DSX leytenant Fərid Əzizli barədə açıqlama yaydı
Son günlər bəzi sosial mediada və “YouTube” kanalında Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti leytenant Əzizli Fərid Ceyhun oğlunun DSX-nin bir sıra vəzifəli şəxslərini hüquqa zidd əməllərdə ittiham etməsi barədə videoyazısı yayılıb.
Rakus.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi bununla bağlı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, leytenant F.Əzizlinin ictimailəşdirdiyi məsələlərlə əlaqədar DSX-də araşdırma aparılıb, aidiyyəti hərbi qulluqçuların izahatları alınıb, guya qeyri-etik davranışa məruz qaldığı bildirilən vətəndaş dinlənilib. Araşdırma nəticəsində göstərilən hallar təsdiqini tapmayıb. Əsgərin valideyni ona qarşı hər hansı qeyri-etik davranışın, yaxud fiziki təsirin baş vermədiyini bildirib.
“Məlumat üçün bildiririk ki, leytenant F.Əzizli xidmətində yol verdiyi ciddi nöqsanlara görə bir neçə dəfə attestasiya qaydasında Silahlı Qüvvələrin ehtiyatına buraxılmağa təqdim olunub. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən gənc zabit olması nəzərə alınaraq, xidmətində dönüş yaratması üçün ona imkan verilib, lakin xidməti fəaliyyətində nöqsanlara yol verməyə davam edib.
Hazırda attestasiya qaydasında Silahlı Qüvvələrin ehtiyatına buraxılmağa təqdim olunan və bununla əlaqədar tibbi şəhadətləndirilməsi keçirilən leytenant F.Əzizlinin zabitlərə böhtan atmasında əsas məqsədi şantaj yolu ilə özünün xidmətdə saxlanılmasına nail olmaq, bu alınmadığı halda isə DSX-nin şəxsi heyəti sırasından kənarlaşdırıldıqdan sonra bu halı xidməti vəzifələrinin icrasında yol verdiyi nöqsanlarla deyil, guya “həqiqəti” yaydığına görə xidmətdən uzaqlaşdırılması ilə izah edə bilməkdir.
Həmin videoyazıda Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinə böhtan atılması, yəni, onların şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatların yalan olduğunu bilə-bilə yayılması ilə əlaqədar toplanılmış materiallar müvafiq hüquqi qiymətin verilməsi üçün rəsmi qaydada Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna göndərilib. Leytenant F.Əzizli xidməti vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb”, – DSX Mətbuat Mərkəzinin məlumatında qeyd olunub.