Gələn il 39 min fərdi ev qazlaşdırılacaq
2019-cu ildə Azərbaycan Prezidentinin “Azəriqaz” İstehsalat Birliyi qarşısında qoyduğu ölkə ərazisinin qazlaşdırılmasının 96 faizə çatdırılması ilə bağlı hədəfə nail olmuşuq.
Rakus.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün illik yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2020-ci ildə ölkə ərazisində 39 min fərdi ev qazlaşdırılacaq: “Qazlaşdırma tamamilə dövlət hesabına və təmənnasız aparılır. 2020-ci ildə 785 km yeni qaz kəmərinin təmir olunmasını nəzərdə tuturuq”.
O bildirib ki, 2019-cu ildə 210 minə yaxın sayğac dəyişdirilib: “Abonentlərimizin sayı 2 milyon 262 min 242-yə çatıb. Onlardan 1 milyon 234 mini smart-sayğacdan istifadə edir. 2020-ci ildə isə 1 484 sayğac dəyişdirilməsi nəzərdə tutulub”.