Əməkdaşlığın yeni mərhələsi – Zelenskinin Bakı səfəri – TƏHLİL - FOTO
Bu həftə Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycanda rəsmi səfərdə oldu.
Rakus.az xəbər verir ki, səfərin təfərrüatlarına keçməzdən öncə qeyd edək ki, Azərbaycan və Ukrayna münasibətlərini strateji tərəfdaşlıq adlandırmaq olar. İki ölkə bir çox istiqamətlər üzrə əməkdaşlıq edir, bir-birini tam olaraq dəstəkləyir.
Azərbaycan və Ukrayna xalqları tarixən də bir-biri ilə bağlıdır. İki ölkə arasında sıx əməkdaşlıq əlaqələri sovet dövründə yaransa da, hələ 1918-1920-ci illərdə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə də diplomatik təmaslar mövcud olub – Bakıda 16 xarici dövlətin diplomatik missiyası fəaliyyət göstərib ki, onlardan biri də Ukrayna nümayəndəliyi olub.
Müstəqillik illərində iki ölkə arasında çoxspektrli əlaqələr formalaşıb. Son illərdə iqtisadi sahədə xüsusi dinamika hiss olunur. Təsadüfi deyil ki, 2018-ci ildə ölkəmizlə xarici ticarət dövriyyəsinin həcminə görə Ukrayna 10-cu yerdə qərarlaşıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr aylarında Ukrayna ilə ticarət dövriyyəsi 20 faiz artıb.
Ukrayna iqtisadiyyatına Azərbaycanın sərmayələri 374 milyon, Azərbaycan iqtisadiyyatına Ukrayna sərmayələri isə 25 milyon dollardır. Hazırda Azərbaycanda Ukrayna kapitallı 150-dən artıq şirkət fəaliyyət göstərir.
SOCAR Ukraynada nüfuzlu və mühüm pay sahibi olan investor kimi tanınır. Şirkətin burada 60-dan artıq yanacaqdoldurma məntəqəsi, 4 neft bazası fəaliyyət göstərir.
2018-ci ildən Kiyevdə Azərbaycan Ticarət evi fəaliyyət göstərir. Bu həftə isə Bakıda “Ukrayna məhsulları” Mərkəzi Kompleksinin açılışı olub.
Prezident İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdən sonra mətbuata bəyanatında qarşılıqlı investisiya siyasətini belə şərh edib: “Ticarət dövriyyəsinin artırılması ilə yanaşı, birgə sərmayə qoyuluşu layihələri böyük maraq doğurur. Biz bu barədə də geniş fikir mübadiləsi apardıq. Həm Ukraynanın Azərbaycana, həm də Azərbaycanın Ukraynaya sərmayə qoyuluşu ilə bağlı konkret təkliflər vardır. Hesab edirəm ki, bu təkliflər həyatda öz əksini tapa bilər. Bir çox sahələrdə birgə sərmayə layihələri bizim əməkdaşlığımızı daha da möhkəmləndirəcəkdir.
Energetika sahəsində əməkdaşlıq müzakirə edildi. SOCAR artıq uzun illərdir ki, Ukraynada fəaliyyət göstərir, altmışdan çox yanacaqdoldurma məntəqəsi, dörd neft bazası vardır. Bu gün biz bir daha bu məsələni müzakirə edərkən razılığa gəldik ki, SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək və konkret addımlar atılacaqdır”.
Prezident İlham Əliyev hər iki ölkənin biznes dairələrini fəal olmağa, mövcud imkanlardan yararlanmağa çağırıb: “Biznes dairələri çox həssasdır. Onlar adətən sərmayə qoyuluşu məsələlərinə çox böyük həssaslıqla, ehtiyatla yanaşırlar və dövlət qurumlarından müvafiq siqnallar gözləyirlər. Hesab edirəm ki, bizim Prezident Zelenski ilə bu biznes forumda birgə iştirakımız biznes dairələrinə ən gözəl siqnaldır. Hesab edirəm ki, onlar da bunu düzgün başa düşməli və nəticə çıxarmalıdırlar. Nəticə də o olmalıdır ki, bizim iqtisadi əlaqələrimiz daha sıx olsun. Əməkdaşlıq üçün çox geniş imkanlar vardır”.
Ukrayna Prezidenti isə Azərbaycan şirkətlərini Ukraynada özəlləşdirmədə fəal iştiraka dəvət edib.
Ukrayna və Azərbaycan həm də sərmayədarlar üçün cəlbedici ölkələrdir, eyni zamanda hər iki ölkənin hökümətləri xarici investisiyaların cəlb olunmasında maraqlıdır.
Ali rəhbərlərin çıxışlarında bu məzmunda mesajlar, çağırışlar aydın ifadə olunur.
Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə aparılan islahatlar, əldə olunan nailiyyətlər, infrastrukturun təkmilləşdirilməsi sahəsində görülmüş işlər barədə ətraflı məlumatları diqqətə çatdırması heç də təsadüfi deyildi. Məqsəd investorların diqqətini mövcud potensiala yönəltmək idi.
Ukrayna Prezidenti də azərbaycanlı sahibkarları açıq mətnlə əməkdaşlığa dəvət etdi və bildirdi ki, Ukraynanın 400-dən çox müəssisəsi özəlləşdirmə üçün hazırdır: “Ukrayna nümayəndə heyətinin tərkibində İnfrastruktur naziri gəlib. Biz çoxlu infrastruktur layihələrini həyata keçirmək niyyətindəyik, 16 min kilometr yol inşa etməyə hazırıq. Biz bunun marağındayıq ki, Azərbaycan şirkətləri Ukraynada yollar tiksinlər. Bilirik ki, onlar başqa ölkələrdə uğurla işləyirlər. Hamıya məlumdur ki, Azərbaycanın “Bakcell” mobil operatoru Ukrayna bazarına daxil olub və onun investisiyaları 700 milyon dollara yaxındır. Ukrayna dövləti olaraq bizim vəzifəmiz bu investisiyaları qorumaqdır. Əlbəttə, bütün bunlar qarşılıqlı etimad səviyyəsində həyata keçirilir. Biz çox istəyirik ki, Azərbaycan Ukraynaya sərmayə yatırsın. Biz, həmçinin istəyirik ki, Ukrayna da Azərbaycanda təmsil olunsun”.
Ukrayna Prezidentinin Bakı səfəri zamanı “Ukrayna məhsulları” mağazasına baş çəkməsi də təsadüfi deyildi. Mağazadan fotoları İnstaqram hesabında paylaşan Зrezident satılan məhsulların keyfiyyətindən yazdı və qeyd etdi ki, yerli biznesmenlərdən birinin “Ukrayna məhsulları” adlı 11 mağazası var və tezliklə bu işi genişləndirərək Ukrayna restoranı da açacaq. V.Zelenskinin bu addımı, əslində, həm də sahibkarlara çağırış mesajı idi.
Hər iki ölkə böyük turizm potensialına malikdir və potensialın tam olaraq realizəsində maraqlıdır. Dövlət başçılarının çıxışlarında bu məqama da xüsusi yer ayrılmışdı.
Prezident İlham Əliyev: “Əməkdaşlıq üçün çox geniş imkanlar vardır. Mən sərmayə qoyuluşunu qeyd etdim, eyni zamanda, həm Azərbaycanda, həm də Ukraynada turizm sahəsində böyük imkanlar var. Bizim ölkələrimizin çox zəngin, füsunkar təbiəti, inkişaf etmiş infrastrukturu var, ona görə bu sahəyə də diqqət yetirilməlidir”.
Ukrayna Prezidenti Vladimir Zelenskinin çıxışında da turizm sahəsində əməkdaşlıq perspektivləri xüsusi olaraq nəzərdən keçirildi: “Daha bir investisiya sahəsi turizm sferasıdır. Məsələn, Xerson vilayətinin rəhbəri burada iştirak edir. Cənab Qusev Xerson vilayətini təmsil etməyə hazırdır. Bu vilayət Ukraynada turizm üçün ən cəlbedici yerlərdən biridir. O, bu fəaliyyətə hazırdır, lakin infrastruktur çatışmazlığını hiss edir. Buna görə biz bu sahədə də investisiya layihələrinə dair təklifi nəzərdən keçirməyə hazırıq”.
Nəqliyyat infrastrukturu əməkdaşlığa əlavə impuls verir
Azərbaycanın xüsusi rolu ilə ərsəyə gələn beynəlxalq nəhəng nəqliyyat infrastrukturları – Şimal-Cənub, Şərq-Qərb dəhlizləri Azərbaycan və Ukrayna əməkdaşlığına, eləcə də regionun tərəqqisinə əlavə impuls verir.
Prezident İlham Əliyev: “Həm Ukraynada, həm Azərbaycanda nəqliyyat sahəsində müasir logistika və infrastruktur mövcuddur. Xəzər dənizi, Qara dəniz nəqliyyat dəhlizləri bizim ölkəmizin iştirakı ilə fəaliyyət göstərir. Mən Prezidentə məlumat verdim ki, son illərdə Azərbaycanda bu sahəyə çox böyük investisiyalar qoyulub. Artıq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçməklə geniş beynəlxalq əməkdaşlığa da təkan verir, əməkdaşlıq üçün yeni imkanlar açır. Ona görə bu sahədə birgə səylərlə reallaşdırılan Şərq-Qərb nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, “Vikinq” layihəsi – bütün bu layihələr bizim ölkələrimizi və geniş mənada regional əməkdaşlığı daha da möhkəmləndirəcək, ölkələrimizə fayda verəcəkdir”.
İki ölkəni bir-birinə həm də humanitar əlaqələr bağlayır. Belə ki, Azərbaycanda Ukrayna dili tədris edilir, Bakı Slavyan Universitetində Ukrayna Mərkəzi fəaliyyət göstərir. Eyni zamanda, Ukraynanın ali məktəblərində Azərbaycan tarixinə, ədəbiyyatına kifayət qədər böyük yer ayrılır.
Prezident İlham Əliyev də mədəni və humanitar əlaqələr barədə də danışdı: “Azərbaycanla Ukrayna arasında mədəni və humanitar sahələrdə də əməkdaşlığın uğurlu təcrübəsi vardır. 2001-ci ildən Bakı Slavyan Universitetində Ukrayna Tədris-Mədəniyyət Mərkəzi, Ukraynanın da bir sıra təhsil ocaqlarında Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Ukraynanın böyük oğlu şair Taras Şevçenkonun xatirəsi Azərbaycanda əbədiləşdirilib. Onun heykəli Bakı və Zaqatalada ucaldılmışdır. Paytaxtımızın parklarından biri məşhur şairə-dramaturq Lesya Ukrainkanın adını daşıyır, həmin parkda onun büstü qoyulub. 2019-cu ildə Azərbaycanın görkəmli mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunur. Əlamətdar haldır ki, bu ilin mayında böyük şair Nəsiminin Kiyevdə heykəlinin rəsmi açılışı olmuşdur. Bakının əsas nəqliyyat qovşaqlarından biri Ukrayna dairəsi adlanır. Bütün bunlar xalqlarımız arasında mövcud olan möhkəm dostluğun göstəricisidir”.
Beynəlxalq ictimaiyyətin diqqətinin yönəldiyi bütün görüş və tədbirlər Azərbaycan üçün öz həqiqətlərini, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi və real faktları diqqətə çatdırmaq baxımından əhəmiyyətli tribunadır. Ukrayna prezidenti ilə görüşdə də münaqişə ilə bağlı aparılan danışıqlar diqqət mərkəzində oldu.
Dövlətimizin başçısının bu mövzudakı fikirləri kifayət qədər birmənalı və əsaslı səslənirdi: “Azərbaycan regionda təhlükəsizliyin və əməkdaşlığın tərəfdarıdır. Lakin regionun ən ağrılı problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi – tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilmiş və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların da bununla bağlı bənzər qətnamələri var. 2018-ci ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış Tərəfdaşlıq Prioritetləri sənədində də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunmuşdur”.
***
Bu vaxta qədər iki ölkə arasında 130-dan çox sənəd imzalanıb. Təhlilçilər hesab edir ki, Ukrayna Prezidentinin son səfəri zamanı imzalanan sazişlər və aparılan danışıqlar isə qarşılıqlı anlaşmanı, yüksək səviyyəli dialoqu, eləcə də əməkdaşlıq üçün ortaq səy və siyasi iradəni ifadə etməklə yanaşı, iki ölkə arasındakı əlaqələrə də yeni impuls verəcək. Bu isə hər iki ölkə və region üçün inkişaf və rifah gətirəcək.
Vüsal Məmmədov