Sumqayıtın 70 illiyi qeyd olunacaq
Bu gün Sumqayıtın şəhər statusu almasının 70 illiyi tamam olur. Prezidentin sərəncamına görə, Sumqayıt Şəhər İcra Hakimiyyətinə şəhərin 70 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.
Rakus.az xəbər verir ki, Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar bu gün saat 11:00-da ümumşəhər tədbiri keçiriləcək.
Sumqayıt yarandığı dövrdən etibarən müasir sənaye şəhərinə çevrilmək istiqamətində qazandığı uğurların miqyasını ildən-ilə genişləndirərək parlaq inkişaf yolu keçib. Özünün iri müəssisələr şəbəkəsi və müvafiq infrastrukturunu formalaşdıran şəhər qısa müddət ərzində ölkənin aparıcı sənaye mərkəzlərindən biri kimi tanınıb, eyni zamanda, mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə böyük müvəffəqiyyətlər əldə edib.
Bu gün şəhərin Sülh prospekti xüsusi abadlaşdırılıb. Tədbirin keçiriləcəyi Sumqayıt Dövlət Dram teatrının qarşısında hazırlıq işləri başa çatıb. Açıq havada təşkil olunacaq yubiley tədbiri çərçivəsində şəhərin Azərbaycan prospekti boyunca Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin müşayəti ilə hərbçilərin hərbi keçidi və Dövlət Sərhəd Xidmətinin müasir silahları nümayiş olunacaq.
Şəhərin 70 illiyinə hazırlıq çərçivəsində Sumqayıt tamamilə yeni görkəm alıb. Uzunluğu 4,2 kilometr təşkil edən Dənizkənarı Bulvar ərazisi şimala doğru 1 kilomert genişləndirilib. Bundan əlavə yeni Nizami Kinoteatrı və Muğam Mərkəzi yaxın vaxtlarda şəhər sakinlərinin ixtiyarına veriləcək. Şəhərin ümumi görünüşü gecə saatlarında da valehedicidir. Bütün bunlar prezident İlham Əliyevin tapşırığı ilə regionların sosial-iqtisadi inkişafı müvafiq Dövlət Proqramlarının icrası sayəsində mümkün olub.
Xatırladaq ki, Sumqayıta 1949-cu il noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə şəhər statusu verilib.