Gözümüzün qarşısında sönən Konservatoriya – EKSPERT
“Ölkədə durğunluğun hökm sürdüyü Ali məktəblərdən biri də Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasıdır.”
Rakus.az xəbər verir ki, bunu təhsil üzrə ekspert Etibar Əliyev deyib.
Qeyd edib ki, zəngin tarixə malik olan bu təhsil ocağına 28 ildir ki, 72 yaşlı Fərhad Bədəlbəyli rəhbərlik edir. Onun bioqrafiyasında yazılır: “1991-ci ildən F. Bədəlbəyli onun təşəbbüsü ilə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasına çevrilmiş Azərbayan Dövlət Konservatoriyasının rektorudur.” Konservatoriyanın Musiqi Akademiyasına çevrilməsinin səhv olmasını Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə belə izah etmişdi: “Mənim işlədiyim yeganə yer Konservatoriya olub. İndi akademiya deyirlər. Amma onun əsl adı elə konservatoriyadır. Çünki akademiya və konservatoriya ayrı-ayrı şeylərdir. Adı dəyişdirməyin mənası yoxdur. Adı dəyişdirməkdənsə, keyfiyyəti dəyişdirmək lazımdır.”
Dünən mənə Üzeyir bəyin adını daşıyan bu Akademiyanın nüfuzlu bir əməkdaşı müraciət edib. Deyir ki, Fərhad Bədəlbəyli Opera studiyasını restorana çevirib: “Milli- mənəvi dəyərlərimizi nəzərə alaraq restoranın birinin adını “Şur” qoyub. Digər restoran Süleyman Ələsgərov küçəsindəki səkini zəbt edib. Opera studiyasının bir hissəsini Akademiyaya aidiyyatı olmayan, özünə məxsus olan “Musiqi qalereyası”na verib. Rektor demək olar ki, vətəndaşları qəbul etmir. Bir dəfə olsun auditoriyaya girməyib. Yetirməsi yoxdur. O, binadan çıxanda insanlar arxasınca qaçıb problemlərini deməyə çalışırlar. O isə avtomobilinə minib onlardan qaçır. İstedadlı müsiqiçilər Akademiyadan sıxışdırılır və bu səbəbdən oranı tərk edirlər.”
Yadıma yenə Xəyyam Mirzəzadənin Fərhad Bədəlbəyli haqqında dedikləri düşdü: “Konservatoriyada işləyəndə ərizə yazdım ki, noyabrın 1-dən işə çıxmayacağam. Ərizəni alan dedi, rektorla danışmısınız? Dedim, rektorla danışmaq nəyimə lazımdır? İndi deyirlər ki, gəlsə, götürərik. Bəs o vaxt heç olmasa konsultant saxlayardınız. Bu adamlar öz keflərindədir. Musiqi təhsili çox pis haldadır.”
Xəyyam müəllim haqlıdır. O, öz kefindədir. Təkrar edirəm: böyük Üzeyir bəyin adını daşıyan bu Akademiyanı durğunluqdan, laqeydlikdən, kiminsə şəxsi mülkiyyəti kimi idarəetməsindən xilas etməyin vaxtı çatacaqmı?
P.S. Fərhad Bədəlbəylinin görkəmli musiqiçi olmasına heç kimin şübhəsi yoxdur. Ancaq Böyük Üzeyir Hacıbəyovun adını daşıyan bu musiqi məbədini yaman günə qoymağa heç kimin mənəvi haqqı yoxdur. Bu, Azərbaycan xalqına məxsusdur.
İstedadlı insan əxlaq, mənəviyyat, mədəniyyət daşıyıcısı olmalıdır. Bunlar yoxdursa, istedad şübhə altına alınır.