Ədəbi tənqidin İRADƏSİ
Ağıllı, şən və intellektual insandır. Rəngarəng xüsusiyyətləri çoxdur. Dostluğa əhəmiyyət verir və dostları üçün fədakarlıq göstərməkdən çəkinmir. Necə deyərlər, yerində saymağı xoşlamır, daim axtarışdadır. Dürüstlük, cəsarət alın yazısıdır. Sözün düzünü söyləmək, hadisələri obyektiv təhlil etmək bacarığı ona fitrətdən gəlir…
Deyir ki,- “Ədəbiyyat ədəbi məmurların inhisarındadır və o ədəbi məmurlar bizim bildiyimiz mənadakı ədəbiyyatın deyil, özlərinin “şünaslarını” yetişdiriblər. Saxta ədəbi bütlər və onların kölgəsində baş girləyən adamlar, sizcə, dünya miqyasına çıxa və ya “Nobel” mükafatı ala bilərlər?”…
Nə qədər haqlı olduğu göz qabağındadır. Müasir Azərbaycan yazarlarından kiminsə bu mükafata layiq görüldüyünün hələ ki, şahidi olmamışıq. Bu hadisənin yaxın gələcəkdə baş verəcəyinə isə inanmaq çətindir…
…Payızın son günlərindən birində Ağdamda dünyaya gəlib. Bakı Dövlət Universitetini bitirib. Müxtəlif yerlərdə, müxtəlif vəzifələrdə çalışıb. Hazırda içəri şəhərdəki Elmi-Mədəni Mərkəzdə Elm şöbəsinin müdiri vəzifəsində işləyir. Eyni zamanda, Azərbaycan Tibb universitetində Dillər kafedrasının dosenti, fəlsəfə doktorudur. Bütün bunlarla yanaşı o, həm də ədəbi mühitdə tənqidçi və ədəbiyyatşünas kimi tanınır…
Çağdaş Azərbaycan ədəbiyyatında özünü tənqidçi kimi təqdim edən alimlər az deyil. Fəqət onların böyük əksəriyyəti tənqidçidən daha çox, necə deyərlər, “qarışqadan fil düzəldən”-lərə bənzəyirlər. Bəlkə də ona görədir ki, son vaxtlar balaca bir ölkədə böyük yazarlar ordusu yaranıb…
“Dövlətin elm və ədəbiyyat sahəsinə ayırdığı pullar çox zaman cinayətkarcasına xərclənir və bunu görüb faktları ortaya çıxaran adamlara əhəmiyyət verilmir. Cəzasızlıq və laqeydlik o həddə çatıb ki, nahaqq əməllər sahibi mükafat və titullar qazanır, haqqı deyən adam isə təklənir və əleyhinə yazılar yazdırılır. Konkret misal deyim, keçən il A.Soljenitsınla bağlı və digər xarici müəlliflərin tərcüməsi, tərcüməçiləri barədə böyük yazılar yazdım. Konkret misallarla 800-900 səhifəlik, çoxtirajlı kitablar biabırcasına tərcümə olunub çap edilir, yayımlanır. Bu, ədəbiyyat, yoxsa anti-ədəbiyyat fəaliyyəti hesab edilir? Və bu cür davranış, saymazlıq, qorxusuzluq adi hal alıb. Dəfələrlə çap olunub ləğv edilən, ortadan yığışdırılan lüğətlər və yüzlərlə belə misallar var ki, hamısı səbəbdir”- deyə haray çəkir, aidiyyatı insanları bu problemin həllinə səsləyir…
Onu “Facebook” internet platformasından tanıyıram. Maraqlı mülahizələri, tənqidi fikirləri çox vaxt müzakirə mövzusuna çevrilir. Elmi araşdırmaları isə göz önündədir. Onun həcmi 700 səhifədən çox olan “XXI əsrdən baxış: ədəbi tənqid və bədii söz” adlı kitabı isə nəhəng tənqid-ədəbiyyatşünaslıq toplusudur. Kim bilir, hələ bundan sonra onun işıq üzü görəcək neçə-neçə əsərinin şahidi olacağıq…
Bəli, söylədiyim bu fikirlər tənqidçi, ədəbiyyatşünas, alim İradə xanım Musayeva haqqında idi. Yaxın günlərdə ad gününü qeyd edəcək bu xanıma möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram
Elman Eldaroğlu,
tekdam@mail.ru