Siyasi 22.11.2019 00:01

Bu gün ədliyyə işçilərinin peşə bayramıdır

Azərbaycanda noyabrın 22-si ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Rakus.az xəbər verir ki, Azərbaycanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Müstəqil dövlətimizin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Həmin dövrdə Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək 1918-ci il mayın 28-də – Azərbaycan Demokratik Respublikasının (ADR) elan edildiyi gündə Ədliyyə Nazirliyi də yaradılmışdır.

Nazirlik öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlamış, gərgin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa edilmiş, binalar qaydaya salınmış, çətinliklə də olsa hüquq ədəbiyyatı kitabxanası yaradılaraq 6 aylıq hüquq kursları təşkil edilmişdir.

Həmçinin, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilmiş, o cümlədən 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir. Cəzaçəkmə yerləri ilə aparılan işin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyəti nəzərə alınaraq hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş, nazirliyin təşəbbüsü ilə “İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında”, “Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında”, “Azərbaycan andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında”, ADR-in yaranmasından il yarım keçməsi münasibətilə ümumi amnistiya haqqında və digər qanunlar parlamentin müzakirəsinə çıxarılmışdır.

Azərbaycan Demokratik Respublikasının 1920-ci il aprel ayının 27-28-də Sovet hökumətinin XI Qızıl Ordusu tərəfindən işğal edildikdən sonra inqilab komitəsinin 1920-ci il 13 may tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilmiş, Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir. Lakin 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdir.

1933-cü ildə məhkəmələrin, prokurorluğun, istintaqın birləşdirilməsi, vahid məhkəmə siyasətinin həyata keçirilməsi, bütün hakimiyyət orqanlarının, təsərrüfat müəssisələrinin, ictimai birliklərin və fiziki şəxslərin hərəkətlərinin qanuniliyini müşahidə etmək məqsədi ilə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilmiş, onun səlahiyyətinə qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, əhaliyə hüquqi yardımın təşkili, penitensiar sistemin idarə olunması, Ali Məhkəməyə, Dövlət prokurorluğuna və vəkillərə rəhbərlik etmək funksiyaları daxil edilmişdir.

1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsi təsdiq edilmiş, onun səlahiyyətləri xeyli məhdudlaşdırılmış, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olmuşdur. 1959-cu ildə Ədliyyə Komissarlığı yenidən ləğv edilmiş, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə edilmiş, Nazirlər Soveti yanında Hüquq Komissiyası təşkil olunmuş və bununla da Ədliyyə Komissarlığının səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülmüşdür.

Sovet hakimiyyəti illərində ifrat mərkəzləşdirilmiş hakimiyyətə aludəçilik, ayrı-ayrı dövrlərdə ədliyyə orqanlarından repressiya aləti kimi istifadə edilməsinə yönələn dövlət siyasəti, bu orqanların dəfələrlə ləğv edilib yenidən yaradılması ədliyyə sisteminin sabit struktura malik olmasına və işinin təşkilinə maneçilik törədirdi.

Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmışdır. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yaranmışdır.

Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və ulu öndər Heydər Əliyev ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirilmiş, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artmış, səlahiyyət dairəsi genişlənmişdir.

Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədi ilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr – 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edilmiş və ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir. O gündən ədliyyə işçiləri öz peşə bayramlarını qeyd edirlər.

Ümummilli lider Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsinə, demokratik dövlət quruculuğuna, o cümlədən məhkəmə-hüquq islahatlarına başlanılmışdır. Nəticədə ölkəmizdə beynəlxalq standartlara cavab verən qanunvericilik bazası yaradılmış, demokratik prinsiplərə əsaslanan yeni məhkəmə sistemi təsis edilmiş, ədliyyə orqanlarının səlahiyyətləri genişləndirilmiş və onun qarşısında yeni vəzifələr qoyulmuş, şəffaf prosedurlar əsasında peşəkar hakim və ədliyyə korpusu formalaşdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar və 17 avqust tarixli fərmanları məhkəmə və ədliyyə orqanlarının inkişafının yeni mərhələsini müəyyən etmiş, məhkəmə-hüquq sisteminin müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsinə, ölkəmizin regionlarında hüquq infrastrukturunun genişləndirilməsinə şərait yaratmışdır.

İslahatların bu mərhələsində məhkəmə və ədliyyə orqanlarının inkişafının əsas məqsədləri əhalinin hüquqi təsisatlara və hüquqi yardıma tələbatının ödənilməsi, yeni nəsil hakim və hüquqşünasların formalaşdırılması, məhkəmələrin müstəqilliyinin və məhkəmələrə inamın artırılması, məhkəmələrə və ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasıdır.

Hüquq sisteminin təkmilləşdirilməsi, həmçinin əhaliyə göstərilən notariat və digər hüquqi xidmətlərin, hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatının, məhkəmə ekspertizasının, penitensiar müəssisələrin və məhkəmə icraçılarının işinin müasir tələblər səviyyəsində qurulmasına yönəlmişdir.

Azərbaycan Respublikasının Prezidenti seçilməsinin ilk dövrlərindən ədalət mühakiməsinin səmərəsinin artırılmasına xüsusi diqqət yetirən dövlət başçısı İlham Əliyevin siyasi iradəsi ilə 2004-cü ildən etibarən məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması işinə başlanılmışdır.

Bu məqsədlə yeni qanunvericilik bazası yaradılmış, hakimlərin müddətsiz – son yaş həddinədək təyinatı, onların fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsuliyyətinin təkmil əsasları təsbit olunmuş, hakimlərin seçiminin Avropada ən mütərəqqi qaydaları müəyyən edilmişdir. Əhalinin məhkəmələrə müraciəti prosedurunun daha da sadələşdirilməsi məqsədi ilə təkcə son iki ildə 12 yeni regional məhkəmə yaradılmış, hakimlərin sayı 2 dəfə artırılmışdır.

Azərbaycanda aparılan məhkəmə islahatları nüfuzlu beynəlxalq qurumlar tərəfindən də təqdir edilir və dəstəklənir. Beynəlxalq təşkilatlarla da əməkdaşlıq səmərə verir.

Ulu öndərin hüquq siyasətini uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparılmış, ədliyyə orqanlarının fəaliyyəti genişləndirilmiş, bu sahədə yeni iş metodlarının, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin geniş tətbiqi təmin edilmiş, ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər görülmüşdür.

Ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə rəhbərliyinin tapşırıqlarının, nazirliyə həvalə edilmiş yeni funksiya və vəzifələrin icrası daim diqqətdə saxlanılır.

Ədliyyənin fəaliyyət istiqamətləri üzrə həyata keçirilən tədbirlər, həmçinin kadr korpusunun təkmilləşdirilməsi ilə müşayiət olunur. Son illər ədliyyə orqanlarına qulluğa qəbulla bağlı açıq müsabiqələr davamlı xarakter almışdır. Keçirilən müsabiqələrdən, habelə peşəyə buraxılışla əlaqədar Ədliyyə Akademiyasında icbari təlimdə uğur qazanmış, eləcə də xaricdə təhsil almış 100-ə yaxın gənc mütəxəssis peşə bayramı ərəfəsində işə qəbul olunmuşdur. Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun müasirləşdirilməsinin rolu nəzərə alınaraq bu sahədə irimiqyaslı işlər görülür, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan yeni məhkəmə binaları tikilib istifadəyə verilir.

Bir sözlə, Ədliyyə Nazirliyi 101 illik tarixi dövr ərzində zəngin, kəşməkəşli bir yol keçərək müasir inkişaf mərhələsinə çatmış, dövlətin hüquq siyasətini həyata keçirən orqana çevrilmiş, səlahiyyətləri xeyli genişlənmiş, cəmiyyətdə nüfuzu daha da yüksəlmişdir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO