“Şahdəniz”dən ilk qaz 13 il əvvəl çıxarılıb - FOTO
Bu gün Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanılmasından 13 il ötür.
Rakus.az xəbər verir ki, neft strategiyasının son illər Azərbaycana gətirdiyi böyük dividendlərdən biri də ölkəmizin beynəlxalq səviyyədə böyük ümidlər bəslənən təbii qaz ixracatçısına çevrilməsidir. Məhz ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda təbii qaz ixrac edən bir ölkə kimi tanıtdırır. Hasilata başlanandan bəri “Şahdəniz”dən 115 milyard kubmetr qaz və 27 milyon tondan çox kondensat əldə olunub. Bu il, həm də “Şahdəniz” strukturunun kəşfindən 65, yatağın kəşf olunmasından isə 20 il keçir. “Şahdəniz” qaz yatağı Alyaskadakı “Prudo Bey” (“Prudhoe Bay”) neft yatağından sonra BP-nin hələ də ən böyük kəşfi hesab edilir.
Nəhəng “Şahdəniz”in kəşfi
Hazırda Azərbaycan qlobal miqyasda tanınan təbii qaz ixracatçısına çevrilir. 1996-cı ildə xarici tərəfdaşlar ilə perspektivli “Şahdəniz” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü (HPBS) haqqında saziş imzalanıb. Bundan 3 il sonra – 1999-cu ilin iyununda isə ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağı kəşf edilib. Bu yataq dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. “Şahdəniz” Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir.
2006-cı il dekabrın 15-də “Şahdəniz” yatağında ilk quyu istismara verilib. Quyunun gündəlik qaz hasilatı 5,6 milyon kubmetr, kondensat hasilatı isə 2,5 min ton olub. Həmin quyunun yerləşdiyi sahədə dənizin dərinliyi 100 metr, quyunun dərinliyi isə 6 min 500 metr təşkil edib. Bu hadisə Azərbaycanın neft-qaz sənayesi tarixində yeni bir mərhələnin başlanğıcı olub.
“Şahdəniz-1” üzrə əməliyyatlara elə 2006-cı ildə başlanıb və yataqdan hasilat həyata keçirilib. “Şahdəniz-1” layihəsi üzrə hasil olunan qazın Azərbaycan, Gürcüstan və Türkiyəyə ixrac edilməsi məqsədilə Cənubi Qafqaz Boru Kəməri – CQBK (Bakı-Tbilisi-Ərzurum) tikilib istifadəyə verilib. 2006-cı ilin sonlarından etibarən bu yataqdan hasil olunan qaz Səngəçal terminalında ilkin emaldan keçirilərək ümumi uzunluğu 997 kilometr, ötürmə qabiliyyəti ildə 20 milyard kubmetr təşkil edən Cənubi Qafqaz Boru Kəməri və genişləndirilmiş boru kəməri ilə Azərbaycan, Gürcüstana və Türkiyəyə çatdırılır. Cari ilin yanvar-sentyabr aylarında Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülük gücü təqribən 28 milyon kubmetr qaz olub.
“Şahdəniz-1” üzrə maksimum hasilat ildə təxminən 10 milyard kubmetr qaz və gündəlik 50 min barrel kondensat təşkil edir. 2014-cü ildə mövcud “Şahdəniz” qurğularının texniki olaraq daha da optimallaşdırılması hasilat sisteminin gündəlik maksimum gücünü 27,3 milyon standart kubmetrdən 29,5 milyon standart kubmetr səviyyəsinə qaldırılıb.
Cari ildə “Şahdəniz” yatağından Azərbaycan (SOCAR), Gürcüstan (GOGC), Türkiyə (Botaş) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib. Bu ilin 9 ayında yataqdan 12,2 milyard standart kubmetr qaz və 2,6 milyon ton (təqribən 21 milyon barrel) kondensat hasil edilib. Hasilata başlanandan bəri isə “Şahdəniz”dən ümumilikdə 115 milyard standart kubmetr təbii qaz və 27 milyon tondan çox kondensat çıxarılıb. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda sutkada 56 milyon standart kubmetr və ya ildə təqribən 20 milyard kubmetrdir.
Neft Fondu “Şahdəniz” üzrə indiyədək 2,7 milyard dollardan çox vəsait əldə edib
2007-ci ildən bu ilin ilk 7 ayının sonunadək Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə qazın satışından əldə edilən ümumi gəlirləri 2 milyard 703 milyon ABŞ dolları olub. Cari ilin 7 ayında Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri isə 209 milyon dollar təşkil edib.
Cari ilin 3 rübündə “Şahdəniz” üzrə fəaliyyətlərə 481 milyon dollardan çox əməliyyat və təxminən 818 milyard dollar əsaslı xərclər sərf olunub.
“Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz).
Doqquz ayda Cənubi Qafqaz Boru Kəməri və genişləndirilmiş boru kəməri ilə bağlı fəaliyyətlərə təqribən 33 milyon dollar əməliyyat xərcləri və 28 milyon dollar əsaslı xərclər sərf edilib.
“Şahdəniz-2”də 16 quyu qazılıb
“Şahdəniz-2” və ya yatağın tammiqyaslı işlənməsi (YTİ) layihəsi “Şahdəniz-1” layihəsindən hasil olunan illik 9 milyard kubmetr qazdan əlavə 16 milyard kubmetr qaz hasil edəcək nəhəng bir layihədir. “Şahdəniz-2” yatağındakı “Şahdəniz Bravo” və “Şahdəniz Alfa” platformalarından 2 yarımdalma qurğusu vasitəsilə ümumilikdə 26 qaz hasilat quyusunun qazılması nəzərdə tutulur.
Bu ilin birinci yarısında “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bundan sonra isə qazma qurğusunda profilaktik işlər aparılmağa başlanıb.
“İstiqlal” qazma qurğusu şərq cinahın cənub hissəsində 1, qərb cinahın cənub hissəsində 2, şərq cinahın şimal hissəsində isə 1 sualtı quyu tamamlayıb və hazırda həmin hissədə 2-ci quyu tamamlama əməliyyatlarını həyata keçirir. “Maersk Explorer” qurğusu şimal cinahında 1 quyunu tam dərinliyinədək, digər 1 quyu lüləsinin isə üst intervalını qazıb və sonra qərb cinahında 2 quyunun üst intervalını qazıb. Hazırda qurğu həmin cinahda 1 quyunun alt hissəsində qazma işləri aparır.
Bu iki qurğu “Şahdəniz-2” hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 16 quyu qazıb, bunlardan yatağın şimal cinahında 4 quyu, qərb cinahında 4 quyu, şərq-cənub cinahında 4 quyu, qərb cinahın cənub hissəsində 2 quyu və şərq cinahın şimal hissəsində 2 quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.
“Şahdəniz” yatağını “Şahdəniz” üzrə hasilatın pay bölgüsü sazişi tərəfdaşları adından BP şirkəti işlədir. “Şahdəniz” struktur etibarilə qeyri-korporativ Birgə Müəssisə (BM) ortaqlığıdır.
İndiyədək TANAP-la Türkiyəyə 3,5 milyard kubmetrdən çox “Şahdəniz” qazı göndərilib
Hazırda “Şahdəniz” qazı Cənub Qaz Dəhlizi marşrutu üzrə TANAP boru kəməri ilə Türkiyəyə təbii qaz nəql edilir. Bu günədək TANAP-la Türkiyəyə 3,5 milyard kubmetr “Şahdəniz” təbii qazı göndərilib. Cari ildə isə Türkiyəyə Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəmərləri ilə ümumilikdə 6,8 milyard kubmetrdən çox “Şahdəniz” qazı göndərilib.
Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəməri “Şahdəniz-2” yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdırmaq üçün hazır vəziyyətə gətirilib. Uzunluğu 1850 kilometr olan, Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir. Boru kəmərinin quru hissəsinin diametri 56 və 48 düym, Mərmərə dənizindən keçən hissəsinin diametri isə 36 düym təşkil edir. TANAP-dan Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük gücü 16 milyard kubmetr qaz təşkil edəcək.
“Enerjinin İpək yolu” adlandırılan TANAP boru kəmərinin birinci fazası keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. Boru kəmərinin Əskişəhərdən Ədirnə-İpsalaya qədər uzanan ikinci fazası noyabrın 30-da istifadəyə verilib.
Layihənin əvvəlində 11,7 milyard dollarlıq investisiya nəzərdə tutulurdu. Lakin bu həcmin 45 faizinə, yəni 5,2 milyard dollara qənaət edilib. Hazırda TANAP üzrə kapital xərcləri 6,5 milyard dollardır və bu vaxtadək layihəyə təqribən 6,3 milyard dollar xərclənib.
TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur. Səhmdarlar layihə üzrə illik 1,45 milyard dollar gəlir əldə edəcəklər. Həmin gəlirin 58 faizi Azərbaycanın payına düşəcək.
TAP üzrə işlərin 90,7 faizi tamamlanıb
2020-ci ildə isə əlavə 10 milyard kubmetr qaz Avropa bazarına çatdıracaq. Belə ki, TAP boru kəmərinin inşası işlərinin 90,7 faizi tamamlanıb. TAP Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir.
Boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Kəmər buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.
Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).
Beləliklə də “Şahdəniz” qazı gələn ildən Cənub Qaz Dəhlizi sistemi ilə 3 müxtəlif boru kəməri və 7 ölkədən keçməklə 2 min 500 metr hündürlüyə qalxaraq, dəniz dibində isə 800 metr dərinliyə enərək 3 min 500 kilometr məsafə boyunca nəql ediləcək.
Cənub Qaz Dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Cənub Qaz Dəhlizi dünya neft-qaz sənayesində bu vaxtadək olan ən mühüm və iddialı layihələrdən biridir. Bu, çox sayda müxtəlif maraqlı tərəfləri, o cümlədən 7 hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb bir hədəfdir. Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Bu boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.