Nazirlik ilin yekunlarına dair iclas keçirdi
Mədəniyyət Nazirliyinin 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
Rakus.az xəbər verir ki, iclas Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutub.
İclasda Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev, Mədəniyyət Nazirliyi Aparatı işçilərinin və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxsləri iştirak ediblər.
Ə.Qarayev iclası açaraq gündəlikdə duran məsələlərlə bağlı məlumat verib. O, Nazirliyin 2019-cu il ərzində gördüyü işlər haqqında hesabatın dərc olunduğunu bildirib:
“Kollegiyanın iclasında 5 məsələnin müzakirə edilməsi nəzərdə tutulub. İclasda Prezident İlham Əliyevin dahi Azərbaycan şairi Nəsiminin 650 illiyinin və Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncamlara uyğun olaraq hazırlanmış tədbirlər planının icrası, Bakı Xoreoqrafiya Akademiyasının xoreoqrafiya sənəti və rəqs müəllimi ixtisasları üzrə tədris hazırlığının vəziyyəti barədə, Mədəniyyət Nazirliyinin 2017-2018 ci illər üzrə maliyyə hesabatlarının auditor nəticələri haqqında, 2019-cu ildə mədəniyyət sahəsində görülən işlər və nəhayət 2020-ci ilin birinci yarısının planının təsdiqi üzrə məruzələr dinləniləcək”.
Sonra Mədəniyyət Nazirliyinin şöbə müdiri Aslan Cəfərov qurumun tədbirlər planına uyğun olaraq Nəsiminin 650, Cəfər Cabbarlının 120 illiyi bağlı gördüyü işlərlə bağlı məruzə ilə çıxış edib. O, qeyd edib ki, il ərzində Nəsiminin yubileyi ilə bağlı 500-dən çox tədbir təşkil olunub. (report.az)