Moskvada Azərbaycan musiqisi rezonans doğurdu - FOTO
P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında “Azərbaycan bəstəkarlarının kamera musiqisi” adlı konsert olub.
Rakus.az xəbər verir ki, Qara Qarayev, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Firəngiz Əlizadə kimi görkəmli bəstəkarlarımızın musiqisinin səsləndiyi gecəni Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi, musiqişünaslıq üzrə fəlsəfə doktoru Nigar Axundova açaraq, ölkəmizdə klassik musiqinin inkişaf tarixindən danışıb. N.Axundova görkəmli bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadəni təqdim edərək bildirib ki, dövrümüzün məşhur bəstəkarlarından olan Firəngiz xanımın parlaq, füsunkar, ürək oxşayan musiqisi dünyanın bütün guşələrində sevilərək ifa olunur. F.Əlizadənin baletləri Helsinki və Nyu-York, Berlin və İstanbul səhnələrinin repertuarından düşmür. N.Axundova deyib: “Dahi Qara Qarayevin tələbəsi olan Firəngiz Əlizadə Şərq musiqisini dünyaya yeni tərzdə təqdim edib, muğam fəlsəfəsinin sirlərini açıb”.
Firəngiz Əlizadə Moskva səhnəsində çıxış edəcək gənc musiqiçiləri təqdim edərək bildirib ki, onlar müxtəlif beynəlxalq müsabiqələrin laureatlarıdırlar. O, Azərbaycanda istedadlı gənc musiqiçi və bəstəkarlar nəslinin yetişdiyini vurğulayıb.
Konsertdə Ümidə Abbasova (skripka), Emin Hüseynov (skripka), Nəzrin Aslanlı (skripka), İlqar Rzayev (alt), Orxan Hüseynov (violonçel), Səidə Tağızadə (fortepiano), Tural Məmmədlinin (fortepiano) ifasında Firəngiz Əlizadənin “Muğamsayağı”, Qara Qarayevin skripka və fortepiano üçün sonatası, Fikrət Əmirovun “1001 gecə” baletindən rəqs, Oqtay Zülfüqarovun skripka və fortepiano üçün “Skerso”su və digər əsərlər səslənib.