PJB Bayraq Günü cəbhə bölgəsində aksiya keçirdi - FOTO
Parlament Jurnalistlər Birliyi (PJB) 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə cəbhə bölgəsində ənənəvi bayraq aksiyası təşkil edib.
Rakus.az xəbər verir ki, təşkilatın 20-yə yaxın üzvü bu dəfə Bərdə, Ağdam, Tərtər, Goranboy və Göygöl rayonlarında olub, Dövlət Bayrağı Gününü bu rayonların sakinləri ilə birlikdə qeyd ediblər.
PJB-nin artıq beş ildir ölkəmizin müxtəlif bölgələrində ənənəvi qaydada bayraq aksiyası təşkil etdiyini vurğulayan Birliyin sədri Elşad Eyvazlı deyib: “Məqsədimiz insanlarda bayraq sevgisini daha da artırmaqdır. Bu aksiya kiməsə bayraq hədiyyə etməklə bitmir. Aksiya çərçivəsində həm də ayrı-ayrı bölgələrdə vətəndaşların bayraq sevgisi ilə bağlı monitorinq aparılır”.
Aksiya çərçivəsində PJB üzvləri əvvəlcə Bərdə rayonunda olublar. Birliyin üzvləri rayonun mərkəzində bir neçə məkanda olub, yerli sakinlərə bayraq paylayıb, onlarla, xüsusilə, azyaşlı uşaqlarla, məktəblilərlə bayraq, Dövlət Bayrağı Günü ilə fikir mübadiləsi aparıblar.
Daha sonra jurnalistlər ərazisinin 70 faizi işğal altında olan, minlərlə şəhid vermiş, 16 Milli Qəhrəmanı olan Ağdam rayonu ərazisinə səfər ediblər. Rayon ərazisində yolların bayraqla bəzədilməsi jurnalistlərdə xoş ovqat yaradıb. Rayonun Quzanlı və Yeni İmanqulubəyli qəsəbələrində olan PJB üzvləri yerli sakinlərin, məcburi köçkünlərin bayrağımıza qarşı səmimi və sayğılı münasibətini görüblər.
Məcburi köçkünlərin məskunlaşdıqları Yeni İmanqulubəyli qəsəbəsində keçirilən aksiya daha yaddaqalan olub. Belə ki, bayraq hədiyyə edilən azyaşlı məcburi köçkün uşaqların “Azərbaycan, Azərbaycan” deyərək sevinmələri aksiyanın hər bir iştirakçısında xoş təəssürat yaradıb.
Bundan başqa, PJB üzvlərindən bir neçəsi qəsəbədə məcburi köçkün ailələrin övladlarının toy mərasimində iştirak edib, yeni qurulan ailəni, bəylə-gəlini, onların yaxınlarını, məclis iştirakçılarını həm toy, həm Dövlət Bayrağı Günü münasibətilə təbrik edib, onlara bayraq veriblər. Yeni qurulan ailəyə və Azərbaycan xalqına xoşbəxtlik arzuları ifadə olunub.
Ağdam sakinləri ilə görüş zamanı bu rayonun işğal altında olan bölgələri ilə yanaşı, Azərbaycanın erməni tapdağı altında olan digər yurd yerlərinin də tezliklə işğaldan azad edilməsi və həmin ərazilərdə də üçrəngli bayrağımızın dalğalanması arzusu dilə gətirilib.
Xoş duyğularla Ağdamdan ayrılan PJB üzvlərinin növbəti dayanacağı düşmənə sipər olan Tərtər rayonu olub. Cəbhə bölgəsi olan Tərtərdə ilk andan Dövlət Bayrağı Günü əsl bayram ab-havası ilə hiss edilib. Küçələrdə, rayonun mərkəzi yerlərində, bütün dövlət binalarının üzərində dövlət bayraqları qürurla dalğalanıb.
Rayon sakinləri ilə görüşlərdə PJB üzvləri özləri ilə gətirdikləri bayraqları onlara paylayıb, sakinlərin bayrağa, Dövlət Bayrağı Gününə münasibətlərini, fikirlərini və arzularını dinləyiblər.
Tərtərdə hərbi paltar geyinən 7 yaşlı uşağın PJB üzvü ilə dialoqunda “Bayrağımızı Qarabağda dalğalandıracağıq” deməsi isə bu kiçik yaşlı oğlanın gələcəyin vətənpərvər, igid Azərbaycan övladı olacağından xəbər verib.
Birliyin üzvlərinin sonrakı dayanacağı cəbhə bölgəsi olan və düşmən qarşısında mətinliklə duruş gətirən qəhrəman Goranboy rayonu olub. Burada da Dövlət Bayrağı Gününü özündə yaşadan ab-hava müşahidə olunub. Aksiya zamanı PJB üzvləri Xan Qərvənd kəndində, Qızılhacılı qəsəbəsində və Goranboy şəhərində yerli sakinlərə, xüsusilə, məktəblilərə bayraq paylayıb, onlarla söhbətlər ediblər.
Yerli sakinlər, məktəblilər belə bir aksiyaya görə PJB üzvlərinə minnətdarlıqlarını bildirib, dövlət bayrağına ehtiramlarını və tükənməz sevgilərini ifadə ediblər.
Goranboyda söhbət etdiyimiz uşaqların demək olar ki, hamısı milli bayrağımızdakı rənglərin mənasını dəqiq söyləyiblər. Hətta 5 yaşlı oğlanın “mavi türkçülüyü, qırmızı müasirliyi, yaşıl isə islamı bildirir” və bunun ardınca “bir kərə yüksələn bayraq bir daha enməz”, “Yaşasın, Azərbaycan” sözləri hər kəsi duyğulandırıb.
Bayrağı sevinclə qəbul edən digər uşaqlar “Bu, Azərbaycandır” deyib və Vətənə həsr olunmuş şeirlər söyləmək üçün növbəyə düzülüblər.
Jurnalistlər Ağdamda olduğu kimi, Goranboyda da toy məclisində iştirak ediblər. PJB üzvünün şəhərin mərkəzindəki şadlıq evinə daxil olmaq istəyən bəylə gəlinə bayraqlı təbriki hər kəs üçün gözəl sürpriz oldu. Dövlət Bayraq Günündə ailə quran bəylə gəlinin şadlıq sarayına əllərində bayraqla daxil olması qonaqlara da xoş hisslər yaşadıb.
Aksiya Göygöl rayonunda başa çatıb. PJB-nin üzvlərini rayonun girişində əllərində Azərbaycan və qardaş Türkiyənin dövlət bayraqlarını dalğalandıran süvarilər dəstəsi qarşılayıb. Jurnalistlər onlarla görüşərək xatirə şəkilləri çəkdirib, bu addımlarına görə süvarilərə təşəkkürlərini bildiriblər.
Göygöllü gənclər üçrəngli bayrağımızla bağlı xoş duyğular yaradan fikirlər ifadə ediblər.
Beləliklə, PJB-nin daha bir aksiyası uğurla başa çatıb. Aksiyanın keçirildiyi cəbhəboyu rayonlarda dövlətimizə, vətənimizə, bayrağımıza sonsuz məhəbbət və ehtiram hissləri müşahidə olunub. Kiçikdən tutmuş böyüklərə qədər hər kəs bu bayraqları böyük coşqu ilə qəbul edib.
Məktəblilərin, abituriyentlərin böyük üstünlük təşkil etdikləri aksiyada onların üçrəngli bayraq haqqında geniş məlumata sahib olmaları müəyyənləşib. Cəbhə bölgəsində sakinlərin bayrağa münasibəti qürurverici və təqdirəlayiqdir. Onların bayraqla bağlı bir arzusu, istəyi var: “Tezliklə qələbə qazanaq və bu bayrağı işğaldan azad etdiyimiz torpaqlarımızda dalğalandıraq”.