XHTİ: Bu il 46 hərbi qulluqçu həlak olub
Bu il (dekabrın 4-dək) Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 46 hərbi qulluqçu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 9 nəfəri döyüş, 37 nəfəri isə qeyri-döyüş itkisidir.
Rakus.az xəbər verir ki, bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu (XHTİ) məlumat yayıb.
Məlumatda deyilir ki, Silahlı Qüvvələrin 9 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa 4 hərbçi xəstəlik nəticəsində, 3 nəfərin isə bədbəxt hadisədən (donvurma və elektrik vurması) dünyasını dəyişdiyi bildirilir. 12 nəfər naməlum hadisə səbəbindən, 7 nəfər ölümcül hadisələrdən (avtomobil qəzası), 4 nəfər isə mina-mərmi partlayışından dünyasını dəyişib. 2 nəfər ehtiyatsızlıqdan, 1 nəfər qeyri-nizamnamə hadisəsindən dünyasını dəyişib. 2 hərbçi intihar edib. 1 nəfər sərhəd pozucuları ilə atışmada həlak olub. Bir nəfər hərbçi baş vermiş təyyarə qəzasında həlak olub.
Dünyasını dəyişənlərin 24 nəfəri əsgər, 3 nəfəri gizir, 2 nəfəri kiçik çavuş, 12 nəfəri zabit, 5 nəfəri müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu olub.
Dünyasını dəyişənlərin 40 nəfəri Müdafiə Nazirliyinin, 6 nəfəri Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olub.
Müdafiə Nazirliyi ona aid olan 40 ölüm hadisəsinin 28-i barədə hər hansı açıqlama verməyib. DSX isə 6 hadisədən yalnız ikisinə aydınlıq gətirib.
Ötən dövrdə ümumilikdə 18 hərbi qulluqçu yaralanıb. 8 nəfər mərmi partlayışından, 5 nəfər erməni gülləsindən, 4 nəfər sərhəd pozucuları ilə atışmada, 1 nəfərsə naməlum səbəbdən xəsarət alıb.
Rəsmi qurumlar məlumatla bağlı hələ münasibət bildirməyib.