Müsahibə 29.12.2019 17:36

İsmayıl Rafiqoğlu: “Media Məktəbi mütləq ortaya nəticə qoymalıdır” 

 

Jurnalist yetişdirmək zaman tələb edir. Gənc jurnalistin püxtələşməsində orta və ali məktəb müəllimindən tutmuş çalışdığı redaksiyanın təcrübəli əməkdaşlarına kimi hamının zəhməti olur. Media ekspert, təlimçi, Report Media Məktəbinin koordinatoru İsmayıl Rafiqoğlu peşəni öyrənməyin yeganə yolunun gündəlik jurnalist işinin sistemli yerinə yetirilməsində olduğunu düşünür.
– Azərbaycan informasiya məkanında yeni bir jurnalistika məktəbinin yaranması necə reallaşdı? 

 

– 2018-ci ilin may ayında agentliyin rəhbərliyi “Report”da yeni media məktəbi yaratmaq üçün təkliflə çıxış etdi. Mənim əvvəlki təlimçilik praktikam nəzərə alınaraq bu məktəbdə çalışmaq üçün dəvət aldım. Hər bir işi sıfırdan başlamaq olduqca çətindir. Bir var artıq hazır bir yerə gedirsən, prosesə qoşulursan. Bir də var, deyirlər, bu meydan, bu da şeytan. Buyur, metodikanı hazırla, gəncləri seç, başla işə. İlk aylarda bir çox məsələ mənim özümə də aydın deyildi. “Nədən başlayaq, nəyin üzərində daha çox cəmlənək və ya hansı müddətə daha uğurlu nəticə əldə etmək olar” kimi sualların cavabı yox idi. Mənim jurnalist, redaktor, təlimçi kimi kifayət qədər təcrübəm olsa da, jurnalistika məktəbi yaratmaq kimi məsuliyyətli işə qoşulmağım olduqca riskli bir iş idi. Uğurlu da alına bilərdi, uğursuz da. Bu iki günlük təlim deyil, bir qədər danışdın, hərə bir tərəfə dağıldı. Media Məktəbi mütləq ortaya nəticə qoymalıdır.
– Siz hansı nəticəni əldə etməyi düşünürdünüz? Yəni ali təhsil ocaqlarında bu qədər jurnalistika fakültəsi var. Əlavə məktəb nəyə lazımdır? 
– Hər bir media qurumu savadlı, bilikli və ən əsası bacarıqlı jurnalistlə əməkdaşlıq etmək istəyir. Əməkdaşın hazırlığı nə qədər yüksək olsa, qurumun işi bir o qədər uğurlu alınacaq. Reallıqda isə hər bir yeni işə qəbul olunmuş jurnalisti redaksiyanın işinə uyğunlaşdırmaq lazım gəlir. Bu, həm əlavə zaman tələb edir, həm də əsas heyətin işini ləngidir. Hamıya məlum olan həqiqəti aylarla yeni işçiyə anlatmaq məcburiyyəti yaranır. Jurnalistika fakültəsini yeni bitirmiş məzun isə bəzən redaksiya üçün əsil başağrısına çevrilir.
Akademik təhsil günün tələbindən geri qalır. İnformasiya mühiti dəqiqəbədəqiqə dəyişir, biz çoxdan artıq internet dövründə yaşayırıq, amma təhsil sistemində qəzet çapından danışılır. Əlbəttə, tarixə bir rakurs kimi belə məlumat gərəkli ola bilər, amma praktikada belə bir tələbənin çox zaman müasir dövrün tələbinə uyğun faydalı bilik əldə etməsi alınmır. Redaksiyaya gələn belə məzun özünü heç bir halda ifadə edə bilmir. Deməli, ali məktəbin verə bilmədiyi bacarığı biz aşılamalıyıq. Jurnalistika məktəbi də bu işlə məşğul olur.
– Təhsillə praktik jurnalistika arasında nədən belə uçurum yaranıb? Gənclərə gələcək işdə lazım olacaq bilik və bacarığı elə təhsil dövründə aşılamaq olmazmı? 
– Akademik təhsil olduqca mühafizəkar bir sahədir. Hər hansı bir dəyişikliyin nə cür effekt verəcəyini heç kim bilmir. Hətta başqa bir ölkədə tətbiq edilən uğurlu bir layihə başqa şəraitdə tam iflasa uğraya bilər. Məsələn, hamının bəh-bəhlə təriflədiyi Finlandiya təhsil sisteminin ən böyük qüsuru istedadlı uşaqlara və dahilərə maneə yaratmasıdır. Uşaqların yaradıcı potensialını inkişaf etdirir, amma dərs yükü məhz istedadlar üçün azdır, onlar hamıya qoşulub birgə hərəkət etməyə məhkumdurlar. Riyaziyyat olimpiadalarının qalibləri adətən, Rusiya və Çin məktəbliləri olur. Amma hazırda Finlandiyada bunu anlayır və problemin həlli yolunu axtarırlar. Bizim də ali təhsil axtarışdadır, yeni metodikalar gəlir, yeni qaydaları tətbiq etməyə çalışırıq. Azərbaycanda ali məktəbə daxil oldunsa, çox böyük ehtimalla ali təhsili təsdiqləyən  diplomu alacaqsan, amma xaricdə oxumayan tələbəyə heç kim diplom verməz. Biz hələ də qaib yazmaqla məşğuluq, amma inkişaf etmiş ölkələrdə buna əhəmiyyət verən yoxdur, nəticə vacibdir.
– Report Media Məktəbi praktik olaraq nə ilə məşğuldur? Sizin metodikanın əsasında nə durur? 
– Adətən zarafatla deyirəm: bizim jurnalist Həsən bəy Zərdabinin həyat və yaradıcılığı, “Əkinçi” qəzetinin fəaliyyətindən kifayət qədər məlumatlıdır, amma kiçik bir xəbəri yazmaqda acizdir. Nəticədə mətbuatın ümumi səviyyəsi aşağı düşür. Hətta bir neçə dəfə tələbələrlə bir təcrübə keçirmişik. Deyirdim, istənilən saytı və oradan istənilən xəbəri seçin, həmin yazının nə qədər qüsurlu olduğunu göstərim. Hələ bircə dəfə də olsun əksini sübut edən olmayıb. Nə xəbər seçiblərsə, qüsurdan bol olub.
Praktik olaraq media məktəbinə gələn tələbə hər gün jurnalistin gördüyü işlə məşğul olur. Xəbər hazırlayır, sorğu keçirir, müsahibə alır, tədbirə gedir. Bu, jurnalistin görməli olduğu ən sadə işlərin siyahısıdır. Amma məsələ tək bununla bitmir. Nə qədər qəribə görünsə də, bu gün – internet dövründə ali təhsili olan insana klaviaturada əməliyyat öyrətməyə məcbur oluram. Azərbaycan mətbuatında çalışanların bəlkə də çox böyük qismi kompüterin klaviaturasını əməlli-başlı bilmir. Nə oradakı imkanları, nə də ekrana baxaraq  klaviaturadakı işarələri əzbərdən döyəcləməyi bacarmırlar. Müasir insan isə klaviaturaya baxmadan yazmalıdır. Belə metodu bilməklə 1 dəqiqəyə 500-700 işarəlik mətni asanlıqla yığmaq olar. İstənilən başqa yolda sürət ya aşağı olacaq, ya da daha çox səhv buraxılacaq. Tələbənin bir çoxu bu kimi sadə işin öhdəsindən gələ bilmir.
– Yəni sizin seçdiyiniz tələbə jurnalistikanı elə birbaşa informasiya mühitində öyrənir?
– Bəli, mənim yanımda oturur, nəyisə dedimsə, elə birbaşa tapşırıq halında yerinə yetirməlidir. Deyək, xəbər hazırlamaqdan söhbət gedirsə, mən onun mahiyyətini izah edirəm, elə oradaca tələbə xəbər hazırlayır. Ya xarici mətbuatdan götürüb tərcümə edir, bizim oxucuya uyğunlaşdırır, ya bir press-reliz verirəm, onu düzəldir. Jurnalist tədbirdən və ya şahidi olduğu hadisədən də xəbər hazırlaya bilər. Təki mənbə etibarlı olsun. Gündəlik məşq etməkdən başqa peşəni öyrənməyin başqa yolu yoxdur. Məktəbə yeni gələn hər tələbəyə təklif edirəm mövzu düşünsün ya onu narahat edən problemi işıqlandırsın. Bəzən bir yazı yazdırıram. Bir müddət ötür, tələbə deyir, vay, gör mən nə qədər geri olmuşam, yazdığım da primitiv olub. Elə bir uşaq yazısıdır.
Bəzən tələbəni agentliyin daha təcrübəli əməkdaşına qoşub videosorğuya və ya hansısa tədbirə yönəldirəm. Nəzəri cəhətdən mətbuat konfransından, məhkəmə prosesindən danışmaq, məncə, mənasızdır. Gərək gedəsən, görəsən. Birbaşa iştirak tədrisin mühüm hissəsidir.
Amma hər bir tələbə eyni nəticəni göstərmir, məktəb bazasının nə qədər güclü olması vacibdir. Elə tələbə var, hazırlığı yüksəkdir, onunla çalışdıqca, hər gün irəliləyir, tələbə də var, orta məktəbdə öyrənmədiyini izah etməli olursan. İstənilən halda bu təcrübənin nəticəsi olur, kimsə daha çox qazanır, kimsə daha az, amma media məktəbini bitirən insan artıq buranı başqa bir formada tərk edir.
– Media məktəbə seçim necə reallaşır? Kim qəbul olunur, kimsə yox?
– Adətən elan veririk. Məktəbə qəbul olmaq istəyən insanlar bizim elektron poçta CV yollayır, onlarla tanış olduqdan sonra hər birinə zəng edib müsahibəyə dəvət edirəm. Bəzən tam uyğun olmayanlar da olur, onlara sadəcə məktub yazıram. Bu da daha çox regionda yaşayan və ya başqa səbəbdən bizim tələblərə cavab verməyən insanlar olur. Açığı, məktəbə gəlmək istəyən insanın ən azı azad vaxtı olmalıdır, hansısa işdə bütün günü çalışan bir kəslə necə məşğul olasan? İşi olmayan və ya tələbə olan jurnalistləri dəvət edirəm. Özü də qeyri-peşə sahəsindən gələnlər də az deyil, çünki burada daha çox marağın olmağı əhəmiyyətlidir.
Doğrudur, haradasa çalışan, amma bizim məktəbi bitirən də olur. Amma bu halda gərək çalışdığı yerin rəhbərliyi ilə həmin zamanı razılaşdıra. Görüşdüyüm insanlara sadə suallar verirəm, deyirəm özündən danış, nə işlə məşğulsan, hansı layihədə olmusan, nəyi bacarırsan, nəyi yox. Qəbul olmaq üçün bacarığın olması əsas deyil. Bir neçə əsas tələbimiz olur: namizəd həvəsli və azad vaxtı olmalıdır. Xarici dil biliyinin olması bəyənilir. Müasir dövrün jurnalisti xarici dili mütləq bilməlidir, xüsusilə də Azərbaycanda daha çox istifadə olunan ingilis və rus dilini bilmək iş tapmaq məsələsində namizədin köməyinə gəlir.
İki ay məktəbə gəlmək tələbi də elə-belə düşünülməyib. Gündəlik jurnalist işi olmasa, heç bir normal nəticə olmayacaq. Tələbələrə deyirəm, ya hər gün yanıma gəlirsiniz, elə buradaca mənimlə birgə çalışırsınız, ya da gəlmədiyiniz gün yenə də jurnalist işi ilə məşğul olursunuz. Məsələn, tədbir var, ora gedib xəbər hazırlayırsınız, ya müsahibə götürüb onu yığırsınız.
– Nə kimi çətinliyininz olur?
– Əsas çətinliyim insanların özü ilə bağlıdır. Psixoloji problemi, bir ətək kompleksi olan tələbələrlə işləməyə məcburam. Küçə sorğusu kimi sadə bir tapşırığın öhdəsindən çox az adam qaydasında gəlir. Yəni jurnalist  küçəyə çıxıb əlində diktofon və ya mikrofon insanlara yaxınlaşmaqda heç bir problem duymamalıdır. Kimi dindirirsən, deyir, müəllim, burada nə var, gedib sorğu keçirərəm. Amma sonra sorğuya baxanda məlum olur, ətrafından, dost-tanışdan və ya qohum-əqrəbadan açıqlama alınıb. Küçədə tanımadığın kimsədən açıqlama almaq hər adamın bacardığı iş deyil. Həm gərək normal nitqin olsun, həm də komplekslərdən uzaq olasan. Bəzi tələbələrə deyirəm, problem varsa, gedin marketdə satıcı işləyin, sizi buxovlayan yükdən azad olun. Qızların bəzisi utanır, amma buna qalib gəlməlisən. Hətta hansısa ekspertə telefonla zəng edib adi bir sual verməkdə nə qədər çətinlik çəkən jurnalist var.
Hesab edirəm, işim təkcə jurnalistika ilə tamamlanmır, tələbənin psixoloji problemlərinin həllində yardım etməli oluram. Həm də bu işin bir hissəsidir, çünki məktəbə gələn gənclərin işi uğurlu gətirsəydi, ya bacarıq və təcrübə kifayət qədər olsaydı, mənə ehtiyac olmazdı. Elə kompleksi və ya psixoloji problemi olan insanlara təcrübə keçməli oluram. Bunun öhdəsindən gələnlər artıq bir neçə aydan sonra özlərini təsdiqləyə bilirlər.
– Media məktəbini bitirənlərin taleyi necə olur? Agentlik kimisə işlə təmin edirmi?
– İlkin mərhələdə “Report” agentliyində işlə təmin olunmaq fikrini ortaya qoymuşduq. Yəni elan edirdik, kim özünü yaxşı tərəfdən göstərə bilsə, ya işlə təmin olacaq, ya da kənardan əməkdaşlıq edə biləcək. Amma praktika göstərir ki, bu pis ənənədir. Belə bir söz verilirsə, tələbələr tədrisdən çox daha çox kimin işə götürüləcəyi və ya götürülməyəcəyi barədə düşünürlər. Elə iş söhbəti daim davam edir. İndi tələbəyə əvvəldən deyirəm, mən burada işədüzəltmə şirkəti deyiləm, yalnız sizin gələcək taleyinizə təsir edə bilən bilik və bacarığı tədris edirəm. Eyni zamanda hər tələbəmə deyirəm: mənim məqsədim sizin işlə təmin olunmağınızdır, elə-belə jurnalistikadan danışmaq deyil. Yəni gəldin bu məktəbdə praktika qazandın, daha sonra da davam edirsən, imkanım olan kimi mən də yardım edəcəyəm. Mənə müraciət çox olur, işçi lazım olanda soruşurlar, əgər tələbəmin səviyyəsi həmin təklif olunan mövqeyə uyğundursa, mütləq məsləhət bilirəm.
Report Media Məktəbini bitirən məzunların çoxu özünə iş tapa bilib. Özü də aparıcı KİV-də. Televiziyada, agentlikdə və ya saytda çalışan hər bir tələbəmin sonrakı taleyini diqqətlə izləyirəm. Eləsi var hələ tələbədir, yarım gün oxuyur, digər yarım günü artıq jurnalist kimi çalışır. Hətta aralarında çox dərin yazıları olan köşə yazarı da az deyil. Yəni müstəqil fikir sahıbi olan tələbələrim var. Hər birinə deyirəm, kimsə bu məktəbdən sonra özünə iş tapacaq, kimsə isə hələ çox çalışmalıdır, amma nəticə mütləq olacaq. Əlbəttə, bizim məktəbin məzunları “Report”da da çalışırlar. Boş vakansiya oldusa, deməli uyğun olan məzunu dəvət edirik.
– Layihənin daha uğurlu olması üçün nə lazımdır? Gələcək planlarınız barədə nə deyə bilərsiniz? 
– Report Media Məktəbi jurnalist çevrəsində və informasiya mühitində kifayət qədər maraq doğurub. Layihənin daim inkişaf edən tendensiya üzrə davam edəcəyini düşünürəm. İnternet dünyanın informasiya mühitini bizim də gözləmədiyimiz, bilmədiyimiz istiqamət üzrə qlobal formada dəyişib. Tələbələrə tez-tez deyirəm: şərt məhz jurnalist olmaqda deyil, bizim sfera artıq jurnalistikanın sərhədlərini aşıb. Multimedia, infoqrafika, bloqçuluq, PR, sosial mediada fəaliyyət, media monitorinq kimi maraqlı işlər var. Əgər jurnalist məlumatı infoqrafikanın və ya adi bir qrafikin vasitəsi ilə çatdıra bilirsə, o yazı yazmaya bilər. Hazırda olduqca geniş yayılan data jurnalistika araşdırmaçı jurnalistin işinə olduqca yararlıdır. Yardımçı proqramları mənimsəyərək böyük həcmdə məlumat bazasından nə qədər maraqlı fakt ortaya qoymaq olar.
Əgər əvvəl bütün hesablamalar dəftər-qələmin hesabına aparırdıqsa, indi texnologiyanın köməyi ilə bir çox problemi həll etmək olar. Ekspertin Azərbaycanda və ya xaricdə olmasının da əhəmiyyəti yoxdur, səs faylı bir neçə dəqiqəyə ünvanına çatacaq. Tələbələrə deyirəm, məhz jurnalist olmağa ehtiyac yoxdur, siz lap məşhur bir adamın PR meneceri də ola, ya məşhur bloqçu kimi tanına bilərsiniz. Vacibi işi necə yerinə yetirməkdir.
Layihənin uğuru, məncə, media bazarının daha inkişaf etməsinə bağlıdır. Bazar inkişaf etdikcə, ortaya yeni tələblər qoyulacaq. İstərdim ki, məktəbi bitirən hər bir kəs həm xarici dil biliyi yüksək olsun, həm multimediadan başı çıxarsın, tez və operativ xəbər hazırlamağı da bacarsın. Bu baqajla da özünə münasib karyera qura bilsin. Gələcəkdə biz daha çox müasir texnoloji imkanlara uyğun işləməyi bacaran insanları “Report” Media Məktəbində görmək istərdik. Ümumi hazırlıq yüksək olursa, bizim də işimiz asanlaşır.
Tədris proqramını daha çox multimedia imkanlarına yönəltməyi düşünürük. Gələcəyin jurnalistikası buna bağlıdır. Maraqlı görüşlərimiz də az olmayacaq. Hər halda axtarışdayıq, vəziyyətə uyğun media məktəbini inkişaf etdirəcəyik. (Qaynarinfo)
 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO