Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və dövlət sərhədinin pozulması hallarına qarşı mübarizə istiqamətində əməliyyat-qoşun tədbirləri davam edir.
Rakus.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən verilən məlumata görə, dekabrın 22-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Ağalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan 1 nəfər şəxs saxlanılıb, sərhəd pozucusunun Biləsuvar rayonu Zəhmətabad kənd sakini Dadaşlı Pərvin Ziyafət oğlu olması məlum olub. İlkin araşdırma zamanı onun 20 dekabr tarixində dövlət sərhədini Azərbaycan-İran istiqamətində pozması müəyyən edilib.
Dekabrın 26-da DSX-nin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Xaçmaz rayonunun Zeyxuroba kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozan 1 nəfər şəxs saxlanılıb, sərhəd pozucusunun Pakistan vətəndaşı 1991-ci il təvəllüdlü Əli Yasif Pakistani olması müəyyən edilib.
Dekabrın 27-də DSX-nin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Balakən rayonunun Mazımçay kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozan 1 nəfər şəxs saxlanılıb, sərhəd pozucusunun Əlcəzair vətəndaşı 1986-cı il təvəllüdlü Muhəmməd Şərif olması müəyyən edilib.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.