Qoşa Qala qapılarında bərpa-konservasiya işləri başa çatdı - FOTO
İçərişəhərin Qoşa Qala qapılarında bərpa-konservasiya işləri başa çatıb.
Rakus.az xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu (DTMQ) İdarəsinin mətbuat xidmətindən bildirilib.
Bərpa-konservasiya işləri Avstriyanın tanınmış “Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən həyata keçirilib. 2019-cu ilin ortasında başlayan layihəyə əsasən, Qoşa Qala qapıları həm İçəri Şəhər (daxili), həmçinin Bayır şəhər (fasad) tərəfindən bərpa-konservasiya edilib.
Bərpa və konservasiya işləri ilk öncə Qala divarlarının daxili hissəsindən başlanıb, daha sonra isə qapılarının yanındakı iki bürc də daxil olmaqla abidə xaricdən bərpa olunub.
Qeyd edək ki, Qala divarları bütövlükdə sonuncu dəfə 1952-1957-ci illərdə bərpa edilib. Yarım əsrdən çox müddətdə isə tarixi abidə restavrasiya edilməyib, yalnız 2011-2012-ci illərdə İdarə tərəfindən Qala divarlarının 150 metrə yaxın hissəsi şimali-qərb istiqamətindən bərpa edilib.