinin tibb fakültəsində təhsil almağa başlayır. Məhəmmədhüseynin hekayəsi də, burdan başlayır. Şairin ilk sevgisi universitetdə oxuyarkən Sürəyya adlı qız olur. Sürəyya haqqında çox az adamla danışardı. Sevdiyi qızı hamı tanımaması üçün onu Pəri adlandırardı.
Onların xoşbəxtliyi uzun sürmür. Sürəyyanı eyni zamanda İran şahı Rza şah Pəhləvinin əmisi oğlu Çıraqəli də sevir. Sürəyyanın ailəsi onun Çıraqəli ilə evlənməsinə razılıq verir. Şəhriyar Sürəyyanı son dəfə görmək üçün qızın anasına yalvarır. Bu yalvarışlardan sonra anası görüşə razı olur. Sevgililər son dəfə Tehranın Behcətabad parkında görüşməyi planlayırlar. Sevgilisini son dəfə görmək ümidi ilə gecə həmin yerə gələn şair səhərədək gözləyir, amma onun “Pəri”si gəlmir. Şair heç vaxt unuda bilmədiyi həmin gecədən yadigar olaraq məşhur “Behcətabad xatirəsi” şeirini qələmə alır.
Ulduz sayaraq gözləmişəm hər gecə yarı,
Gec gəlmədədir yar yenə, olmuş gecə yarı.
Gözlər asılı, yox nə qaraltı, nə də bir səs,
Batmış qulağım gör nə döşürməkdədi darı
Sürəyyanın Şəhriyarı sevdiyini öyrənəndə şairi zindana salırlar. Rza şah xidmətçilərə əmr verir ki, məhbusların qəhvəsinə zəhər töksünlər. Bundan xəbərdar olan şairin anası xidmətçilərə yalvarır ki, oğlu çox cavandır və seyyiddir, onu öldürməsinlər. Xidmətçi gizlincə razılıq verir. Şəhriyar zindanda 18 gün qalır. Eşqinin ucbatından zindana düşən Şəhriyarı bu dəfə Nişapura sürgün edirlər. Şəhriyar Nişapurda olanda Rza şah Çıraqəlini saray sənədlərindəki səhvinə görə qəhvəsinə zəhər töküb, öldürtdürür. Dostları bir çox cəhdlərdən sonra ustadı Nişapurdan Tehrana gətirə bilirlər.
O, söhbətlərinin birində söz açılanda deyir ki, “əgər Sürəyya ilə izdivacım olsaydı, indi doktor Məhəmmədhüseyn Təbrizi idim. Daha indiki Şəhriyar deyildim. Məni bura yüksəldən o eşq, o ayrılıq oldu.
Bəs, Şəhriyarın axır taleyi necə olur, Pərisiz günləri necə ötüşür? Ötmür. Düz 28 ildən sonra qohum-əqrabanın təkidi ilə bibisi qızı Əzizə xanımla evlənən Şəhriyarın qəm-kədər dünyasına işıq düşür. Birinci övladı Şəhrzad dünyaya gəlir. Daha sonra uca yaradan ona Məryəm və Hadini bəxş edir. Könül xoşluğu tapır. Bir müddət keçdikdən sonra Əzizə xanım infakt keçirərək vəfat edir. Həyat yoldaşının qəfil ölümü şairi bərk sarsıdır. Şair bir siqareti sönməmiş, digərini yandırır, kim bilir? O dumanlarda neçə-neçə fikirlər, xəyallar bir-birinə calanır, getdiyi həyat yolumu gözünün qarşısına gəlir yoxsa daha başıma nə gələcəkki düşüncəsi?
Şəhriyarın sevgisi bununla bitmir, Sürəyya ilə tamamlanmır. Ən ölməz, bir sevgisi daha var idi. Hansı ki bütün ömrü boyu həsrətini çəkdiyi, nə etsə də qovuşa bilmədiyi bir sevgi.. Azərbaycan sevgisi. Yurd sevgisi.
Şəhriyar şəhrindən ayrı düşənlərin də şairi idi. Şəhriyar şəhrindən ayrı qala bilməyən ama öz şəhrinə də gələ bilməmiş şair idi. Həyat onu məcbur da olsa səbirli insan etmişdi. Gözləməyi öyrətmişdi. Şimallı qardaşları ilə qovuşacağı günləri gözləyərdi. Ancaq içindəki Azərbaycan sevgisini, şimal sevgisini, üsyankarlığını yazdıqlarında görməmək mümkünsüz idi.
Övladların nə vaxtadək tərki-Vətən olacaqdır? Əl-ələ ver!Üsyan eylə! Oyan! Oyan! Azərbaycan!
Bəsdir fəraq odlarından kül ələndi başımıza, Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!
Şəhriyarın ürəyi də səninkitək yaralıdır, Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan
misralarını hər oxuduqca Şəhriyar oluruq. Dönüb Bakıya təzdən vurulur,
Biz də Təbrizə xəyali səyahət edirik eyniylə şairimiz kimi.
Başından çox faciələr ötmüş Şəhriyarın ömrünün son illəri də sıxıntılı keçir. İran inqilabından sonra İranın dini lideri Ayətullah Xomneyi Şəhriyarı ziyarət edir. Dini lider bu sıxıntılarına görə ona pul qəbzi verir. Lakin Şəhriyar qəbzi qəbul etmir və pulun hərbiçilərə verilməsini istəyir. Faciələr şairə o qədər təsir göstərir ki, həyata, insanlara şübhə ilə yanaşır, ona dəyər verənləri özündən uzaqlaşdırmağa çalışır. Cismən yaxınlarının yanında olsa da, daim fikirli, qəmli olur.
Ömürünün son illərini xəstə yatağında keçirir. Onun sənətinə hörmətlə yanaşan İranın dini lideri xəstəxanada olanda da şairi tək buraxmır. Ölümü dadmağa məhkum olan hər insan kimi şair də 18 sentyabr 1988-ci ildə əbədi mənzilinə yola salınır.
Şairdən “Şüəra Məqbərəsi” haradadır? deyə soruşulanda ” harada məni dəfn etsələr ora da Şüəra Məqbərəsidir” deyə cavab vermişdir.
Təbrizdə dünyaya göz açmış şairin əvəzolumaz ustadı elə Təbrizdə “Şüəra məqbərəsi”ndə dəfn edilir. Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi gün hər il İranda “Milli şeir günü” kimi qeyd edilir.
Elvin Teymurov