Üç ölkənin opera ulduzu Bakıda bir araya gəldi
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Rudjero Leonkovallonun “Payatsı” operası nümayiş olunub.
Rakus.az xəbər verir ki, teatrdan bildirilib ki, tamaşanı idarə etmək üçün sənət ocağının rəhbərliyi tanınmış italiyalı dirijor – Makedoniya Dövlət Opera və Balet Teatrının baş dirijoru, professor Yakopo Sipari di Peskasserolini dəvət edib. Maestro Sipari, eyni zamanda, Qətər Simfonik Orkestri, İstanbul Milli Simfonik Orkestri, Belqrad Milli Teatrı Orkestri və Meksika Simfonik Orkestrinin dəvətli dirijorudur.
Operada baş rolu – Kanio partiyasını Tbilisi Dövlət Opera və Balet Teatrının solisti, Gürcüstanın Xalq artisti, Gürcüstanın Dövlət mükafatı, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, professor Teymuraz Ququşvili ifa edib.
Tonio rolunu Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belarusun Əməkdar artisti, beynəlxalq müsabiqələrin laureatı Stanislav Trifonov canlandırıb.
Tamaşada, həmçinin Azərbaycanın Əməkdar artistləri Afaq Abbasova (Nedda), Cahangir Qurbanov (Silvio), Əliəhməd İbrahimov (Arlekin) və Tural Ağasıyev (Kəndli) rol alıblar.