Əlilliyi olan şəxslərin 10 faizi əmək fəaliyyəti ilə məşğuldur- Şöbə müdiri
“Əhalinin həssas qrupları ilə iş aparmaq çox vacibdir. Həssas qruplar dedikdə gənclər, qadınlar, əlilliyi olan şəxslər və s. nəzərdə tutulur. 620 minə yaxın əlilliyi olan şəxs olsa da, onların yalnız 10 faizi real olaraq məşğuldur”.
Rakus.az xəbər verir ki, bunu “Azərbaycanın kənd və şəhər ərazilərində layiqli əməyin və inklüziv iqtisadi artımın təşviqi vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında artan tərəqqi” adlı Beynəlxalq Əmək Təşkilatı (BƏT) layihəsinin nəticələrinə həsr olunmuş konfransda çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti şöbəsinin müdiri Elnur Süleymanov bildirib.
Onun sözlərinə görə, 620 min əlilliyi olan şəxsin 350 mini əmək qabiliyyətidir: “Onların da təqribən 60 mini əmək fəaliyyəti ilə məşğuldur”.
Şöbə müdiri özünəməşğulluq proqramı ilə bağlı da məlumat verərək bildirib ki, hazırda 40 minə qədər vətəndaş özünəməşğulluq layihələrində iştirak etmək üçün növbədədir: “Prezidentin tapşırığına uyğun olaraq, gələn il bu proqramın əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Bu layihənin genişləndirilməsi üçün Dünya Bankının krediti cəlb edilir”.